E-fırıldağın qurbanı ola bilərsiniz, ayıq-sayıq olun!

“Belə halda nə vətəndaş özünü, nə də dövlət vətəndaşını qoruya biləcək”

Son dövrlər elektron ticarətlə bağlı fırıldaqçılıq halları artıb. Bu barədə Azərbaycan Banklar Assosiasiyasından (ABA) açıqlama verilib. Bildirilib ki, xüsusilə pandemiya zamanı nağdsız ödənişlərə tələbat artdığından bu cür fırıldaqçıların da sayı çoxalıb. Belə ki, fırıldaqçılar müxtəlif vasitələrlə kart istifadəçisinin ödəniş kartı məlumatlarını əldə edir və kartdakı vəsaitləri götürürlər.

ABA-nın “İT və İT təhlükəsizlik üzrə” Ekspert Qrupu rəhbərinin müavini İlqar Əliyevin AYNA-ya dediyinə görə, fırıldaqçılar əksər vaxtlarda bu məlumatları bank adından almağa çalışırlar: “Halbuki bankda istifadəçinin ödəniş kartı barədə məlumatlar var və bank heç vaxt istifadəçidən belə məlumatları istəmir. Telefon zəngləri, SMS bildirişləri, “Whatsapp”, sosial şəbəkələr vasitəsilə bank məlumatlarında anlaşılmazlıq var, müəyyən qədər insident baş verib. Buna görə bank kartının məlumatları tələb olunur. Bu məlumatların hamısı təqdim olunduqda artıq vəsaitin kənar şəxslər tərəfindən mənimsənilməsi hadisəsi baş verir. Banklar bu cür məlumatları vətəndaşlardan istəmir. Çünki bankda onsuz da bu məlumatlar var”.

“Elektron ticarət üçün kartın üzərindəki 16 rəqəmli kod kifayət edir ki, belə ödənişləri həyata keçirəsən. Ancaq digər məlumatların məxfi saxlanılması mütləqdir, onun paylaşılması birmənalı olaraq qəbulediməzdir. Çünki bu, tamamlayıcı faktodur. Bu məlumatların hər hansı kənar bir şəxsdə olması kartdan sui-istifadə hallarının baş verməsinə səbəb ola bilər. Belə fırıldaqçılıq halları baş verdikdə isə vaxt itirmədən banka müraciət edilməli və həmin kartın istifadəsi məhdudlaşdırılmalı və ya bloklanmalıdır”, - deyə Əliyev bildirib.

Bank və maliyyə eksperti Əkrəm Həsənov AYNA-ya şərhində deyib ki, vətəndaş onun kartından vəsaitin silinməsi məsələsini mümkün qədər təhlükəsiz etməlidir: “Bu baxımdan banklar bir neçə üsul təklif edir. Məsələn, 3D deyilən üsul var. Daha sonra SMS bildirişlərinin gəlməsi üsulu var ki, vətəndaşın hesabından çıxarılan pul barədə məlumatı olsun. Yəni vətəndaş birinci növbədə təhlükəsizliyini bu cür təmin etməlidir. İkinci məsələ ondan ibarətdir ki, vətəndaş kartını və kartının məlumatlarını heç kəsə verməməlidir”.

Ekspert işin bununla da bitmədiyini vurğulayıb: “Vətəndaş elektron ticarət sahəsində kimdənsə mal, iş, xidmət alır, o şəxs tərəfindən də aldadıla bilər. Alacağı xidmətin pulunu göndərdi, amma heç bir mal gəlmədi və ya xidmət göstərilmədi. Bu baxımdan nəzərə almalıyıq ki, dövlətin xaricdəki şəxsə əli çatmır. Biz burda heç nə edə bilmərik”.

Həsənov vətəndaşlara bəzi məsləhətlər də verib: “Bu zaman vətəndaş yalnız dünyaca məşhur elektron ticarət platformalarından nəsə almalıdır. O zaman orada aldanma ehtimalı demək olar ki, yox dərəcəsindədir. Əgər vətəndaş tanımadığı-bilmədiyi platformadan istifadə etsə, sabah heç bir qanuni addımlar ata bilməyəcək. Bu zaman nə vətəndaş özünü, nə də dövlət vətəndaşını qoruya biləcək”.

“Birincisi, həmin platformanı müəyyən etmək çətin olacaq. Lap müəyyən etmək mümkün olsa belə, vətəndaş məcbur olacaq ki, həmin şəxsin yerləşdiyi ölkənin məhkəməsinə müraciət etsin. Həmin vaxt ondan tutulan vəsait müqabilində heç məhkəməyə müraciət etməyə də dəyməz. Burada əsas məsuliyyət vətəndaşların öz üzərlərinə düşür”, - deyə müsahibimiz fikrini yekunlaşdırıb.

0
82
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar