İkinci dozada fərqli peyvənd seçmək mümkündürmü – Göstəriş və əks-göstəriş

Vətəndaşları düşündürən suallarla bağlı TƏBİB-dən xəbərdarlıq, həkimlərdən məsləhət

Artıq bir müddətdir ki, ölkədə COVID-19 infeksiyasına qarşı “AstraZeneca” firmasının peyvəndi olan “Vaxzevria”nın da tətbiqinə başlanılıb. Çin istehsalı olan “SinoVac”dan sonra ikinci bir peyvəndin tətbiqi müxtəlif sualları gündəmə gətirib. Məsələn, ilk dozanı bir, ikinci dozanı digər peyvəndlə vurdurmaq olarmı? Yaxud ilk dozada çox halsız olanlar ikinci dozanı vurdurmalıdırmı?

AYNA-nın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətindən bildirilib ki, vaksinin 1-ci dozasına ciddi anafilaktik reaksiya müşahidə olunan şəxslərə 2-ci doza vurulmur: “Baş ağrısı, üşütmə, qızdırma, halsızlıq, əzələ ağrısı kimi yüngül simptomların olması isə normal qəbul edilir və bu, 2-ci dozaya əks göstəriş sayılmır”.

Qurumdan o da qeyd edilib ki, vaksinasiya strategiyasına uyğun olaraq yanvarın 18-dən Azərbaycanda koronavirus əleyhinə vaksinasiya prosesi başlayıb, ciddi anafilaktik reaksiyaların olması müşahidə edilməyib: “İki mərhələdə fərqli peyvəddən istifadəyə gəldikdə isə onu qeyd etməliyik ki, heç bir halda fərqli peyvənd vurulmur. Birinci və ikinci doza eyni olur. Bu peyvəndlərin hər biri iki dozada vurulur. İlk peyvənd vurulduqdan sonra 28-ci gündə mütləqdir ki, ilk doza vurulan peyvənd yenidən istifadə edilsin. Çünki fərqli peyvəndlər fərqli yöndə təsir göstərdiyinə görə, başqa peyvəndin artıq istifadə olunması zamanı qoruyuculuq yaranma ehtimalını azaldır”.

Tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə AYNA-ya açıqlamasında deyib ki, Çinin “SinoVac” vaksini hazırlanarkən ənənəvi üsuldan istifadə edilir: “Sadəcə olaraq burda törədicilər müxtəlif fiziki-kimyəvi amillərin təsiri nəticəsində zərərsizləşdirilir. Amma vektor texnologiyası ilə hazırlanan “AstraZeneca” və yaxud “Sputnik V” vaksinlərinin virusla antigen hissəcikləri digər bir virus - hava-damcı infeksiyası olan “Adena” üzərində kodlaşdırılır və orqanizmə yeridilir, nəticədə süni aktiv imumnitet yaradılır”.

Mütəxəssisin sözlərinə görə, COVID-19 əleyhinə vaksinasiya prosesinin birinci mərhələsindən keçib müxtəlif infeksion xəstəliklərə yoluxanlar da az deyil: “Bəziləri mövsümi qrip, bəziləri isə koronavirusa yoluxur. Yalnız koronavirusa yoluxma halında ikinci doza altı ay kecikdirilə bilər. Əgər insan birinci peyvəndləmədən sonra digər infeksiyalara tutularsa, bu zaman həmin infeksiyadan sağalana qədər ikinci dozanın vurulması əks göstəriş hesab olunur”.

“İkinci vaksinasiya müddəti 5-10 gün müddətində ləngiyərsə, burda elə bir ciddi narahatlıq yoxdur. İkinci peyvəndləməni 5-10 gün müddətindən sonra da həyata keçirmək olar”, - deyə Cavadzadə vurğulayıb.

Qeyd edək ki, Azərbaycana 84 min doza “Vaxzevria” peyvəndi gətirilib. Çin 5 milyon doza “SinoVac” peyvəndinin sadəcə bir partiyasını göndərib. Rusiya ilə imzalanan anlaşma nəticəsində alınacaq 300 min doza (mayın 2-də Rusiyadan Azərbaycana “Sputnik V” vaksinlərinin ilk partiyası - ilkin olaraq 40 min doza peyvənd gətirilib) “Sputnik V” vaksininin tətbiqi ilə vətəndaşların üç seçim imkanı olacaq.

0
84
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar