• Şikayət et

"Azərbaycanda ABŞ gizli laboratoriyaları" - Rusiya hərbi dairələri Bakıya təzyiq etməyə çalışır


"Bioloji silah laboratoriyaları" iddiasının arxasındakı gerçək
Rusiya növbəti dəfə Azərbaycan ərazisində ABŞ bioloji silah laboratoriyalarının olduğunu iddia edib. Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının (RCBZ) rəhbəri İqor Kirillov iddia edir ki, Pentaqon tərəfindən 2014-2022-ci illərdə postsovet respublikalarında (Ukrayna, Gürcüstan, Moldova, Azərbaycan) 500-dən çox elmi-tədqiqat layihəsi həyata keçirilib.
Kirillovun açıqlamasında əsas hədəf Ukrayna olub.
Rusiya dövlət rəsmisi iddia edir ki, ABŞ son illərdə Ukraynada çoxlu sayda bioloji silahları öyrənən laboratoriyaların fəaliyyətini dəstəkləmək üçün Ukrayna Elm və Texnologiya Mərkəzinə 350 milyon dollar vəsait ayırıb. Kirillovun açıqlamalarını geniş yazmağa gərək yoxdur, mövzu aydındır. Ukraynada Rusiya üçün “təhlükə” istehsalı indiki vaxtda başa düşüləndir.
Məsələ ondadır ki, bu iddia yeni məsələ deyil. Rusların Ukrayna ilə bağlı məlum kimyəvi silah, NATO genişlənməsi iddialarının kökündə hazırkı müharibəni bir şəkildə “əsaslandırmaq”, haqq qazandırmaq dayanır. Ukraynaya Rusiyanın işğal hərəkatı başladıqdan bu yana bir neçə Rusiya dövlət rəsmisi oxşar iddia ilə çıxış edib. Bu, təxminən 2003-cü ildə ABŞ-ın İraqa müdaxiləsi öncəsi Vaşinqton və London rəsmilərinin kimyəvi silah bəhanələrinə bənzəyir.
Hazırda müharibənin davam etdiyi bir zamanda Ukrayna ilə yanaşı daha 3 respublikanın adının hallanması qəribədir. Belə görünür ki, Rusiyanın hərbi-siyasi dairələri məqsədli şəkildə bu ölkələri hədəf taxtasına çıxarırlar. Ukrayna və Gürcüstanın Rusiya ilə münasibətləri məlumdur. Moldova və Azərbaycan isə Rusiyanın tam olaraq təsir edə bilmədiyi, siyasi tərəfsizliyini qoruyub saxlayan ölkələrdir.
Bu iddianın ən qəribə tərəfi odur ki, rusiyalı general Azərbaycanın adını səsləndirməsə də, dərc olunan materialda ölkəmizin də adı qeyd olunub. Yəni başqa sözlə, Rusiya tərəfi əlində əsas olmadığı üçün rəsmi ağızdan bu iddianı səsləndirmir, amma bu cür dolayı yollara əl ataraq Bakını ittiham etməyə çalışır.
Məsələ ondadır ki, bu, Rusiya tərəfinin Azərbaycana qarşı ilk iddiası deyil. 2018-ci ildə, eləcə də bu ilin əvvəlində fərqli rus mənbələri Azərbaycanda ABŞ laboratoriyaları olduğu iddiasını ortaya atmış, Azərbaycanı öz ərazisində ABŞ laboratoriyaları saxlamaqda günahlandırmışdı.
Bu il yanvarın 22-də “Rossiya-24” telekanalında verilən jurnalist Arkadi Mamontovun müəllifi olduğu “Andromeda ştammı” sənədli filmində keçmiş SSRİ-nin bir çox respublikalarında ABŞ Müdafiə Nazirliyinin maliyyə vəsaiti ilə tikilmiş mikrobioloji laboratoriyalarının olduğu iddia edilirdi. Siyahıda Azərbaycan da vardı.
2018-ci ildə isə yenə Kirillivun şəxsində rusiyalı hərbi dairələr Azərbaycanda 8 bioloji silah laboratoriyanın olduğunu qeyd edirlər. Amma o zaman siyahıda Azərbaycanla yanaşı Moldova, Gürcüstan, Qazaxıstan kimi ölkələrdə də var idi. Mamontovun siyahısında isə Özbəkistanın da adı vardı.
Kiçik internet araşdırmasından belə aydın olur ki, Rusiya rəsmiləri təkcə son 3-4 ildə MDB məkanının az qala bütün ölkələrində ABŞ laboratoriyalarının olması barədə iddialar səsəndiriblər, hətta bəzi ölkələrdə, o cümlədən Rusiyanın müttəfiqi Ermənistanda bu laboratoriyaları tapıb ifşa ediblər. Ancaq nə o zaman, nə də indi Azərbaycanda belə bir laboratoriyanın mövcudluğunu təsdiq edən hər hansı sənəd üzə çıxmayıb. Lakin məhz indi, Ukrayna ilə müharibənin qızğın vaxtında Rusiya ordusunun kimyəvi silahlarla bağlı məsul şəxsi Ukrayna ilə yanaşı yalnız 3 ölkənin adını çəkir. Nə Orta Asiya respublikaları, nə də Ermənistanın – halbuki ruslar Ermənistanda 10-dan çox belə laboratoriyanın olmasını isbat etmişdilər – adı çəkilmir. Əvəzində Rusiya ilə açıq-aşkar münaqişədə olan Ukrayna və Gürcüstan, Avropaya inteqrasiya xəttini tutmuş və Moskva ilə məsafəli davranan Moldova, nəhayət Azərbaycan. Başqa sözlə, bioloji silah laboratoriyaları iddiası Rusiyanın post-sovet respublikalarına qarşı “işlənmiş” təzyiq rıçaqlarından biridir.
Daha sadə dildə ifadə etmiş olsaq, bu “siyahı” məqsədli tərtib olunub. Məqsəd Azərbaycana təzyiq etməkdir. İndi əlbəttə, kimsə düşünə bilər ki, hazırda dünyada təklənən, təcrid olunan Rusiyaya Azərbaycanla münasibətləri soyuqlaşdırmaq, Bakıya qarşı əsassız ittihamları ortaya atmağın hansı faydası ola bilər? Əksinə, Moskva bununla Bakı ilə münasibətlərini zədələyir.
Əlbəttə, ilk baxışdan Rusiyanın bioloji silah laboratoriyası ittihamları Moskvanın özünə qarşı çevriləcək bu hərəkət kimi görünsə də, arxasında daha dərin məqsədlər yatır. Bu addımın arxasında Brüssel danışıqlarının nəticələri, Azərbaycanın Qarabağdakı hərbi aktivliyi, Ukrayna məsələsində Bakının siyasəti Moskvada kimlərində ürəyincə deyil. Ona görə də Bakıya qarşı birbaşa deyil, bu şəkildə dolaylı zərbə vurmağa çalışırlar.
Moskvanın indiki məqamda Bakıya qarşı bu şəkildə “əcinnə ovu” siyasəti aparması iki dövlət arasında rəsmi münasibətlərə, qonşuluq siyasətinə ziddir. Dünyadan təcrid olunmaqda olan bir ölkənin qonşularını təhlükə mənbəyi elan etməsi heç şübhəsiz ki, yaxşı niyyətdən xəbər vermir. Amma əgər iddia varsa, iddiaçının bunu isbat etməsi lazımdır. Rusiya tərəfi isə ən azı 4 ildir müxtəlif ağızlardan bu iddiaları ortaya atır, amma heç zaman ortaya tutarlı fakt qoya bilməyib.
İkinci tərəfdən, artıq dünya dəyişir, bu cür əsassız iddialarla çox uzağa getmək olmaz. Ən yaxşı halda kiçik şovinist qruplar üzərində qısa müddətli təsir qoymaq olar. Bu da uzun davam edə bilməz. Çünki qeyd etdiyim kimi, iddianı əsaslandırmaq üçün fakt lazımdır. Fakt isə ortada yoxdur.
Nəhayət, bu üsulla Azərbaycana təzyiq etmək fikri yumşaq desək, düzgün hesablanmayan gedişdir. Saxta, əsassız iddialar üzərindən Bakıya təzyiq etmək artıq mümkün deyil.

Mənbə:
0
1157
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar