Naxçıvan seolitinin tibbi əhəmiyyətinin öyrənilməsi müsbət nəticələr verə bilər - MÜSAHİBƏ

Aztibb.az Naxçıvan seolitinin potensial faydaları, eləcə də seolitin insan sağlamlığında rolu haqqında AMEA-nın Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun laboratoriya rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Günel Məmmədova ilə müsahibəni təqdim edir:

 

- Məişətdən sənayeyə qədər geniş tətbiq sahəsi olan seolitlərin günümüzdə sağlamlıq baxımından da istifadəsi əhəmiyyətli dərəcədə artıb. Seolit mineralının sağlamlığa faydaları haqqında danışardınız.

 

- Ümumiyyətlə, seolitlərin tətbiq sahəsi çox genişdir, belə sahələrdən biri də məhz tibbdir. Hazırda Rusiyada 21 adda tibbi preparat istehsal olunur, hansının ki, tərkibində təbii seolitin miqdarı 50-100% arasında dəyişir. Dinamik dövrümüzdə immun sistem yalnız aşınma üçün işləyir, gündəlik həyat ritmimizə maksimal enerji sərf olunur, xroniki xəstəliklər isə bizləri gücdən salır. Çalışırıq ki, təbii qidalanaq, kimyəvi maddələrdən uzaq olaq. Qeyd etdiyim kimi, Rusiyada istehsal olunan və satışa buraxılan preparatlar – “Litovit”, “Litovit-M”, “Litovit-U”, “Litovit-B”, “Litovit-O”, “Litovit-K”, “Litovit-F” və s. hər biri müxtəlif xəstəliklərin profilaktikasında və reabilitasiyasında geniş tətbiq olunur və Rusiya həkimlərinin dediklərinə görə, müsbət nəticələr əldə olunub. Bu məhsulun unikal istehsal texnologiyası dünyanın 4 ölkəsində – Rusiya, İsveçrə, ABŞ və Fransada patentləşdirilib. Verilən məlumatlara əsasən “Litovit” adlı preparat metobolizm məhsullarını orqanizmdən xaric edir, orqanizmi ehtiyac duyduğu minerallarla təmin edir, əməliyyatdan sonra orqanizmin bərpasını sürətləndirir. Həmçinin tənəffüs sistemi xəstəliklərinin (astma, tuberkuloz) profilaktikasında istifadə olunur, allergiyanı və  dərmanlara allergik reaksiya ehtimalını azaldır, xoş və bədxassəli şişlərin profilaktikasında və reabilitasiyasında və s. saymaqla bitməyən xəstəliklərin müalicəsində tətbiq edilir.

 

Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumatlara əsasən hazırda dünyanı bürümüş COVID-19 pandemiyası və onun mutasiya olunmuş formalarından uzaq durmaq üçün immun sistemi gücləndirmək lazımdır. Nəzərə alsaq ki, məhz təbii seolit immun sistemin gücləndiricisidir, bu virusu yenmək üçün profilaktik nöqteyi nəzərdən təbii seolitdən istifadə etmək mümkündür.

 

- Qeyd etdiniz ki, seolit tibbi preparat komponenti kimi istifadə edilir. Naxçıvan seolitinin tibbi əhəmiyyəti öyrənilibmi?

 

- Təəssüf ki, Naxçıvan seolitinin tibbi əhəmiyyəti öyrənilməyib. Lakin düşünürəm ki, bu istiqamətdə tədqiqat işləri aparılsa müsbət nəticələr əldə etmək olar. Çünki bildiyimiz kimi, hazırda 50-dən çox təbii seolit məlumdur, lakin bunların heçdə hamısının tətbiq sahələri mövcud deyil. Bunlardan yalnız 8-i bu və ya digər sahələrdə tətbiq olunur. Naxçıvanın təbii seoliti isə bu siyahıda ikinci yerdə duran mordenitdən ibarətdir. Birinci yerdə isə klinoptilolit seoliti durur, hansının ki, Tovuz rayonunun yaxınlığında perspektivli Aydağ yatağı var. Onu da qeyd edim ki, Naxçıvanın təbii seolitinin kimyəvi analizlərinin nəticələri bizə onu deməyə imkan verir ki, tərkibdə insan orqanizmi üçün zərərli maddələr aşkar olunmayıb. Bu səbəbdən, düşünürəm ki, Naxçıvan seolitinin tibbi əhəmiyyətinin öyrənilməsi istiqamətində tədqiqatlar aparılarsa müsbət nəticələr verə bilər. 

 

Təbii mühiti təşkil edən qaya və mineral tozların insan sağlamlığına mənfi təsirləri məlumdur. Hətta bəzi mineral tozlar ağciyər xəstəliklərinə də səbəb olur. Bəs seolitlər hansı halda zərərlidir?

 

- Seolitərin zərəri yalnız kimyəvi tərkibindən asılı ola bilər. Yəni əgər tərkibində insan orqanizmi üçün zərərli maddələr mövcüddursa, bu zaman mineral tibbi prerarat kimi öz əhəmiyyətini itirir. Onu da qeyd edim ki, təbii seolitlərin tərkibində insan orqanizmi üçün zərərli elementlər nadir hallarda olur. Olsa da o qədər kiçik miqdarda olur ki, onun orqanizmə mənfi təsiri mümkün deyil. Vurğulayım ki, seolitlər yaxşı adsorbentlərdir. Məhz bu xüsusiyyətlərinə görə bu minerallar insan orqanizmindən zərərli maddələri oz quruluşuna hopdurur və xaric edir, insan üçün vacib olan elementləri isə quruluşundan orqanizmə mübadilə edir. Vurğuladığım kimi, məhz təbii seolitdən tənəffüs sistemi xəstəliklərinin profilaktikasında geniş istifadə olunur.

 

- Seolitlərin sənaye, kənd təsərrüfatı, ekologiya və digər sahələrdə tətbiqindən danışardınız. Xüsusilə, Naxçıvan seolitinin bu mənada hansı tətbiq imkanları var?

 

- Bildiyimiz kimi seolitlərin çox geniş tətbiq sahələri var. Sənayedən tutmuş kənd təsərrüfatı, ekologiya, tibb, tikinti sahələri və digərləri. Demək olar ki, xalq təsərrüfatının bütün sahələrində istifadə olunur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə planetdə 80% xəstəliklər çirkli suların istifadəsi nəticəsində baş verir. Bu səbəbdən dünyada suların təmizlənməsinə çox böyük diqqət yetirilir. Çirklənmiş sular əhalinin sağlamlığı üçün təhlükə mənbəyidir. Tərkibində bakteriyalar, ağır metallar olan çirkab suları bilavasitə su hövzələrinə, dənizlərə, qrunt sularına qarışaraq insanların sağlamlığını böyük risk altında qoyur. Bu səbəbdən də əhalinin və istehsal sahələrinin təmiz su ilə təmin olunması günün aktual problemlərindən sayılır.

 

Seolitlərdən suların təmizlənməsində geniş istifadə olunur. Bəlkədə bu yöndə yüzlərlə tədqiqatlar aparılıb və seolitlər özlərini suların təmizlənməsində adsorbent kimi təsdiq edib. Seolitlərdən heyvandarlıq və quşçuluq təsərrüfatında mineral profilaktik və müalicəvi əlavə kimi istifadə olunması məhsuldarlığın artması ilə yanaşı, heyvan və quşlarda xəstəliyə qarşı profilaktikanı da təmin edir. Heyvandarlıqda seolit tərkibli tuflardan istifadə olunması perspektivli hesab olunur, belə ki onların tərkibində 25-dən artıq mikro və makroelementlər mövcuddur. Seolitlərin gübrə ilə qarışdırılaraq torpağa verilməsi, torpaqda gübrənin uzun müddət saxlanılmasına, qida maddələrinin yuyulmasının qarşısının alınmasına, sərf olunan gübrənin miqdarının azalmasına, torpağın mikroflorasının yaxşılaşmasına və məhsuldarlığın artmasına səbəb olur. Digər tərəfdən radioaktiv tullantıların basdırılmasında seolit süxurlarından istifadə olunur. Maye halında olan radioaktiv tullantıların tərkibindəki rubidium, sezium, stronsium, kobalt, barium, kalsium, xrom və başqa radioaktiv elementləri seolitlər seçici olaraq sorbsiya edir. Maye halında olan radioaktiv tullantıların basdırılması çox böyük çətinliklər yaradır. Lakin seolitlərdən istifadə etməklə bu tullantıların basdırılması həm asan, həm də etibarlı olur. 

 

- Növbəti dəfə Naxçıvanın təbii seolitinə əsaslanan ixtira patentini almısınız. Bu münasibətlə sizi təbrik edirik. Əldə etdiyiniz seolit tipi hansı üstünlüyü ilə fərqlənir?

 

- Təşəkkür edirəm. Son patentim Naxçıvanın təbii seolitindən, katalizator və adsorbent kimi geniş tətbiqə malik olan, ZK-4 tipli seolit sintezinə aiddir. Qeyd etməliyəm ki, ZK-4 tipli seolit yüksəksilisiumlu minerallar qrupuna daxildir və bu seolitlərin alınması əsasən üzvi mühitdə aparılır. Lakin bizim tərəfimizdən sintez olunan bu seolit üzvi mühit olmadan, mülayim şəraitdə, az miqdarda kimyəvi reaktiv istifadə etməklə, ən əsası isə proses yerli xammal əsasında aparılıb. Bilirik ki, elmin qarşısında duran ən əsas problemlərdən biri elmin istehsalata inteqrasiyasıdır. Bu istiqamətdə, düşünürəm ki, yerli xammaldan bu və ya digər tədqiqat işlərində istifadə etmək zəruridir.

 

Bu, sayca mənim üçünçü patentimdir. Bundan öncəki patentlər məhz yerli xammaldan istifadə etməklə, mülayim şəraitdə sənayedə geniş praktiki əhəmiyyətə malik olan tomsonit və erionit tipli seolitlərin alınma üsullarına görə əldə edilib. Bu seolitlərin alınmasında Muxtar respublikada ehtiyatı milyonlarla tonla ölçülən gil minerallar qrupuna daxil olan qalluazit və dolomitdən istifadə olunub.  

    Mənbə:
    0
    76
    0
    0 şərh

    Ən çox oxunanlar

    • Bugün
    • Həftə
    • Ay

    Son şərhlər

    Trenddə olanlar