"Bu gün Azərbaycan mətbuatında çox az sayda əkinçi var, biçinçilərlə yeyimçilərsə..."

ZƏRDABLANDIĞIMIZ GÜN
 
"Çağırıram gəlmir, göstərirəm görmür, deyirəm qanmır". Azərbaycan Milli Mətbuatının banisi Həsən Bəy Zərdabinin öz toplumu ilə mübarizəsinin qısa şüarı bundan ibarət idi. Milli Mətbuat Günü Həsən bəy adlı bir Aydınlıq Günəşi ilə bağlıdır. Gün demək, Günəşin insan həyatı üçün faydalı təzahürü deməkdir. Gün, Günəşdən ötürülən çox kiçik enerjidir ki, Yer Kürəmizi aydınladır. 
1875-ci ildə Gün işığına çıxan "Əkinçi" kodu altında öz tükənməz enerjisi ilə şumladığı torpağın hər qarışından məhsul götürəcəyinə böyük ümid bəsləyirdi. Düşünürdü ki, Günəş varsa, Torpaq varsa, canlı toxum varsa, daha nə lazımdır ki, hərtərəfli yetkin bir toplum yetişsin. Ancaq nəzərə almamışdı ki, bu torpağın alt qatında toplumun yaşadığı, anladığı dinin daşlı-gilli cəhalət, xurafat qarışığı var. Və o qarışığın hesabına Həsən bəy arzuladığı məhsulu götürə bilmədi. 
O, qəzet işinə söz əkinçiliyi kimi baxırdı. Toxumu səpirsən, hər qarışından cücərtilər boy verəcək. Ancaq torpağın və toplumun tərkibində hansı qarışığın olması çox önəmlidir. Yenə də şükürlər olsun ki, bu Günəşin yanğısının hesabına ayrı-ayrı vaxtlarda Günün əkinçiləri yetişdi. Onlar da durmadan toxumları səpdilər. Bu günümüzdə nələrsə yaxşı-pis cücəribsə, həmin əkinçilərin iztirablarının, alın tərinin və istedadının nəticəsidir.
Bizdə bu peşənin insanlarına jurnalist deyirlər. Əsrin əvvəllərində qəzetçi deyərdilər. Fikrimcə, qəzetçi daha uyğundur. Türkiyədə də qəzetəçi ifadəsi yayğındır. Həm də birini digərindən fərqləndirmək üçün "usta qəzetəçi" ifadəsini işlədərlər. Bizdə bu təqribən "peşəkar jurnalist"ə ekvivalent ifadədir. Ancaq ən prestijlisi də "əməkdar jurnalist" ifadəsidir. Çünki bunun arxasında rəsmi tanınma sənədi var. 
Mənim qəzetçilərə baxışım belədir: usta qələm əhli, peşəkar qəzetçi və kar qəzetçi. 
Birincilər sadəcə bu peşədə özəl istedad sahibləridir və təkrarolunmaz yazı üslubları, peşə əxlaqı və idealizmi ilə fərqlənirlər. İkincilər vərdiş və təcrübə ilə bu peşədə məskunlaşıblar, öz işlərini yaxşı bilirlər, nəyi eşidib, nəyi eşitməməyi xüsusən yaxşı bilirlər. Peşə ilə karlığın sintezini qurmağı bacaranlardır. Həmişə "tərəqqi"dədirlər. 
Üçüncülər isə, bu sahədə özlərini eşitməzliyə qoyublar, istedadsızlıqdan narahat deyillər, imtiyaz və növbə məsələlərində həssasdırlar, peşənin içində usanmadan yaşayırlar. 
Bu gün Azərbaycan mətbuatında çox az sayda əkinçi var, biçinçilərlə yeyimçilər mütləq çoxluğu təşkil edirlər. Ona görə də toplumu dəyişməyə, yeniləşdirməyə, nimdaş dəyərlərini söküb dağıtmağa risq edən idealistləri görəndə sevinirsən, təsəlli tapırsan. 
Həsən bəyin "əkinçi"liyinin bir maraqlı məqamı da var. İyul ayları bizim coğrafiyada əkin vaxtı deyil. Nə yazlıq əkinin, nə də payızlıq əkinin vaxtına uyğundur. Gecikməyin səbəbi münbit torpağın, yəni sağlam düşüncənin olmaması idi. Hələ Qori müəllimlər seminariyasının da Azərbaycan bölməsi fəaliyyətə başlamamışdı. Ermənilərin, gürcülərin məktəbləri də vardı, qəzetləri də. Ona görə də Azərbaycan tarlasına bu toxum virtual olaraq Tiflisdən səpilmişdi. Həsən bəy qəzet savaşında ənənəvi olaraq yalnız rusla, gürcü ilə, erməni ilə üz-üzə deyildi. Öz doğma qaragüruhu ilə üz-üzəydi. Bəlkə də buna görə Həsən bəy Məlikovdan daha çox onu həm dünənin, həm də günümüzün şərtlərində Zərdabi olaraq tanımaq, tanıtmaq daha məntiqlidir. Bu adın bir bölgə ilə əlaqələndirilməsini təsadüfi də saymaq olar. Zərdab sözü dilimizdə ilan zəhərinə qarşı müqavimət formalaşdırmaq üçün vurulur. Həsən bəy həm də bizim millətin cəhalət və nadanlıq tarixinə vurulmuş bir zərdabdır. Dünən də, bu gün də az sayda da olsa bu zərdabın təsir gücünü mövcudluğunda qoruyan insanlarımızın hesabınadır müstəqil dövləti qorumaq ruhu, milləti müasir dəyərlərə daşımaq ruhu... Milli Mətbuat günü həm də  çevrədəki erməni və erməniyəbənzər ilanlarla birgə yaşamaq və ayaqda qalmaq üçün zərdablandığımız gündür. 
Mən bilmirəm Həsən bəy Zərdabidən yüz il sonra daha nələri mənimsəyəcəyik, ancaq başlığa çıxardığım çağırışı qaragüruha təslim olmuş ziyalılarımızın sayı artdıqca hökmən təkrarlayacağımızdan əminəm: "Çağırıram gəlmir, göstərirəm görmür, deyirəm qanmır".
Günümüz aydınlıq olsun. Zərdab vurulan Günümüzü deyirəm.
 
Fazil Mustafa, Millət vəkili
 
0
103
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar