Əfv Sərəncamı dövlətin öz vətəndaşlarına humanist münasibətinin bariz nümunəsidir

İnkişaf və sabitlik məkanı olan Azərbaycan, eyni zamanda, bütün hüquq və azadlıqların təmin edildiyi demokratik ölkədir. Ölkəmizdə insan hüquqları və azadlıqları yüksək səviyyədə qorunur. Həmçinin Azərbaycan dövləti öz vətəndaşlarına qayğıkeş və humanist münasibət göstərir. Azadlıqdan məhrumetmə və azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərin əfv edilməsi ilə bağlı dövlət başçısı tərəfindən vaxtaşırı olaraq əfv sərəncamlarının imzalanması, eləcə də amnistiya aktlarının qəbul olunması da bu baxımdan xüsusi vurğulanmalıdır.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Milli Məclisin regional məsələlər komitəsinin sədri Siyavuş Novruzovun açıqlamasında yer alıb.

Bu müsbət ənənənin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub

Bu müsbət ənənənin əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndər 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə gəldikdən sonra insan hüquqlarının təmin olunması istiqamətində mühüm addımlar atılıb, ölüm hökmünə moratorium qoyulub. O dövrdən etibarən Azərbaycanda heç kimə ölüm hökmü tətbiq olunmayıb və sonradan bu cəza növü ləğv edilib. Bununla yanaşı, Ümummilli Liderin ölkəmizə rəhbərliyi dövründə çoxsaylı əfv sərəncamları imzalanıb, amnistiya aktları qəbul edilib.

Vacib bir məqama xüsusi diqqət yetirmək lazımdır. Belə ki, Azərbaycanın müstəqilliyini bərpa etdiyi 1991-ci il oktyabrın 18-dən ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəldiyi dövrə qədər ölkəmizdə amnistiya və ya əfv haqqında hər hansı bir qərar və sərəncam olmayıb. Müstəqil respublikamızda 1996-cı ildən başlayaraq əfv sərəncamları imzalanıb, amnistiya haqqında qərarlar qəbul olunub.

Azərbaycan Prezidenti öz siyasətində humanizm prinsipini rəhbər tutur

Xalqımızın Ümummilli Liderinin əsasını qoyduğu bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ötən müddət ərzində Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamlarının və fərmanlarının icrası nəticəsində minlərlə məhkum azadlığa qovuşub və ya cəzaları qanunvericiliyə uyğun olaraq azaldılıb. Bu, dövlət başçısının öz siyasətində daim humanizm prinsipini rəhbər tutduğunu göstərən mühüm faktlardandır. Sonuncu Amnistiya Aktı isə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilib, 10 mindən artıq insana şamil olunub.

Yeri gəlmişkən, martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam imzalaması vətəndaşlara verilən dəyərin, dövlətin humanist siyasətinin daha bir bariz nümunəsidir. Sərəncamda məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza çəkdikləri müddəti və həmin müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslandığı qeyd edilib. Sərəncama əsasən əfv olunanların əhatə dairəsi kifayət qədər genişdir. Belə ki, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 475 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bundan başqa, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 98 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş üç nəfərin cəzası 25 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib. Eləcə də azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş iki nəfər cəzadan azad ediliblər. Həmçinin azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış üç nəfər cəzadan azad olunublar. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 9 nəfər və islah işləri cəzasına məhkum olunmuş 12 nəfər cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum olunan 23 nəfər isə cəzadan azad ediliblər. Beləliklə, bütün bunlar Əfv Sərəncamının müxtəlif kateqoriyadan olan məhkumların dövlətin humanist münasibəti ilə əhatə olunduğunu göstərir.

Nəticədə dövlətimizin başçısının sözügedən Sərəncamı böyük sosial əhəmiyyətə malikdir. Təsadüfi deyil ki, bu addım Azərbaycan ictimaiyyətinin nümayəndələri tərəfindən çox yüksək qiymətləndirilir. Həmçinin ayrıca qeyd edilməlidir ki, əfv olunanlar dövlətin onlara inam və etibarını üzərlərində hiss edirlər ki, bu da onlara layiqli vətəndaş olmaq üçün stimul verir.

0
1402
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar