Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi məsələsi müzakirə olunub

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən “Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsində Ombudsman Aparatı ilə vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın gücləndirilməsi” mövzusunda onlayn tədbir təşkil edilib. Tədbirdə Ombudsman, Aparatın əməkdaşları, habelə əlilliyi olan şəxslər və bu sahədə fəaliyyət göstərən təşkilatların nümayəndələri iştirak ediblər.

Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbiri açan ombudsman Səbinə Əliyeva əlilliyi olan şəxslərin hüquqlarının səmərəli müdafiəsində müvəkkilin rolu, bu sahədə vətəndaş cəmiyyəti ilə əməkdaşlığın gücləndirilməsinə dair məruzə ilə çıxış edib. Səbinə Əliyeva BMT-nin “Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi haqqında” Konvensiyasının 33.2-ci maddəsinə əsasən, ombudsmanın bu sahədə müstəqil monitorinq mexanizmi funksiyalarını həyata keçirdiyini vurğulayaraq, bu əhali qrupunun hüquqlarının təmin edilməsində təsisatın fəaliyyət istiqamətlərini açıqlayıb. O, əlilliyi olan şəxslər üçün müxtəlif sahələrdə xidmətlərin əlçatanlığının təmin ediləsi istiqamətində həyata keçirilmiş işlər və qarşıda duran vəzifələr barədə məlumat verib.

Sonra Ombudsman Aparatı rəhbərinin müavini Rəşid Rumzadə, Beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq şöbəsinin müdiri Zaur Vəliməmmədli, Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sektorunun müdiri Aytən Tarverdiyeva, Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli məruzə ilə çıxış ediblər. Çıxışlarda əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə strateji yanaşmalar, ombudsmanın bu sahədə fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verilib.

Vətəndaş cəmiyyəti institutlarının nümayəndələri əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sahəsində fəaliyyətləri, çətinlikləri və qarşıda duran işlərdən danışıblar.

Tədbirdə Azərbaycan Əfqanıstan Veteranları İttifaqı, Qarabağ Əlillər və Veteranlar Cəmiyyəti, “Müstəqil Həyat Tərzi” Əlillərə Dəstək İctimai Birliyi, Əlil Qadınlar Cəmiyyəti, Azərbaycana Birgə Yardım (UAFA) Təşkilatının Gəncə şöbəsi, Quba Regional QHT-lərin Resurs və Təlim Mərkəzi, Əlil Qadınlar Cəmiyyətinin Gəncə şəhər şöbəsinin nümayəndələri bir sıra təkliflərlə çıxış ediblər.

Daha sonra əlilliyi olan şəxslərin qarşılaşdığı problemlər səsləndirilib. Ombudsman Səbinə Əliyeva müraciətləri dinləyib, sualları cavablandırmaqla yanaşı, qaldırılan məsələləri diqqətdə saxlayacağını bildirib.

Yekunda Ombudsman təsisatı ilə əlilliyi olan şəxslərin təmsil olunduğu vətəndaş cəmiyyəti institutları arasında gələcək əməkdaşlıq istiqamətləri üzrə müzakirələr aparılıb.

Mövzuları qaçırmayın!
OXUYUN, PAYLAŞIN, QAZANIN!
Azərforum oxuduqca paylaşdığınız, paylaşdıqca qazandığınız tətbiqdir.
0
99
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar