Azərbaycanın pandemiyaya qarşı birlik çağırışı

Müəllif: Vasif Hüseynov

BMT-dən sonra ikinci böyük təşkilat olan Qoşulmama Hərəkatının hazırkı sədri Azərbaycan koronavirus pandemiyasına qarşı qlobal mübarizədə fəal rol oynayır. Azərbaycan hökumətinin təşəbbüsü ilə ötən ilin mayında təşkilatın tarixdə ilk dəfə videokonfrans vasitəsilə ilə Zirvə görüşü keçirilib.

Sammit pandemiyaya qarşı mübarizədə beynəlxalq həmrəyliyə və qarşılıqlı dəstəyə töhfə verməli idi. Hər halda, Zirvə görüşü Avropa, Asiya, Afrika və Latın Amerikası daxil olmaqla, müxtəlif ölkələrin liderləri arasında müzakirələrin aparılmasında unikal platforma idi. Onu giriş sözü ilə Azərbaycan prezidenti İlham Əliyev açmışdı. Prezident pandemiya və qlobal iqtisadi böhranın yaratdığı çətinliklərin öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyin vacibliyini vurğulamışdı. Dövlət başçısı Azərbaycanın pandemiyaya qarşı mübarizədə beynəlxalq həmrəyliyə sadiq olduğunu təsdiqləmiş, pandemiya dövründə yardıma ehtiyacı olan ölkələrə dəstəyin vacibliyini qeyd etmişdi.

“Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına əlavə olaraq 5 milyon dollar ianə ayırır. Bu vəsait bizimlə razılaşdırılmaqla ən çox yardıma ehtiyacı olan Afrika, Asiya və Latın Amerikası regional qruplarından olan üzv ölkələr üçün nəzərdə tutulur”, - deyə İlham Əliyev bildirmişdi.

Qeyd edək ki, bu dövrdə Azərbaycan köməyə ehtiyacı olan ölkələri dəstəkləmək məqsədilə 30-dan çox dövlətə humanitar və maliyyə yardımı ayırıb. Məhz Qoşulmama Hərəkatının Zirvə görüşündən sonra Azərbaycan hökuməti daha böyük təşəbbüslə çıxış edib. Onun təşəbbüsü ilə BMT Baş Assambleyasının COVID-19 ilə mübarizəyə həsr edilən xüsusi sessiyası keçirilib. Bununla da Azərbaycan əslində, BMT-yə üzv ölkələrin pandemiya ilə mübarizəsinə başçılıq etməyə başlayıb. Hər halda, Bakının təşəbbüsü BMT-yə üzv olan 150-dən çox dövlət tərəfindən dəstəklənib. Məlum olduğu kimi, ötən il dekabrın 3-4-də BMT Baş Assambleyanın xüsusi sessiyası keçirilib.

“BMT Baş Assambleyasının xüsusi sessiyası təşkilata üzv olan dövlətlər üçün tarixi andır. Bu sessiyada vətəndaş cəmiyyəti daxil olmaqla, elmi ictimaiyyət və digər maraqlı tərəflər bir-birini dinləyə, həmçinin pandemiyanın çoxsaylı nəticələri ilə bağlı müzakirə apara bilər”, - deyə BMT Baş Assambleyasının sədri Volkan Bozkır 2 gün davam etmiş xüsusi sessiyada bildirib.

BMT-nin baş katibi Antoniu Quterreş isə pandemiyanın müxtəlif ölkələrdə ən çox əhalinin həssas təbəqəsinə zərbə vurduğuna diqqət çəkib. O, koronavirus pandemiyasının ən həssas məqamı, yəni dünyadakı bərabərsizliyi və ədalətsizliyi üzə çıxartdığını söyləyib: “Mən dəfələrlə bəyan etmişəm ki, COVID-19-a qarşı peyvəndlər hər kəs və hər dövlət üçün əlçatan olmalıdır”. O, bu prosesi mümkün edəcək qlobal mexanizmin hələ də maliyyələşdirilmədiyini vurğulayıb.

Azərbaycan prezidenti İlham Əliyev isə BMT Baş Assambleyasının xüsusi sessiyasında Qoşulmama Hərəkatına üzv olan 120 dövlətin adından çıxış edərək bildirib ki, vaksinə bərabər çıxışın təmin edilməsi pandemiyaya qarşı effektli cavab tədbirlərinin ayrılmaz hissəsidir: “COVID-19 əleyhinə bir çox vaksinlərin tədqiqatının davam etdiyi bir vaxtda biz kliniki sınaqların uğurlu nəticələrini gözləyir və ümid edirik ki, təhlükəsiz və təsirli vaksin tezliklə hazır olacaq və onun hamı üçün münasib qiymətə paylanılması təmin ediləcək”.

Bütün bunların fonunda müxtəlif ölkələr arasında pervəndlərin bölüşdürülməsi ilə bağlı fikir ayrılığı, prosesin gedişində ortaya çıxmış bərabərsizlik problemin nə qədər ciddi olduğunu göstərir. Bu məsələ ötən ilin dekabrında BMT Baş Assambleyasının xüsusi sessiyasında əbəs yerə gündəmə gətirilməyibmiş. Bu il yanvarın 22-dək artıq 52 dövlət vaksinasiya prosesinə başlayıb. Amma 142 ölkə kütləvi vaksinasiya proqramına hələ də start verə bilməyib. Peyvəndlərin əksəriyyətini zəngin dövlətlərin alması pandemiya nəticəsində iqtisadiyyat və səhiyyə sahəsində yaranmış böhranın aradan qaldırılması üçün beynəlxalq həmrəyliyi sual altına qoyur. Məsələn, 67 milyon əhalisi olan Böyük Britaniya artıq müxtəlif şirkətlərdən 367 milyon doza vaksin sifariş edib. Bu, onun əhalisinin sayından qat-qat çoxdur. Kanada, Yeni Zenlandiya və Avstraliyanın vaksinlərlə bağlı əldə etdiyi materiallar isə bu ölkələrdə adambaşına 4 vaksin deməkdir. Bir sözlə, vaksinasiya məsələsində ədalətsizlik ortadadır. Bu, ciddi narahatlıq yaradır.

Beynəlxalq təşkilatlar xəbərdarlıq edir ki, 80-dən çox kasıb ölkənin 2024-cü ilə qədər kütləvi vaksinasiya prosesinə start vermək imkanı olmaya bilər. Bundan başqa, bu dövlətlərin əksəriyyətində vaksinasiya prosesinin 2021-ci ildə başlayacağı ehtimalı da çox azdır.

Məhz bu səbəbdən Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycanın prezidenti İlham Əliyev kasıb ölkələrin ehtiyaclarına məhəl qoymayan dövlətləri qınayıb. O, yerli televizya kanalına müsahibəsində Böyük Britaniya ilə Avropa İttifaqı (Aİ) arasında vaksinlərin alınması prosesi ilə bağlı fikir ayrılığının olduğuna istinad edərək deyib ki, “Böyük Britaniya vətəndaşlarının 13%-i artıq peyvəndi alıb, Avropa İttifaqı vətəndaşları isə 2%. Əgər belə gedərsə Böyük Britaniya əhalinin 75%-ni iyul ayına qədər vaksinlə təmin edəcək, Avropa İttifaqı isə oktyabr ayına qədər”.

“Onda başqa ölkələr nə fikirləşməlidir? Kasıb ölkələr, inkişafda olan ölkələrin vətəndaşları, bəs onlara kim kömək göstərəcək? Bu haqda düşünülmür? Mən inkişaf etmiş bir çox ölkələrin liderlərindən bu günə qədər bu çağırışları eşitməmişəm”, - deyə Azərbaycan prezidenti bildirib.

O, zəngin ölkələri beynəlxalq həmrəylik prinsiplərinə sadiq qalmağa çağırıb. İlham Əliyev qeyd edib ki, “biz neomüstəmləkəçilik dövrünü qeyri-rəsmi müşahidə edirik, yaxud da ki, elan edilməmiş müstəmləkəçilik, bunun başqa adı yoxdur”. Azərbaycan prezidenti yaranmış vəziyyəti “eqoizm və vicdansızlıq” kimi xarakterizə edib.

0
420
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar