Dünya hazırda gözünü Ukraynaya dikib və bu ölkənin Rusiya işğalından azad olunaraq ərazi bütövlüyünün bərpasını istəyir. Rəsmi Moskvanın isə Ukraynanın Donetsk və Luqansk vilayətlərində separatçıları açıq şəkildə dəstəkləməsi, heç şübhəsiz ki, Xankəndidəki erməni separatçılara ruhi qida verir. Bu, yalnız separatçıbaşı Arutyunyanı, Balasanyanı deyil, hətta özünü sülhpərvər göstərmək istəyən Ermənistan “paşası” Paşinyanı da cuşa gətirir.
Diqqət edin, 20 fevral 1988-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR-dən çıxdığını bəyan etmələrinin, başqa sözlə “Artsaxın dirçəliş günü”nün 34-cü il dönümü ilə bağlı düzənlənən tədbirdə “dqr”-nın “Təhlükəsizlik Şurasının katibi” terrorçu Vitali Balasanyan bildirir ki, “Ermənilər həmişə Dağlıq Qarabağda yaşayacaqlar və xalqın bu torpağı qorumaq iradəsi sarsılmazdır”. Bundan əlavə, “20 fevral 1988-ci il xalqımızın qətiyyətinin, qəhrəmanlığının, azadlığının və birliyinin simvoludur”, deyən terrorçu “Qəddar müharibə minlərlə gənci əlimizdən aldı. Azərbaycan ərazilərimizin böyük hissəsini işğal etsə də, ancaq Artsaxın son məhv edilməsi planı işləmədi”, kimi sözləri həyasızlıqla ifadə edir.
Əlbəttə, ona bu sözləri deməyə şərait yaradan əsas amil rusiyalı “sülhməramlıların” öz missiyalarından kənara çıxaraq, daha çox separatçılara istənilən formada dəstək vermələridir. Məgər, 10 noyabr üçtərəfli bəyannamənin 4-cü bəndində “sülhməramlıların” gəlişi ilə separatçıların Azərbaycan ərazilərindən çıxması paralel yer almırmı? Bəs, nədən indiyədək bu bənddən irəli gələn heç bir addım atılmır? Separatçılar tərksilah edilib cinayət məsuliyyətinə cəlb olunmur? Əksinə, bu zaman ərzində separatçı-terrorçu rejimin “parlamenti” “işğal olunmuş ərazilər haqqında” qondarma “qanun layihəsi”ni qəbul etdi. Üstəlik separatçılar həyasızlıqla bu “qanun”a Azərbaycanın Şuşa, Xocavənd, Ağdərə, Hadrut, Əsgəran, Laçın, eləcə də Goranboy və keçmiş Xanlar rayonlarını daxil etdilər. Bunun ardınca isə Azərbaycana qarşı silsilə təxribatlar, gah Kəlbəcərə gedən yük maşınlarına separatçıların “polisi” baxış keçirir, gah Azərbaycan maşın karvanı geri qaytarılır, gah da “sülhməramlılara” məxsus maşının arxasında qorunaraq səngər və ya özlərinə gor qazmağa başladılar. Separatçıların əlində olan Xocalı və digər ərazilərdə qanunsuz tikinti işlərinin aparılması isə artıq adi hala çevrilib. Bütün bu imkanları onlara yaradan heç şübhəsiz ki, adı “sülhməramlı” olub, özü erməniməramlı olanlardır. Bu üzdən də, əslində indi separatçıların Azərbaycan ərazilərini tərk etmələri üçün, müğənni Manaf Ağayevin Fizuliyə gedişi yox, üçtərəfli Bəyannamənin 4-cü bəndi gündəm olmalıdır.
Sözsüz ki, bu mənada “Artsaxın dirçəliş günü”nün 34-cü il dönümü ilə bağlı Paşinyanın təxribatçı çağrışı – “Artsax bu gün yaralı olsa da, qırılmamışdır. Addımlarımız Artsax ermənilərinin hüquqlarının qorunmasına və onların beynəlxalq müstəvidə tanınmasına yönəlib”, – deməsi də, diqqətdən kənarda qalmamalıdır. Azərbaycan XİN idarəsi Paşinyanın bu təxribatçı bəyanatına dərhal cavab verməli və onu Azərbaycanın daxili işinə qarışdığına görə kəskin şəkildə qınamalı, daha doğrusu “sındırmalıdır”! Ermənistan, həmçinin digər dövlətlər anlamalıdır ki, hələlik separatçıların nəzarətində olan Xankəndi və digər ərazilər Azərbaycanın dünya dövlətləri, eləcə də beynəlxalq təşkilatları tərəfindən tanınmış hüquqi severen əraziləridir.
Doğrudur, indi Moskvanın separatçı Donetsk və Luqansk “xalq respublikalarını” dəstəkləməsi, eyni zamanda Rusiya dumasının bəzi deputatlarının onaları rəsmən tanımaq çağırışı, nəzəri baxımdan Xankəndidəki separatçıların xeyrinə olduğundan erməniləri ruhlandıra bilər. Ancaq maraqlıdır, bəs bu baş tutmasa, Ukrayna öz ərazilərini separatçılardan təmizləsə, onda Xankəndi separatçılarının aqibəti necə olacaq? Bundan başqa, erməni separatçılar niyə belə ümid edirlər ki, Rusiya hazırda dünyanın aparıcı ölkələrinin sanksiya təzyiqi altında olduğu bir halda, Azərbaycanla 20 minlik erməniyə görə öz münasibətlərini pozacaq? Əgər hətta iş o yerə çatsa belə, bəs Rusiya-Türkiyə münasibətləri, Zəngəzur dəhlizi amili və digər iri miqyaslı iqtisadi layihələr, ümumi siyasi-strateji münasibətlər necə olacaq, iki-üç separatçı erməni “yan”a qurbanmı veriləcək? Ən nəhayətdə isə bəs, bir müddət bundan öncə Azərbaycan və Türkiyə parlamentlərində ratifikasiya olunmuş Şuşa Bəyyannaməsi necə, BMT-nin 4 qətnaməsi kimi kağız üzərindəmi qalacaq?
Odur ki, istər separatçıbaşı Arutyunyan, istər qatil-terrorçu Balasanyan, istərsə də özünü gah Moskvaya, gah da Vaşinqtona “vuran” Paşinyan bir şeyi qanmalıdır ki, Xankəndi və digər ətraf ərazilər Azərbaycanın əzəli torpaqlarıdır. Onlar bu yerlərdə “müstəqil respublika” yaratmalarını yalnız dünya dağılanda, İsrafil surunu çalanda görərlər…(moderator)