Şair dostum Əhməd Oğuza
Yolunu daşdı gördü,
Gözünü yaşdı gördü,
Gözü qamaşdı, gördü
dünyanı Əhməd Oğuz.
Görən necə çatacaq
soraq Əhməd Oğuza.
Şeirləri olacaq
çıraq Əhməd Oğuza.
Dürsüt sözə vəl dedi.
Baxdı, əlbəəl dedi...
Tasalandı,
“Gəl...” dedi
torpaq Əhməd Oğuza.
Göyün gözü dolacaq,
Ayın rəngi solacaq...
Xəyalımız olacaq
varaq Əhməd Oğuza.
Toz qopur yolda, izdə,
Taqət də yoxdu dizdə...
Vaxtı nə vaxtdı,
biz də
varaq Əhməd Oğuza.
Ulduzlar saçaq-saçaq,
Dərdi qundaqlayacaq...
Bir qınaq yollayacaq
“Bulaq” Əhməd Oğuza...
Yenə bizim şeirlər,
Tər nərgizim – şeirlər...
Düzüm-düzüm şeirlər,
Bəs hanı Əhməd Oğuz?..
Rəşid Faxralı
1sentyabr 2021