Aİ Çinin yeni "İpək Yolu" layihəsinə rəqib olmağı hədəfləyir.
"Qlobal Gateway" adlı layihəyə 300 milyard avronun xərclənməsi planlaşdırılır. Cebhe.info xəbər verir ki, Avropa İttifaqı (Aİ) yeni investisiya proqramı ilə Çinin yeni "İpək Yolu" layihəsinə rəqib olmağı nəzərdə tutub. AB Komissiyasının sədri Ursula von der Leyen tərəfindən Brüsseldə ictimaiyyətə təqdim edilən layihə çərçivəsində 2027-ci ilə qədər dövlət və özəl resurslardan istifadə etməklə, dünya miqyasında avtomobil yolları, dəmir yolları kimi nəqliyyat əlaqələri ilə dənizin altından keçən fiber optik internet kabelləri, elektrik şəbəkələri və infrastruktur layihələri həyata keçiriləcək, səhiyyə sisteminə investisiya qoyulacaq.
“Global Gateway” (Qlobal Keçid Qapısı) adlanan layihə rəsmi olaraq bu cür fəaliyyətə başlamasa da, 2013-cü ildə Türkiyənin də daxil olduğu Çinin həyata keçirdiyi “Bir kəmər, bir yol” layihəsinə Aİ-nin cavabı hesab olunur. Çin layihə çərçivəsində müxtəlif ölkələrə kreditlər verərkən özünə siyasi və iqtisadi üstünlüklər təmin edir. Çinin rəsmi məlumatına görə, Pekin administrasiyası 2020-ci ilə qədər layihəyə təxminən 124 milyard avro ayırıb.
Mövzu ilə bağlı sualı cavablandıran Komissiyasının sədri Aİ-nin dünyada “etibarlı tərəfdaş” kimi görünmək və demokratik dəyərlərinə görə təqdir olunmaq istədiyini bildirib və qeyd edib ki, "Qlobal Gateway “ mövcud layihələrə konkret alternativdir. AB Komissiyasının layihə sənədində iqlim dəyişikliyi ilə mübarizə və rəqəmsallaşma təşviq edilir, şəffaflıq, bərabərlik və yerli əhalinin layihələrdən faydalanması kimi prinsiplərə xüsusi önəm verilir.
Layihə qismən Avropa İnvestisiya Bankı və Aİ proqramları, Aİ büdcəsi və üzv dövlətlər hesabına maliyyələşdiriləcək. Layihənin əsasən Afrika, Latın Amerikası və Asiya ölkələrini əhatə etməsi planlaşdırılır. "Qlobal Gateway" çərçivəsində nəzərdə tutulan bəzi layihələrin artıq planlaşdırıldığı və ya başlandığı, lakin açıqlanan təşəbbüslə yeni siyasi çərçivəyə salındığı vurğulanır.
"Qlobal Gateway" çərçivəsində nəzərdə tutulan layihələr arasında Afrikada hidrogen istehsalı, Qara dənizdə dənizin altından çəkiləcək fiber-optik kabellərlə yüksək sürətli internet bağlantısı, İordaniya ilə İsrailin işğalı altındakı Qərbi Şeria arasında yeni körpünün tikintisi daxildir.
Avropa şirkətlərinə də ixrac güzəştlərinin verilməsi gözlənilir. Bu yolla, sözügedən bölgələrdəki rəqiblərinə və ya Çin şirkətləri kimi dövlətin təşviqlərindən faydalananlara qarşı Avropa şirkətlərini dəstəkləmək hədəflənir.
"Qlobal Gateway" konsepsiyasının həyata keçirilməsi və resursların rəsmi transferinə başlamaq üçün Avropa Şurası və Avropa Parlamentinin təsdiqi tələb olunur.
Nigar