Ermənistanın Baş naziri Nikol Paşinyanın Qarabağın statusuna dair dekabrın 24-də səsləndiridiyi fikirlər rəsmi İrəvanın Azərbaycana ərazi iddiasından imtina etməsi kimi qiymətləndirilə bilər.
Qeyd edək ki, Paşinyan keçirdiyi mətbuat konfransında “Qarabağın son statusunun dəqiqləşdirilməsi Azərbaycan konstitusiyası əsasında baş verməlidir”,-deyə fikir söyləyib.
Lakin Ermənistan hökumətinin başçısı yaranmış vəziyyətə görə eks-prezidentlər Robert Köçəryanı və Serj Sarkisyanı ittiham edib. “Qarabağ münaqişəsi üzrə danışıqlar prosesi əzəldən erməni tərəfinin xeyrinə getməyib. Qarabağ tənzimlənməsi ilə bağlı ATƏT-in Minsk Qrupu həmsədrlərinin hələ 2016-cı ildə irəli sürdüyü təkliflər isə ermənilər üçün faciəvi olub”,-deyən Baş nazir ATƏT-in Minsk qrupu tərəfindən 3 təkliflər paketinin təqdim edildiyini bildirib: “2011-ci ildən ilk dəfə olaraq, Dağlıq Qarabağa erməni tərəfinin geniş təbliğ və reklam etdiyi kimi, “müvəqqəti keçid statusu” sözü daxil edilməyib.
Təkliflər toplusunda Dağlıq Qarabağın qurumları vardı, lakin heç kəs xatırlamaq istəmir ki, Dağlıq Qarabağın müvəqqəti vəziyyəti və statusu məsələsi BMT Təhlükəsizlik Şurasına ötürülüb.
Burada problem nədədir? Mümkündürmü BMT-nin bu məsələ üzrə qərarını qabaqcadan proqnozlaşdırmaq? Çünki burada bir hissə var ki, Dağlıq Qarabağ hansı ölkənin tərkib hissədir?
Əgər bu iş Təhlükəsizlik Şurasındadırsa aqibəti bəlli olur. Çünki 1993-cü ildə BMT qətnamə qəbul edib. Burada deyilir, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi”. O bildirib ki, belə olduğu halda Qarabağın son statusunun dəqiqləşdirilməsi Azərbaycan Konstitusiyası əsasında baş verməlidir. “Bəli, istənilən statusa müstəqillik demək olar, amma istənilən status Azərbaycanın tərkibindəki regionu da ifadə edə bilər. Əgər bura danışıqların məzmununda referendumun hansı ərazidə keçirilməli olduğunun qeyd edilmədiyini, bu referenduma çıxarılacaq məsələni kimin tərtib etməli olduğunun göstərilmədiyini də əlavə etsək, belə çıxır ki, mənə miras qalmış danışıqların məzmununa uyğun olaraq referendumda aşağıdakı məsələ də qoyula bilərdi: Dağlıq Qarabağ Azərbaycanın tərkibində muxtar vilayət olmasına razısınızmı? Danışıqların məzmunundan səsvermənin “əleyhinə”, müstəqillik, yoxsa “sıfır” statusu dedikdə nəyi nəzərdə tutulduğu aydınlaşmır”,-deyə Paşinyan bildirib.
Qeyd edək ki, keçmiş Dağlıq Qarabağın statusunun referendum yolu ilə müəyyənləşməsinə dair təklif “Madrid prinsiplərinin” son bəndində nəzərdə tutulurdu. Lakin bu referendumun yalnız “Dağlıq Qarabağın” erməni icması arasında keçiriləcəyi, yoxsa azərbaycanlı məcburi köçkünlərin də iştirak edəcəyi ilə müəyyənləşməmişdi. Ermənistan səsvermənin yalnız erməni əhalisi arasında keçirilməsini təklif etməklə Qarabağın ilhaqına nail olmağa çalışırdı. Ancaq Azərbaycan buna birmənalı etiraz edib. Çünki ümumxalq səsverməsi Azərbaycan Konstitusiyasının 2.1, 2.2 və 3.2-ci maddələrinə və qanunvericiliyin digər tələblərinə görə ölkənin ayrıca götürülmüş bir regionunda keçirilə bilməz. Referendum bütün ölkə ərazisində xalqın suverenliyi və ümumxlaq səsverməsi əsasında həyata keçirilməlidir.
Bundan başqa, Seçki Məcəlləsinə görə referendumda 18 yaşına çatmış, səsvermə hüququ olan Azərbaycan vətəndaşları iştirak etməlidir. Qanunvericilə əsasən, ümumxalq səsverməsi Azərbaycan dilində aparılır. Yəni əgər Qarabağ ermənilərinin statusu referendum yolu ilə həll edilməli olarsa, bu halda, səsvermə bütün ölkə ərazisində keçirilməli idi. Belə olan halda, Azərbaycan əhalisinin 99 faizi erməni separatçılarının müstəqillik və torpaq iddilarına “yox” cavabı verməli olar. Bu baxımdan, Paşinyanın dediyi kimi, Qarabağın status məsələsinin Azərbaycan Konstitusiyası ilə müəyyən edilməsi referendumun bütün ölkə ərazisində keçirilməsinə Ermənistanın razılıq verməsi deməkdir. Bu isə Qarabağa heç bir siyasi və ya özününidarəetmə statusu verilməməsinə hüquqi zəmin yarada bilər. Çünki həmin təqdirdə, ölkə əhalisi yekdilliklə ermənilərin iddiasına qarşı çıxacaq.
İkincisi, 44 günlük müharibədən sonra Qarabağın statusu məsələsi birdəfəlik gündəmdən çıxıb. Azərbaycan Prezidenti İlham Əliyev Qarabağdakı ermənilərə heç bir xüsusi status verilməyəcəyini bəyan edib. Artıq bunu Ermənistanda da dərk edirlər. Ona görə də Paşinyanın qeyd edilən açıqlaması daha çox erməni ictimai rəyinə ünvanlanıb.
O, ermənilərə BMT Təhlükəsilik Şurasının qətnamələrində Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanındığını və status məsələsinin beynəlxalq hüququn prinsiplərindən kənara çıxa bilməyəcəyinə dair mesaj verir. Yəni Paşinyan dünya ermənilərini dolayısı ilə real vəziyyətlə barışmağa çağırır. Üçüncüsü, Paşinyan Ermənistan status məsələsini Azərbaycanın Konstitusiyası çərçivəsində həllini təklif etməklə Qarabağı Azərbaycanın suveren ərazisi kimi tanıdığına işarə edir.
Bununla da Ermənistan Qarabağa olan ərazi iddiasından imtina edir. Ancaq bu, Qarabağda separatçı-terrorçu rejimin ləğvi demək deyil. Çünki Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalandıqdan sonra da Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasında hərbi təxribatlar baş verə, “müstəqillik” çağırışları səslənə bilər. Əslində, Paşinyanın status məsələsindən imtina etməsi Ermənistanı tərəf kimi münaqişədən çıxartmağa və Qarabağdakı separatçılığın Azərbaycanın daxili problemi olduğunu nümayiş etdirməyə hesablanıb. Baş nazir bu açıqlaması ilə Qarabağda baş verə biləcək gələcək proseslərə Ermənistanın müdaxilə etməyəcəyini göstəməyə çalışır. Rəsmi İrəvanın bu addımı Ermənistanın üzərindən işğalçı imici götürməyə kömək edə bilər. Ermənistanın müdaxilə etməyərək kənara çəkilməsi Azərbaycanın Qarabağ üzərində təsir imkanlarını artırır. Əlbəttə, Ermənistanın qarışmadığı və Azərbaycanın daxilində “müstəqil separatizm” ocağının qalmasından Rusiya istifadə etməyə çalışa bilər. Lakin sülh sazişinin imzalanması və Ermənistanın tərəf kimi münaqişədən çıxması 10 noyabr sazişinin qüvvədən düşməsini təmin edəcək.
Qarabağdakı separatçı rejim isə münaqişə tərəfi sayılmadığı üçün sülhməramlıların növbəti beşillikdə Qarabağda fəaliyyətini davam etdirməsi üçün hüquqi əsas qalmır. Ona görə də Azərbaycan Qarabağda suverenliyini bərpa etmək və ehtiyac yaranarsa, antiterror əməliyyatları keçirmək hüququ qazana bilər.
Müşfiq Abdulla