"Cəlaləddin Rumidən soruşurlar ki, bütün dünyanı gəzdin, çoxlu kitablar oxudun, nə öyrəndin? Cavab verir ki, həddimi. Hər bir insanın bəlli bir yerə qədər həddi var. O hədd pozulduqda, aşıldıqda qanun, eyni zamanda başqasının hüququ pozulur. Misal üçün, sürət həddini nəzərə almadan avtomobili yüksək sürətlə idarə edirsən, istəmədən qəza törədir, xoşagəlməz nəticəyə səbəb olursan. Sürət həddini aşdığına görə hansısa piyadanı vurur, bir atanı, ananı övladsız, bir ailəni başsız, yaxud öz həyatına son qoyursan. Ona görə sürətə hədd qoyulur. Həyat da belədir”. Bu barədə "Baku TV”nin canlı efirində jurnalist Tural Müseyibovun qonağı olan Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib. Şöbə rəisi tövsiyə edib ki, vətəndaşlar münasibətlərdə həddi aşmasınlar: "Tövsiyəmiz budur ki, münasibətlərdə hədd aşılmamalıdır. Biz bir-birimizi cəmiyyətdə ictimai münasibətlərə, hüquq qaydasına riayət etməyə səsləməli, buna riayət etməliyik. Hüquq nədir? Hüquq dövlət tərəfindən mühafizə olunan və hamı üçün məcburi sayılan normalar sistemidir. Hüquq vasitəsi dövlətdir. Dövlət bunu tənzimləyir, nizamlayır. Bu tənzimlənmə və nizamlanma prosesinə hər bir vətəndaş töhfə verərsə, bizim ümumi ictimai ictimai münasibətlər sistemində vəziyyəti hər gün yaxşıya doğru dəyişə bilərik”. Alpər TURAN