• Şikayət et

Böyük Qafqazda səyahət: “Çətin idi, amma sağ qaldıq…” - Foto

 

Səfərə Xınalıqdan başladıq. Bakıdan Xınalığa avtobusla, ordan isə son nöqtəyə kimi piyada, çiynimizdə 12-15 kiloluq çanta ilə getməli idik. Bir az gəzdikdən sonra Qudyalçayı keçmək kimi çətin bir mərhələ var idi qarşıda.

Qudyalçay deyirəm sizə… Gur suyuna baxanda adamı vahimə basır. İlk olaraq bələdçimiz çayı keçdi və kəndiri o tərəfdən bizə atdı. Bir neçə cəhddən sonra, nəhayət, kəndiri tuta bildik. İkinci mən keçmək qərarına gəldim. Ortada dərinləşən çayda müvazinətimi itirdim, əgər əlimi kəndirdən buraxsaydım, sürətlə azan çay məni aparacaqdı.

Çaya düşməyin ən qorxulu tərəfi odur ki, boğulmaqdan daha dəhşətlisi daşlara çırpılmaq ehtimalıdır. Bələdçinin “dayanma, qəti dayanma, hərəkət elə, dayanma” deyərək qışqırması və çayın məni aparacağı halda baş ver biləcək dəhşətləri bir anlıq gözümün önünə gətirməyim mənə təkan verdi.

Düzdür, arada balansı itirdim, az qala qabağa yıxılacaqdım, ancaq var gücümü toplayıb çayı keçdim. Qudyalçay o qədər soyuq idi ki, ayaqlarım göynəyirdi və heç nə hiss etmirdim. Çayı salamat keçdiyimə görə hər kəs əl çaldı. Amma sən demə, əsl həngamə qabaqda imiş.

Turda olan xanım dostlarımızdan biri, çayın ortasında müvazinətini itirdi və sürətlə axıb getdi. Filmlərdə gördüyüm səhnənin canlı şahidi oldum. Sürüşkən daşlar, sürətli çay çox asanlıqla onu sararaq, qoynuna alıb apardı. Xoşbxətlikdən cəld tərpənərək dostumuzu çıxara bildik.

Dizi, qolu qan içində çaydan çıxsa da, sağ-salamat idi. Daha sonra qalanlar da asta-asta çayı keçdi. Çətin idi, amma sağ idik…

Təxminən on kilometr gəzdikdən sonra ilk kamp ərazisinə çatdıq, çadırımızı qurduq, yeməyimizi yedik, bir az söhbət edib saat 9 radələrində yatmağa getdik. Çünki ikinci gün ən çətin gün olmalı idi...

Gecə yağışın sədasından, göyün gurultusunadn, küləyin səsindən çadırda yatmaq mümkün deyildi.

Səhər saat 5 tamam və biz artıq oyanmışıq. Yola hazırlaşmalıyıq, çünki həmin günü havanın yağışlı, soyuq olacağı deyilmişdi. Həm də ən uzun məsafəni səfərin ikinci gün getməliydik. Qarşıda bizi təqribən 15-20 dəfə Qudyalçayı o yan bu yana keçmək kimi çətin yol gözləyir. Elə də oldu.

Sürətlə axan çayın ortasında görmədiyin, ancaq hər an ayağının düşə biləcəyi dərinliklər var. Qudyalçayı keçmək üçün özümüzü hazırladıq. Ehtiyatlı olmalı idik. Buz kimi çayı keçəndə ayaqlar soyuq sudan keyləşməyə, “yanmağa” başlayır. O dərəcədə keyiyir ki, artıq soyuğu hiss etmirsən.

Daha sonra qarşımıza iki dağı körpü kimi birləşdirən buzlaşmış qar yığını çıxdı. Sürüşkəndir, yıxılacağımız halda birbaşa gur axan Qudyalçayın qucağına düşə bilərdik. Bir neçə belə təbii körpünü keçib, növbətiyə addım atanda ayaqlarımın altında buzun çatlaq səsini eşitdim. Geriyə qayıdıb digər addımı atanda isə buz qırıldı və bir ayağım boşluğa düşdü. Möhkəm dayanmış digər ayağımın hesabına boşluqdan çıxıb yola davam etdim. Bütün maneələri bax belə, heç nə olmamış kimi keçib gedirdik.

Hava çox dəyişirdi və birdən-birə yolumuza elə duman-çən gəldi ki, qarşıda addımlayan tur yoldaşımı görə bilmədim. Getdikcə yolu seçmək çətinləşirdi. Ona görə öndə olanlar dayanıb, arxada gələnləri səslədilər ki, istiqaməti düzgün götürə bilsinlər.

Səhər 7-də başladığımız 20 kilometrlik məsafəni axşam 6-da tamamlaya bildik. Yenə də çadırımızı qurduq, yeməyimizi yedik, çayımızı içdik və yatdıq. Sonuncu gün bizi 8 kilometrlik çətin bir eniş gözləyirdi.

Səhər oyanıb yola düşdük. Elə bir az getmişdik ki, beş iri çoban iti hürərək üstümüzə cümdü. Bizi əhatəyə almağa çalışırdılar. Əlimizdə olan yürüş çubuqları ilə onları qorxutmağa, yavaş-yavaş hərəkət etməyə çalışırdıq. Çox qəzəbli idilər, çünki biz onların ərazisinə gəlib çıxmışdıq. Canımızı buradan da salamat quratara bildik.

Səkkiz kilometrlik məsafəni çox kəskin və iti qırılmış daşların üzəri ilə, sel yatağı boyunca aşağı düşmək, meşəliyin içiylə, sərt bucaq altında olan təpəlikdən, qayalıqdan enmək sizə heç də asan gəlməsin. Aşağı düşəndə özümü dağ keçisi kimi hiss edirdim.

Sonda gəldik gördüyüm ən qumlu, palçıqlı və qara rəngli Dəmiraparançaya. Hər şeyi elə çayın adı deyir – dəmir aparan.

Qudyalçaydan da sürətli və dəli-dolu axan Dəmiraparançayı keçməli idik. Hətta öz özümüzə də deyirdik ki, bu çay dəmiri aparırsa, gör bizim başımıza nələr gətirəcək. Xoşbəxtlikdən yolumuzu uzatmaqla, yenə qayalara dırmanıb-düşməklə Dəmiraparançayı keçmədik. Gəlib son nöqtəyə çatdıq, dostlarımızı gözləyib bir-birimizi təbrik etdik.

Burada əsas məqsəd məsafəni birinci qət etmək deyil, sağ qalmaq və səyahəti minimum xəsarətlə tamamlamaqdır.

Çətin hesab olunan Xınalıq (Qudyalçay)-Laza (Qəbələ, Dəmiraparançay) turuna insanları, xüsusilə də xanımları cəlb etmək asan deyil. Qalxdığım 4243 metr Şahdağ zirvəsindən sonra 3200 metr hündürlük az görünsə də, təhlükəli, stresli və sözün hər iki mənasında ağır olan bu turda insan orqanizminin, bədəninin məcbur olduğu halda nələrə dözə biləcəyini bir daha özümə sübut etdim.

Növbəti zirvələrdə görüşərik...

Bakı-Xınalıq-Bakı

Mənbə:
0
143
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar