Gəncə terroru: Erməni faşizminin siması- TƏHLİL

Ermənilər bir il əvvəl hərbi əməliyyatlar zonasından xeyli uzaqda yerləşən Gəncədə terror aktı həyata keçiriblər.

2020-ci ilin oktyabrın 11-də gecə saat 02:00 radələrində Ermənistan ərazisindən Gəncənin ballistik raket hücumu nəticəsində 10 nəfər şəhid olub, 34 nəfər yaralanıb. Ermənistanın dinc sakinləri - uşaqlar, qadınlar və ahılları qətlə yetirməsinin hərbi cinayət olduğu heç kimə sirr deyil. Ermənistan silahlı qüvvələri tərəfindən törədilən bu hərbi cinayətlər nəticəsində beynəlxalq sənədlər, o cümlədən Cenevrə konvensiyalarının müddəaları kobud şəkildə pozulub. Ermənilər öz vəhşiliklərini təsdiqləyən qeyri-insani hərəkətlərini Gəncədə də davam etdirdilər, mülkü şəxslərin yaşamaq və digər hüquqlarını pozdular.

Azərbaycan Silahlı Qüvvələri ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi, Ermənistanın təxribatlarının dayandırılması və təcavüzkar fəaliyyətinin qarşısının alınması məqsədilə zəruri tədbirlər görməli oldular. Xatırladaq ki, Azərbaycan Baş Prokurorluğu tərəfindən baş vermiş hadisələrlə bağlı toplanmış materiallar əsasında Füzuli, Tərtər, Qarabağ və Gəncə Hərbi prokurorluqlarında Cinayət Məcəlləsinin 100.1-ci (təcavüzkar müharibəni planlaşdırma, hazırlama və ya başlama), 116.0.7-ci (müdafiə olunmayan ərazilərə, yaşayış məntəqələrinə və silahsızlaşdırılmış zonalara hücum etmə), 116.0.8-ci (hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən dini, təhsil, elm, xeyriyyə, tibb obyektlərinə, xəstə və yaralıların yerləşdirildiyi yerlərə hərbi zərurət olmadan hücum etmə), 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) maddələri ilə cinayət işləri başlanıb.

Vurğulayaq ki, 44 günlük savaş zamanı Ermənistanın Azərbaycanın mülkü şəxslərini qətlə yetirməsi bir sıra beynəlxalq təşkilatların da bəyanatlarında öz əksini tapıb. Beynəlxalq “Human Rights Watch” təşkilatı Ermənistan hərbi qüvvələri tərəfindən Azərbaycanın Ağdam, Bərdə, Füzuli, Gəncə, Goranboy, Naftalan və Tərtər rayonlarının şəhər və kəndlərinin raket və ağır artilleriya hücumlarına məruz qalma faktını araşdırıb. Bu məruzə 40 mülki vətəndaşın öldürülməsi və bir çoxunun yaralanması ilə nəticələnən 18 hücumu hərtərəfli öyrənərək 53 hadisə şahidi ilə aparılan müsahibə, 12 telefon müsahibəsi, media xəbərləri, o cümlədən hökumətin elan etdiyi məlumatlardan əldə olunmuş informasiyalar əsasında hazırlanıb. Eyni zamanda “Human Rights Watch” 17 hücumdan 10-nun peyk görüntülərini, 9-nun sosial mediada paylaşılan foto və videolarını araşdırıb. Hücumların saat və tarixi, səbəb olduğu dağıntı miqyası müəyyənləşdirilib.

Ermənistan hərbi qüvvələrinin zərbələri mülki itkilərə səbəb olmaqla yanaşı, həmçinin evlərə, müəssisə və məktəblərə, habelə bir xəstəxanaya ziyan vurub, əhalinin kütləvi köçürülməsinə səbəb olub.

Rəsmi Bakının açıqlamalarında qeyd olunur ki, Vətən müharibəsinin gedişində ermənilərin terror aktları və silahlı hücumları nəticəsində 98 mülki azərbaycanlı öldürülüb, 414 nəfər yaralanıb, 3000-dən çox ev və 100 yaşayış binası dağıdılıb və ya zərər görüb.

Beynəlxalq hüquqa, müharibə qanunlarına görə, hücuma hazırlaşan tərəf şəraitin imkan verməyəcəyi halda mülki əhaliyə təsir edə biləcək hücumları haqda əhaliyə xəbərdarlıq etməlidir. Ermənilər bu müddəanı da pozublar.

Ermənistanın müharibə cinayətləri Gəncəyə raket atmaqla bitmədi. Ermənistan 2020-ci il 28 oktyabr tarixində Bərdəni raket atəşinə tutdu, 21 mülki vətəndaş həlak oldu, 70 nəfər yaralandı. Ermənistan Azərbaycanın dinc sakinlərini hədəfə alarkən, kasetli bombalardan da istifadə edib. Beynəlxalq müşahidəçilər bu faktları da sənədləşdiriblər.

Qeyd edək ki, erməni diversiya qrupları tarix boyu sülh vaxtı da partlayıcı vasitələrdən fəal istifadə edərək, mülkü şəxsləri hədəf seçiblər. Terrorçuluq onların xislətindədir. 1977-ci ildə Moskvanın üç müxtəlif ictimai məkanında (metro, ərzaq dükanı, yaşayış binası) ermənilər tərəfindən törədilmiş silsilə terror aktları nəticəsində 7 nəfər ölmüş, 37 nəfər yaralanmışdı. Həmin cinayətin təşkilatçıları Ermənistan Milli Birləşmiş Partiyasının üzvləri Stepan Zatikyan, Akop Stepanyan və Zaven Baqdasaryan ən ağır cəzaya məhkum edildilər. Maraqlıdır ki, bu terrorçu qrup növbəti bombanı Moskva-Bakı qatarına yerləşdirməyə cəhd edərkən yaxalanmışdı.

Kustar üsulla hazırlanmış partlayıcı qurğulardan 1988-ci ildə Qarabağ hadisələri başlayandan sonra da Azərbaycan ərazisində dinc əhaliyə qarşı ermənilər tərəfindən çox istifadə olunub. Ermənistan tərəfindən Azərbaycanın dinc əhalisinə və Ermənistanın azərbaycanlı əhalisinə qarşı terror aktları mütəmadi və planlı şəkildə həyata keçirilib.

Partlayışlar avtobuslarda, qatarlarda, sənaye və infrastruktur obyektlərində, körpülərdə və digər yerlərdə törədilib. Təkcə Bakı metrosunda törədilmiş iki partlayış 27 nəfərin həyatına son qoyub, 100 nəfəri isə yaralayıb. Türkmənistanın Türkmənbaşı şəhərindən Bakıya sərnişin daşıyan “Sovetskaya Kalmıkiya” gəmi-bərəsində törədilmiş digər bir partlayış zamanı isə 25 nəfər həlak olmuş, 88 nəfər yaralanmışdı. Bütövlükdə 1988-1993-cü illərdə ermənilərin törətdiyi terror aktları nəticəsində 1250 nəfər qətlə yetirilib, 1283 nəfər xəsarət alıb, 65 nəfər itkin düşüb. Belə faktlar çoxdur - onlar öz qəddarlığı, amansızlığı ilə yadda qalıb.

Göründüyü kimi, hakimiyyətdə kimin təmsil olunmasından asılı olmayaraq, Ermənistanda terrorizm daima rəsmi dövlət siyasəti olub. Uzun illərdir, rəsmi İrəvan dünyanın hər yerində olan terrorçularla əməkdaşlıq edir, terroristləri işğal etdiyi Azərbaycan torpaqların gətirərək onlara təlim keçir, muzdlu döyüşçü kimi dinc əhaliyə qarşı istifadə edib. İrəvanda faşist cəlladı Qaregin Njdeyə heykəl qoyulması bu ölkənin terrora olan münasibətinin bariz nümunəsidir.

Bəşəriyyət üçün böyük təhlükə olan erməni faşist ideologiyası Qafqazda müharibələrin müəllifi və icraçısıdır. Ermənistan faşist Almaniyasının İkinci Dünya müharibəsi zamanı etdiklərini təkrarlayır. Alman faşistlərinin lideri Hitler bütün vasitələrdən istifadə edərək dinc əhalini məhv etmək, “hədəfinin” iradəsini bu yolla sındırmaq, xofa salmaq, panika yaratmaq yolunu seçmişdi. Təkcə SSRİ-nin işğal olunmuş ərazilərində faşist Almaniyası 4 milyon dinc əhalini məhv edib. Hətta xəstəxanalar, məktəblər, uşaq bağçaları, doğum evləri belə faşistlərin hədəfində olub. Raket atəşləri, bombalama nəticəsində milyonlarla günahsız dinc əhali həyatını itirib. Faşist Almaniyası Ukraynada 334 yaşayış məntəqəsini sakinləri ilə birlikdə yandırıb. Bu hadisə zamanı Almaniyanın təbliğat naziri Göbbels hadisəni daha “effektli” etmək üçün yanmış uşaqların, qadınların, qocaların şəkillərini tirajlayaraq ətraf yaşayış məntəqələrində yerli əhaliyə payladıb. Xocalı qatili, Ermənistanın sabiq prezidenti Serj Sarkisyan da bu soyqırımını azərbaycanlıları qorxutmaq üçün törətdiklərini açıqlamışdı. Erməni faşizmi 1990-cı illərin əvvəllərində Azərbaycanda, Dağlıq Qarabağın azərbaycanlılar yaşayan kəndlərində, Xocalıda, Qaradağlıda, Meşəlidə, Malıbəylidə, Cəmillidə və digər yaşayış məntəqələrində də ağlasığmaz cinayətlər törədiblər. Ermənilər Birinci Qarabağ müharibəsində də, Vətən müharibəsi zamanı da Almaniya faşistlərinin etdiyi cinayətləri təkrar edib. Mülki şəxsləri hədəfə alan Ermənistan rəhbərliyinin addımları Almaniya faşistlərinin lideri Adolf Hitlerin II Dünya Müharibəsinin sonunda əlacsız qalıb FAU-2 raketlərindən istifadə etməsi ilə oxşarlıq təşkil edir. FAU-2 raketləri və Ermənistanın Azərbaycanın şəhər və rayonlarına atdığı SKAD (SCUD) raketləri dəqiqliyinə görə eyni səviyyədədir.
Ona görə də, Hitler qoşunları həmin raketlərdən hücum edən sovet ordusuna qarşı deyil, Londona, böyük şəhərə qarşı istifadə edirdi. Yəni, ermənilər kimi, alman faşistləri də bilirdilər ki, dəqiqliyi çox aşağı olan silahdan hərbi obyektlərə qarşı istifadə mənasızdır, lakin dinc əhalini vurub, insanlarda qorxu yaratmaq olar.

Hitlerin məğlub ordusu raketlərə son ümid silahı kimi baxırdı. Bənzər aqibəti Ermənistan da yaşadı. Lakin nə Hitleri, nə də Ermənistan rəhbərlərini bu silahlar xilas edə bildi. Hitler etdiklərinin qarşılığını aldı, Ermənistana rəhbərlik etmiş bütün cinayətkarlar da gec-tez ədalət mühakiməsi qarşısında dayanacaqlar.

APA Analytics

Mənbə:
0
375
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar