Daha heç nə əvvəlki kimi olmayacaq: İran nədən xoflanır? - TƏHLİL

44 günlük İkinci Qarabağ savaşının nəticələri bölgədə tamamilə yeni konfiqurasiyalar yaradıb. Artıq heç nə öncəki kimi deyil və olmayacaq. Azərbaycanın qələbəsi ilə yeni reallıqlar formalaşdırılmaqdadır. Yeni reallıqlar isə bəzi qonşu ölkələrin, xüsusən də İranın strateji maraqlarına cavab vermir. Əslində, savaşın ilk günündən başlayaraq, tərəfləri sülhə dəvət etməklə Tehran savaşın nəticələrini və regionda yeni reallıqların yarana biləcəyini hesablayırdı. İranı ən çox qorxudan isə Zəngəzur dəhlizi ilə bağlı yaranacaq vəziyyət idi.

2021-ci ilin aprelində ADA-da çıxış edərkən Azərbaycan Prezidenti İlham Əliyevin bu dəhlizin İran-Ermənistan sərhədini aradan qaldırmayacağı barədə verdiyi ətraflı izahat da Tehran üçün kifayət etməyib. Aydın məsələdir ki, İranı ən çox maraqlandıran məsələ Azərbaycanın əsas ərazisinin Naxçıvan və Türkiyə ilə bağlanacaq dəhlizin yaranmasıdır. Hələ 44 günlük savaşdan xeyli öncə, ötən ilin yanvarında İran dövlət televiziyasında bölgədə türk zolağının yaranmasının İslam Respublikası üçün ciddi təhdid olduğu bəyan edilmişdi. İran yeni dəhlizin yaranması və ona Tehranın nəzarət edə bilməyəcəyi barədə çoxdan narahatlıq keçirirdi.

Digər tərəfdən, İran təkcə Ermənistanla sərhədlərini “itirəcəyinə” görə narahat deyil, daha çox işğaldan azad edilmiş 132 kilometrlik sərhəd əlindən çıxdığına görə də qəzəblidir. Bəs necə? Azərbaycanın işğal altında olan ərazilərində İran bu illər ərzində özünü “ev sahibi” kimi aparırdı. 2017-ci ildə Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edən rus millətçisi, yazıçısı Eduard Limonov bu ərazilərdə İran yük maşınlarının həddən ziyadə çox olduğunu bildirirdi.

Qarabağın işğalından İran həmişə bəhrələnmək istəyib. İşğal altında olan ərazilərdə Azərbaycan məscidlərinin “İran irsi” kimi təqdim olunması, memarlıq abidələrinin “iranlaşdırılması” da Tehranın əsl mahiyyətindən xəbər verirdi.

Bu gün isə İran öz sərhədlərinə Azərbaycan tərəfdən təhlükə olduğunu iddia edir. İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bu gün Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşdə bunu növbəti dəfə bəyan edib. Diplomata yaraşmayan, dedi-qodu səviyyəsindən o yana keçməyən açıqlamasında iranlı nazir yenidən bildirib ki, Cənubi Qafqaz regionunda geosiyasi dəyişikliyə və xəritələrin dəyişməsinə dözməyəcəklər, regionda terrorçuların və sionistlərin mövcudluğundan ciddi narahatlıqları var. Abdullahian bir az da uzağa gedərək Azərbaycanın öz ərazisində müxtəlif ölkələrlə (Türkiyə və Pakistan nəzərdə tutulur) təlimlər keçirməsini təxribatçı fəaliyyət adlandırıb. Belə görünür ki, Azərbaycanın 44 günlük müharibədə Ermənistanın başını “Dəmir yumruq”la əzməsinin müttəfiqi İranda açdığı yaranın izləri çox dərindir. Azərbaycan Prezidentinin heç bir ölkəni, o cümlədən İsraili öz ərazilərinə, İranla sərhədə gətirmək niyyətində olmadığını rəsmi şəkildə bəyan etməsi, eləcə də İsrailin Rusiyadakı səfirinin İran tərəfinin bu iddialarını böyük axmaqlıq və cəfəngiyyat adlandırması da Tehrana dərs olmayıb. Burdan bir daha təsdiq olunur ki, İranın dərdi başqadır. Məsələ Azərbaycanın hansısa ölkələrlə birgə təlim keçməsi, yaxud terror və sionizm təhlükəsi deyil.

Xatırladaq ki, Azərbaycanın İranla dövlət sərhədi 765 kilometrdir. Onun yalnız 132 kilometri işğal nəticəsində nəzarətsiz qalmışdı. İndi İranla bütün sərhədboyu ərazilərə Azərbaycan sərhədçiləri nəzarət edir. Azərbaycan sərhədlərinə nəzarəti bərpa etməklə üçüncü tərəfə qarşı mənfi niyyət güdmür. Bakı bu məsələdə iqtisadi maraqlarını önə çəkir. Araz çayı boyunca sərhəd bölgəsinin işğaldan azad olunması Azərbaycan üçün həm siyasi, həm də iqtisadi baxımdan strateji əhəmiyyət daşıyır. Araz çayı üzərində həm elektrik alınması, həm də suvarma üçün su bəndləri tikilməsi Azərbaycana faydalı olduğu qədər də İrana faydalı ola bilər.

Bunun fonunda İranın ali rəhbəri Ayətullah Xameneinin və digər rəsmi şəxslərin Bakıya qarşı verdikləri bəyanat isə anlaşılan deyil. Bu bəyanatları verməzdən əvvəl İran rəsmiləri yaxşı olardı ki, bu illər ərzində öz davranışlarına diqqət yetirəydilər. Azərbaycan əraziləri işğalda olduğu müddətdə İranın nümayiş etdiyi naqis münasibət bir yana, 44 günlük savaşda tutduğu mövqe də Tehranı ofsaydda qoyub. Bu gün isə Azərbaycanla həmsərhəd bölgədə ard-arda hərbi təlimlər keçirən İran zorla özünü oyunçular siyahısına salmaq istəyir. Lakin Tehran unudur ki, artıq yeni formatlar yaranır, bunu qəbul etməlidir. İran isə Azərbaycanın qələbəsi sayəsində regionda yaranmış yeni reallıqla barışmaq istəmir və bunun günahını absurd bir şəkildə Bakıda görür.

44 günlük savaşdan sonra Türkiyənin bölgədə artan nüfuzu da Tehranı vahiməyə salır. Əslində, Azərbaycanın bütün qonşuları ilə normal münasibətləri mövcuddur. Türkiyə ilə Azərbaycan strateji müttəfiqdir. Rusiya amili də Azərbaycanın xarici siyasətində həmişə xüsusi yer tutub. Rəsmi Bakı bu istiqamətdə çox uğurlu və davamlı siyasət apararaq Moskva ilə əlaqələri daha da gücləndirə bilib. Rusiya Cənubi Qafqazda yalnız Azərbaycanla bərabərhüquqlu tərəfdaş kimi davranır və onun maraqlarına qarşı çıxmır. Rəsmi Bakının ABŞ və Avropa ölkələri ilə də münasibəti normaldır. Enerji sahəsində strateji əməkdaşlıq yüksək səviyyədədir. Bakı təhlükəsizik məsələlərində də Qərblə əməkdaşlıq edir. Azərbaycan Avropa İttifaqının 9 ölkəsi ilə strateji tərəfdaşlıq sazişi imzalayıb. Bu, ölkə üçün böyük uğurdur. Prezident İlham Əliyev bu gün Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunmuş rəhbərinin etimadnaməsini qəbul edərkən də ölkəmizin Avropa İttifaqı ilə sıx şəkildə işlədiyini, müxtəlif sahələrdə yaxından əməkdaşlıq etdiyini vurğulayıb.

Azərbaycan faktiki olaraq Tehranla da dostluq əlaqələrini möhkəmləndirmək üçün bütün addımları atıb. Təəssüf ki, son zamanlar Tehran münasibətləri “soyuq savaş” müstəvisinə transfer etməyə çalışır.

Onu da nəzərə almaq lazımdır ki, Zəngəzur dəhlizi yalnız regional deyil, beynəlxalq əməkdaşlıq üçün prinsipial rol oynaya bilər. Məsələn, Çin üçün bu dəhlizin "Bir qurşaq, bir yol" layihəsi çərçivəsində əhəmiyyəti böyükdür. Beləliklə, yuxarıda vurğulanan məqamlar bir daha təsdiq edir ki, Azərbaycan Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradıb. İran isə özünü yeganə güc kimi təqdim edir və bu, bölgə ölkələrinin etirazına səbəb olur.

Burada bir faktı da vurğulamaq lazım gəlir. Birinci Qarabağ müharibəsi zamanı Vaşinqton Rusiya-Ermənistan-İran-Suriya xəttinin aradan qaldırılması və yalnız öz enerji maraqları üçün planlaşdırdığı “Qobl planı”nı irəli sürdü. Plan ABŞ və İran arasında kəskin qarşıdurma zamanı irəli sürülmüşdü.

İran-İraq müharibəsindən sonra Tehranın regionda öz nüfuzunu bərpa etmək istəyi, SSRİ-nin dağılmasından sonra ABŞ-ın bölgəyə sızması və bu platformada Rusiyanın açıq istəkləri Azərbaycanı öz diplomatik missiyasını ustalıqla həyata keçirməyə məhkum edirdi. Regionda Qərb, Rusiya və İran oxları üzrə kəsişən maraqlar Azərbaycandan çevik oyun tələb edirdi. Qərbin bölgəyə daxil olduğu kritik vəziyyətdə İran kimi teokratik bir dövlətlə balanslı siyasət yürütmək asan deyildi. Lakin Bakı o zaman da Tehranın maraqlarını nəzərə aldı.

İran Qarabağ danışıqlarında da əsas fiqur olmaq istəyib. İranın Qarabağda ilk vasitəçilik missiyası 1992-ci il fevral ayının 24-də başlayıb. XİN rəhbəri Vilayəti fevral ayında Bakı, İrəvan və Qarabağa səfərlər edib. Nəticədə, Vilayətinin danışıqlarından sonra, hər iki tərəfin yüksək vəzifəli nümayəndələri İran hakimiyyəti ilə danışıqlar və məsləhətləşmələr üçün müvafiq nümayəndə heyətləri ilə Tehrana səfər edib. Ermənistan Tehranın Qarabağ münaqişəsində vasitəçilik səylərinin əsas məqsədi onun iştirakı ilə münaqişəni nizamlamaq, regiona ABŞ-ın daxil olmasını əngəlləmək, bununla yanaşı, regionda Rusiya ilə paralel söz sahibi olmaq istəyi olub. İran bütün bunlarla yanaşı, əsasən də Qərbin regiona daxil olmasının qarşısını almaq üçün bölgədə bənzər quruluşun yaradılmasına İran inqilabının ixracı konsepsiyasının tətbiq edilməsinə çalışıb. Belə “vasitəçilik” nəticəsində Şuşa işğal olunub və bundan sonra “kənar oyunçu” hesab edilən İran haqlı olaraq bir daha danışıqlar prosesinə buraxılmayıb.

İran heç vaxt Azərbaycan torpaqlarının işğal edilməsinə görə Ermənistana qarşı sanksiyalar tətbiq etməyi tələb etməyib. İran öz geosiyasi, dövlət maraqları naminə, o cümlədən Rusiya-Ermənistan-İran-Suriya xəttinin saxlanılması və “Qobl planı”nın qarşısının alınması üçün Ermənistanla yaxınlaşıb və Tehran İrəvanın əsas müttəfiqi olub. Bu gün isə vəziyyət dəyişib.

Artıq Rusiya, ABŞ, eləcə də digər ölkələr regionda yaranmış yeni reallığı qəbul edir. Müharibədə məğlub olmuş Ermənistan belə bununla razılaşıb, özünü yeni reallığa uyğun aparmağa başlayıb. Belə olan halda, İran cığallığını davam etdirməklə özünü gülünc vəziyyətə salır.

APA Analytics

Mənbə:
0
308
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar