• Şikayət et

Baydenin uzatdığı şokolad Tehranın ağzında acı tam verib –XÜSUSİ ELÇİDƏN GÖZLƏNİLMƏZ BƏYANAT

Əziz Rzazadə

Strateq.az, 10.03.2021

Bu ilin iyun ayında İranda keçiriləcək prezident seçkiləri Bayden administrasiyasının Tehranla nüvə danışıqlarını necə davam etdirmək haqqında qərarIna təsir etməyəcək. Bu, ABŞ Dövlət Departamentinin İran üzrə xüsusi elçisi Rob Mallinin vəzifəsinin icrasına başladıqdan sonra “Axios”-a verdiyi ilk eksklüziv müsahibəsində bildirilib.

Açığı, Mallidən belə bir açıqlama gözlənilmirdi. Daha çox ehtimal olunan təxminən 5 ay ömrü qalmış Həsən Ruhani hökumətinin gedişindən sonra Bayden administrasiyasının Tehrandakı yeni administrasiyanı əvvəlcə dişə vurması və nəticəyə əsasən hərəkət etməsi idi.

2015-ci il nüvə sazişini imzalayan və ABŞ-la diplomatik əlaqəni dəstəkləyən hazırkı İran prezidenti Həsən Ruhani və xarici işlər naziri Məhəmməd Cavad Zərifi mühafizəkar qrupun əvəzləyəcəyi əksəriyyətdə şəkk doğurmur. Buna görə də, növbəti İran prezidentinin ABŞ-la nüvə diplomatiyasına şübhə ilə yanaşacağı daha çox ehtimal olunur.

Tehranda hətta alınları qırışdıran çağırışlar səslənir: sazişdən tam imtina və nüvə silahına yiyələnmə. Bəlkə də məhz bu çağırışlar Ağ Evin gözünü qorxudub.

Rob Malli bildirib: “Müzakirələrimizi İran seçkiləri müstəvisində qurmaq niyyətində deyilik. Onun tempi ABŞ-ın öz milli təhlükəsizlik maraqlarını qoruması ilə təyin ediləcək. Başqa sözlə, İran seçkilərinə görə nə tələsəcək, nə də işləri ləngidəcəyik”.

Beləliklə, Robert Malli ABŞ-ın İranla nüvə sazişinə qarşılıqlı qayıdışa nail olmaq üçün ciddi diplomatik prosesə hazırlığını açıq şəkildə bildirib.

Malli deyib: “Bizcə, birbaşa danışıqlar daha təsirlidir, çünki bu, anlaşılmazlığın aradan qalxmasına yol açır, üstəlik, bizim üçün məzmun formatdan daha vacibdir”.

Bayden administrasiyası İran üçün bəzi sanksiyaların yüngülləşdirilməsini yalnız tərəflər arasında danışıqların bərpasından sonra və yalnız qarşılıqlı prosesin başlayacağı halda hazır olacaq.

“ABŞ-ın sanksiyalarla bağlı mümkün addımları masada ola bilər, ancaq istənilən halda İranla birbaşa və ya dolayı söhbətə başlamalıyıq”. Bunu Dövlət Departamentinin anonim qalmaq istəmiş digər rəsmisi söyləyib. O əlavə edib: “Prezident sanksiyaların ləğvi məsələsində birtərəfli addımlar atmayacaq”.

Qarşı tərəfdə ABŞ-la yenidən təmas artıq soyuq cavabla qarşılanıb.

İranlılar məhz ABŞ-dan ilk addımı atmağı tələb edirlər, lakin prezident Bayden İranın nüvə sazişinə tam uyğunlaşması olmadan, təktərəfli qaydada sanksiyaların yüngülləşdirilməsi tələbinin icrasına meylli deyil.

Tramp administrasiyası üzvləri də vaxtilə iranlı vəzifədaşları ilə görüşmək üçün bir neçə dəfə müraciət edib, lakin İran sanksiyaların yüngülləşdirilməsinə qədər ABŞ rəsmiləri ilə ünsiyyətə “yox” deyib.

Bununla belə, Co Bayden seçkiöncəsi vədinin yerinə yetirilməsinə qərarlıdır.

Yaxşı, bundan sonra nə olacaq?

Hələlik bunu demək çətindir, amma Dövlət Departamentinin İran komandası yavaş-yavaş formalaşır. Rob Malli 2015-ci il sazişinə səbəb olan danışıqlar zamanı ABŞ danışıqlar qrupunun üzvü olmuş sanksiya mütəxəssisi Riçard Nefyunu özünə köməkçi götürüb. Komandanın digər üzvü Barack Obama dövründə müqavilənin həyata keçirilməsinə rəhbərlik edən Carret Blankdır. Komandaya yeni üzvlərin əlavə ediləcəyi gözlənilir.

İran prezidenti Həsən Ruhani martın 10-da bir daha bildirib ki, “öhdəliklərimizi ətraflı şəkildə yerinə yetirməyə hazırıq, lakin məhz ABŞ sazişin icrasına doğru ilk addımı atmalıdır”. O, yəqin ki, İrana 2015-ci ilin nüvə sazişini bəxş etmiş şəxs kimi, vəzifəsindən gedişini də müqavilənin bərpası və sanksiyaların ləğvi ilə yaddaşlara həkk etmək istəyir.

İndi Tehranda qulaqlar daha çox prezidentliyə mümkün namizədlərin açıqlamalarına şəklənib. Ehtimal olunan namizədlərdən biri – Məsləhət Şurasının katibi Möhsün Rezayi bildirib: “Sanksiyaların təsirsiz hala gətirilməsi və ləğvi Ali Rəhbərinin təlimatları çərçivəsində aparılmalıdır və yalnız bu çərçivədə qəbul edilə bilər”.

Rezayi “ABŞ və Avropa İttifaqının müqavilə şərtlərini pozduğuna görə hər iki tərəfdən beynəlxalq məhkəməyə şikayət edilməsinə çağırış edib.

“Bir şokolad verməklə, etimad geri qaytarılmır”, – deyə Möhsün Rezayi ABŞ-ın açıqlamaları ilə Tehranın şirniklənməyəcəyinə eyham vurub.

Mənbə:
0
7142
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar