• Şikayət et

“Danışıqların bərpası Ermənistan üçün nəfəslik deməkdir” - ETİRAZ


Azərbaycan Prezidenti bu yaxınlarda ATƏT-in Minsk Qrupunun Rusiyadan olan yeni həmsədrini Bakıda qəbul eləmədi. O, yalnız xarici işlər naziri Ceyhun Bayramov səviyyəsində qəbula layiq bilindi. İndi isə Rusiya xarici işlər naziri Sergey Lavrovun açıqlamasına inansaq, belə çıxır ki, həmsədrlər artıq tam tərkibdə bölgəyə gəlmək, hətta “Şeytan yuvası” Xankəndinə getmək, bununla da separatçı tör-töküntülərinə, erməni separatizminə yeni nəfəs və legitimlik qazandırmaq fikrindədirlər.

Rəsmi Bakı onların Xankəndinə getməsinə icazə verərmi, verməlidirmi? Onlar oraya Azərbaycanın icazəsi olmadan, özbaşına necə, gedə bilərlərmi? Ümumiyyətlə, bizim Minsk Qrupu ilə bağlı incə taktikamız necə olmalıdır, madam hələlik onlardan tam imtina edə bilmiriksə? Mümkündürmü ki, onlar Bakıda Prezident səviyyəsində yox, Ceyhun Bayramov səviyyəsində də yox, məsələn, nazirin müavinlərindən biri səviyyəsində qəbul edilsin? Bununla da onlara bir daha anladılsın ki, özlərindən zorla “vasitəçi” düzəltməsinlər və status-filan söhbəti də əbədilik bitib.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı “Yeni Müsavat”a bildirdi ki, Prezident İlham Əliyev qələbədən sonra Minsk Qrupu ilə bağlı sərt və düzgün mövqe tutdu, həmin vasitəçilərə ehtiyac olmadğını açıq bəyan etdi: “Yaxşı olar ki, Azərbaycan əvvəldən nümayiş etdirdiyi bu düzgün və qətiyyətli mövqeyi sonadək davam elətdirsin. Biz Qarabağ Azadlıq Təşkilatı olaraq son 25 il ərzində Minsk Qrupunun, onun həmsədrlərinin fəaliyyətinin dayandırılması üçün çox çalışmışıq, hava limanında, onların toplaşdığı binaların qapşısında dəfələrlə aksiyalar keçirmişik, hətta mətbuat konfransı keçirdikləri zala daxil olaraq çıxıb getmələrini tələb etmişik. Onlar yarandıqları gündən ermənilərə xidmət edirlər. İndi də həmin xidməti davam etdirirlər. Siz də müşahidə edirsiniz ki, həmsədrlərin fəaliyyətinin bərpa olunmasını xüsusi canfəşanlıqla Ermənistan tələb edir, havadarlarından bu məsələnin gündəmə gətirilməsini xahiş edirlər.

Azərbaycan son günlərdə Minsk Qrupu məsələsində sanki bir qədər yumşalıb. Məncə, qətiyyətli mövqedə qalmalıyıq. Siz sualınızda deyirsiniz ki, Azərbaycan həmsədrləri aşağı diplomatik səviyyədə qəbul etsin. Bu, yaxşı olardı. Yaxşı olar ki, həmsədrlər nazir müavini səviyyəsindən yuxarı qəbul edilməsin. Ola bilər ki, müəyyən diplomatık məqamlar var, amma biz bu məsələdə hər hansı güzəşti, yumşalmanı qəbul etmirik. İstənilən güzəşt sonrakı uğursuzluqlara yol açır. Azərbaycan öz sərt və haqlı mövqeyində qalmalı, həmsədrlərlə təmaslardan imtina etməlidir. Yumşalmağımız bizə yaxşı heç nə vəd etmir. Məsələnin ümidverici tərəfi odur ki, Prezidentimiz “status” məsələsində sərt mövqeyini davam etdirir, eyni zamanda həmsədrlərin fəaliyyət dairəsini müəyyənləşdirir ki, onlar yalnız etimad məsələləri, yolların açılması, sülh müqaviləsinin imzalanması kimi məsələlərə yardımçı olmalıdır. Yəni həmsədrlər burunlarını başqa məsələlərə soxmamalıdırlar. Bu, yaxşı haldır. Amma onları deyilən çərçivələrdə saxlamaq mümkün olacaqmı? Böyük ehtimalla, mümkün olmayacaq".

QAT sədri həmçinin hesab edir ki, digər tərəfdən, danışıqların bərpa olunması ermənilər üçün nəfəslik deməkdir: “Ermənilər nəticəsiz danışıqları mümkün qədər uzadıb vaxt qazanıb mövqelərini möhkəmlətməyə çalışacaqlar. Ona görə də bu cür danışıqlara razılaşmaq lazım deyil. Əgər razılaşmışıqsa, onda danışıqların uzadılmasına imkan verməməli, qısa vaxtda bitməsinə nail olmalıyıq. ”Düşməni yıxmısansa kəs!" Bu, min illərin sınağından çıxmış hikmətdir. O ki qaldı Qarabağa səfər məsələsinə Azərbaycan bu məsələdə xüsusi qətiyyət göstərməli və məsələ qoymalıdır ki, həmsədrlər Xankəndiyə gedəcəklərsə Azərbaycanın rəsmi razılığı alınmalıdır".

Politoloq Məhəmməd Əsədullazadə isə hesab edir ki, Minsk Qrupunun həmsədrləri regiona səfəri çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin görüşünü təşkil edə bilərlər: “Məhz Prezident İlham Əliyev də Fransa telekanalına verdiyi müsahibədə belə bir görüşə etiraz etmədiyini qeyd etdi. Ona görə də görünür, Azərbaycan öz şərtlərini qəbul etdirdiyinə görə həmsədrlərin regiona səfərinə etiraz etmir. Bu şərtlər əsasən, Ermənistan və Azərbaycan arasında mümkün sülh danışıqlarına töhfə vermək, Qarabağ məsələsini müzakirə etməməkdir.

Həmsədrlər Azərbaycanla Ermənistan arasında münasibətlərin qurulması istiqamətində vasitəçilik edəcək. Amma ABŞ və Fransa tərəfi bir müddətdən sonra “status” məsələsini gündəliyə gətirə bilər. Bu da növbəti dəfə iki ölkə arasında təmasların qurulmasının qarşısını alacaq. Minsk Qrupu öncə 10 noyabr Birgə Bəyannaməsinin yerinə yetirilməsinə çalışmalıdır. Əgər bu baş verməsə, ümumiyyətlə, bu formatdan imtina etmək lazım gələcək. Minsk Qrupunun iki ölkə liderlərini bir araya gətirməsi mümkündür. Əgər belə bir görüş təşkil olunacaqsa, prinsipcə Ermənistan tərəfi növbəti dəfə “status” məsələsinə qayıda bilər. Ümumiyyətlə, Bakı-Moskva-Ankara formatı çərçivəsində bu proses gedərsə, uğurlu olar. ABŞ və Fransanın yenidən prosesə qatılması ümumi vəziyyəti gərginləşdirəcək".

Politoloq qeyd etdi ki, Türkiyə prezidenti Ərdoğanla Soçidə görüşdən sonra Rusiya Prezidenti Putin Nikol Paşinyanı Moskvaya dəvət edib: “Görünür, Zəngəzur dəhlizi ilə bağlı danışıqlar olacaq. Bütün baş verənlər də göstərir ki, belə bir format olduqda Minsk Qrupunun yenidən dirçəlməsinə ehtiyac yox idi. Görünür, rəsmi Bakı Vaşinqtondan artan təzyiqləri neytrallaşdırmağa çalışır. Amma hər bir halda şübhəsiz ki, şərtlərimizi ciddi ortaya qoymalıyıq və yəqin ki, qoyulacaq”.

Mənbə:
0
2316
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar