İransayağı “İslam həmrəyliyi”- TƏHLİL

Son günlər təkcə ayrı-ayrı şəxslər, hansısa din xadimləri deyil İran rəsmiləri də Azərbaycanı təhdid edən çıxışlar etməyə başlayıb. Problem yalnız təhdidlə də bitmir. İran Ermənistana yardım etməkdə davam edir. Əslində, rəsmi Tehranın müsəlman ölkəsi olan Azərbaycanın ərazilərini işğal edən Ermənistanı açıq və ya gizli şəkildə müdafiə etməsi 30 illik tarixə malikdir. Türkiyə, Səudiyyə Ərəbistanı, Pakistan və bir çox müsəlman ölkələri Qarabağı işğal etdiyinə görə İrəvanla əlaqələr qurulmasından imtina etdiyi bir vaxtda adını İslam Respublikası qoyan İran Ermənistanı özünə yaxın dövlət hesab etdiyini dəfələrlə bəyan edib. Hər iki ölkə rəsmilərinin qarşılıqlı səfərləri, imzalanmış sənədlər Tehran rejiminin mahiyyətinin göstəricisidir. Erməni ziyalılar özləri etiraf edirlər ki, 90-cı illərdə, Ermənistanın yeni müstəqil olduğu dövrdə, İran olmasaydı, Ermənistan bir dövlət kimi mövcud olmayacaqdı. Son 30 ildə İran Ermənistana hər cür iqtisadi, hərbi və mənəvi dəstək verib. Elə Ermənistanın Baş naziri Nikol Paşinyanın “İran Ermənistan üçün nəfəslik rolunu oynayır” bəyanatı bütün mənzərəni canlandırmağa imkan yaradır. Əli dinc azərbaycanlıların, qoca və uşaqların qanına batmış Ermənistan rəhbərlərinin, o cümlədən Paşinyanın hər zaman Tehranda ən yüksək səviyyədə qəbul edilməsi, “İran Ermənistanla yaxın əlaqələrinin, dostluğun inkişafında maraqlıdır” bəyanatının verilməsi əslində Tehranın münasibətinin göstəricisidir.

44 günlük savaş nəticəsində diz çökən Ermənistanın beynəlxalq əlaqələri də sarsılıb. İrəvanı bu böhrandan çıxardan yeganə ölkə yenə də məhz İrandır. Əslində, Ermənistan İran üçün əhəmiyyətli fiqur olmalı deyil. Heç bir müstəvidə İrəvan Tehran üçün cəlbedici tərəfdaş sayılmır. Ermənistan İrana həyatı əhəmiyyətli heç bir məhsul satmır və sata da bilməz. Ermənistan və İranı nə din, nə dil, nə ədəbiyyat, nə də tarixi əlaqələr bağlayır. İran, sadəcə, bu dövlətdən Azərbaycan əleyhinə addımlarında yararlanır. Məsələ ondadır ki, İranın demək olar ki, bütün müsəlman qonşuları ilə münasibəti bərbaddır. Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı və digər ərəb ölkələri ilə İran özünü düşmən kimi aparır. Özünü İslam Respublikası adlandıran İranın bölgədə heç bir müsəlman ölkəsi ilə münasibəti normal deyil. İran Cənubi Qafqazda, Orta Şərqdə özünə vassal dövlət kimi Ermənistandan istifadə edəcəyini düşünür.

Maraqlıdır ki, İbrahim Rəisinin İİR prezidenti seçilməsi ilə İranın Azərbaycana qarşı doktrinasında heç bir dəyişiklik baş vermədi, Rəisi də öz xələfləri kimi Azərbaycanla münasibətləri korlayan bütün addımları atır. Ermənistanı aşkar şəkildə dəstəkləməklə İran regionda balansı pozur. Ermənistan-Azərbaycan münaqişəsi yaranandan, Qarabağ işğal olunan gündən başlayaraq Tehran heç vaxt Azərbaycana əməli dəstək verməyib. Ən yaxşı halda bir neçə bəyanat səsləndirib. Müsəlman, şiə olan Azərbaycan torpaqlarının işğalı ilə bağlı İslam Respublikası olan İrana yaraşan bəyanat vermək deyildi. İran Azərbaycan ərazisi olan Qarabağ bölgəsinin işğalını, məscidlərin donuz fermasına çevrilməsini sadəcə olaraq izləməklə, açıq və gizli şəkildə Ermənistana dəstək verməklə özünün mahiyyətini göstərdi.

1992-ci ildə Tehranda Qarabağ münaqişəsinin tənzimlənməsi müzakirə edilən zaman Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşa işğal edildi. Azərbaycan 30 il səbir edərək, İranın Şuşanın işğalındakı roluna göz yumdu. Ümid elədi ki, İran əməldə İslam həmrəyliyinə sadiq qalacaq. Əvəzində nəyin şahidi olduq? İşğal olunmuş ərazilərdə ermənilər xarabalığa çevirdikləri Qarabağın məzarlarını belə dağıdıb, məzar daşlarını İranın tacirlərinə satıblar. Budurmu İslam həmrəyliyi? 30 il ərzində Ermənistanla iqtisadi əlaqələri gücləndirməklə, birgə iqtisadi layihələr hazırlamaqla, qarşılıqlı səfərlər təşkil etməklə İran düşmən ölkəni ayaqda saxladı. 44 günlük savaş zamanında İrandan Ermənistana silah-sursat, yanacaq və s. hərbi təyinatlı yüklər daşınırdı. Savaş bitdikdən sonra ağır durumda olan erməniləri xilas etmək üçün İrandan Qarabağa qaçaqmalçılıq yolu ilə yanacaq daşınması davam etdirilir, Azərbaycanın bununla bağlı narahatlığı isə qulaq ardına vurulur, Amuli kimi “qəbiristanlıq mollası”nın dili ilə azərbaycanlılar təhqir edilir, İran mediasında Azərbaycan əleyhinə bəyanatlar yer alır. Müsəlman aləmində yalnız İran bu qədər qatı ermənipərəst siyasət yürüdür və bunu nümayişkaranə şəkildə, açıq-açığa öz əməlləri ilə sübut edir. Bütün bunlardan sonra İran tələb edir ki, Azərbaycan Tehran rejiminin bütün təhdidlərinə göz yumsun. İranın Azərbaycana qarşı bədxah siyasəti bu ölkədə yaşayan 40 milyonluq soydaşımızı da hiddətləndirir. İctimai rəydən qorxan Tehran rejimi özünü sığortalamaq üçün guya Azərbaycanın İranla sərhədə İsrail hərbiçilərini gətirdiyini iddia edir. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Azərbaycan heç vaxt öz ərazisindən üçüncü ölkələrin İrana qarşı istifadə etməsinə imkan verməyib. Bakının təkidli tələblərinə baxmayaraq, İran bu məsələ ilə bağlı bir fakt belə göstərə bilmir.

İranın Azərbaycanla sərhəddə keçirdiyi son hərbi təlimlər isə ucuz şou olmaqla yanaşı, İİR ordusunun bərbad vəziyyətinin göstəricisidir. Dünya mediasında təlimlər zamanı yanlışlıqla İranın öz texnikasını vurub sıradan çıxarması, məcbur olub təlimləri yarımçıq saxlaması barədə yazılanlar hamını hədələyən İranın hərbi gücünün hansı durumda olduğunu sübuta yetirir. “İran son 30 ildə niyə təlimlər keçirtmirdi, bu təlimlərin məqsədi nədir və kimə qarşıdır” sualına isə Tehran hələ də cavab verməyib.

İran mediası Azərbaycan-Türkiyə hərbi təlimləri barədə həqiqətə uyğun olmayan materiallar dərc edir. Əslində isə İran da, bütün dünya da bilir ki, Türkiyə-Azərbaycan birgə hərbi təlimləri 2000-ci ildən etibarən mütəmadi keçirilir. Bəs, görəsən, İran niyə yalnız indi – Azərbaycan öz torpaqlarını işğaldan azad edib, Ermənistanı acı məğlubiyyətə uğratdıqdan sonra bunu görməyə başlayıb? Yoxsa müttəfiqinin çəkdiyi acılara, narahatlıqlara şərik çıxır? Türkiyə və Azərbaycan arasında birgə hərbi təlimlər bölgədəki vəziyyəti gərginləşdirən addımlar deyil, bunu hər kəs anlayır, Tehran da anlasa, onun özü üçün daha yaxşı olar.

Bu gün İranı daha çox narahat edən məsələ bölgədə nəqliyyat-kommunikasiyaların açılması ilə bağlı razılığın əldə olunmasıdır. Razılığa əsasən, Ermənistan İranla Naxçıvan vasitəsilə əlaqə saxlaya bilər. Lakin bu proses Azərbaycanın razılığı ilə mümkündür. Onu da qeyd edək ki, İkinci Qarabağ müharibəsindən sonra Ermənistanla İranın əlaqə vasitəsi təkcə Zəngəzurdur. Zəngəzur dəhlizi istifadəyə verildikdən sonra Azərbaycanın qərb hissəsi Naxçıvan Muxtar Respublikası ilə quru yolla birləşmə imkanı əldə edəcək. Digər tərəfdən, Xudafərində gömrük keçid məntəqəsi fəaliyyətə başlayacaq. Bu isə həmin ərazilərdə istehsal olunan məhsulların ixrac olunması üçün əlverişli olacaq. İran Gorus-Qafan yoluna nəzarəti itirmək üzrədir və bunu həzm edə bilmir. Gorus-Qafan yolu Tehranın üzünə bağlandıqdan sonra bölgəyə ayaq basmaq üçün İran tamamilə Azərbaycandan asılı vəziyyətə düşə bilər. Digər tərəfdən, Tehran belə düşünür ki, “Zəngəzur dəhlizi” ilə bağlı Bakının niyyəti reallaşarsa, İran Naxçıvan, həmçinin Türkiyə və Orta Asiya ölkələri arasında yük və sərnişin tranzitindən əldə olunan gəlirləri itirəcək. İran mediası iddia edir ki, Bakının təkid etdiyi “Zəngəzur dəhlizi planı” İranın Qara dənizə və Qərbə çıxış planlarına zərbə olacaq. Tehranda belə düşünürlər ki, bütün tranzit layihələri Bakının iradəsinə bağlı ola bilər.

İranı qəzəbləndirən daha bir amil ondan ibarətdir ki, işğaldan azad edilən bəzi rayonlarımız İranla sərhəddir. İran həmin ərazilər vasitəsilə narkotik ticarətinə nəzarət edirdi. Artıq bu nəzarət Tehran rejiminin əlindən çıxıb. Bu isə milyonlarla dolların itirilməsi anlamına gəlir. Burada bir məqama da diqqət çəkmək lazım gəlir. Dağlıq Qarabağ probleminin həlli, Azərbaycanın parlaq qələbəsi Tehran da daxil, bütün İranda yaşayan 30-40 milyonluq soydaşımıza mübarizə ruhu verir. Ən əsas amil isə son dərəcə sadədir. İran güclü, müstəqil, torpaqlarını cəmi 44 gün ərzində hərbi və siyasi yol ilə azad etmiş bir Azərbaycanla qonşu olmaq istəmir. Tehran qonşuluğunda güclü Azərbaycan arzulamır. İran həm də onu dərk edir ki, Türkiyənin Orta Asiyaya, Xəzər dənizinə çıxış imkanı yaranır.

İran İslam Respublikasının mövqeyi radikaldır, regionda heç bir dəyişiklik və inkişafı qəbul etmir. Bu isə onu bölgə üçün arzuolunmaz qonşuya çevrilir. Bunun hansı fəsadlara səbəb olacağını isə İran siyasi elitası özü düşünməlidir.

APA Analytics

Mənbə:
0
326
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar