""Media haqqında” Qanunun qəbulu, Media Reyestrinin yaradılması ilə bağlı müddəaların tətbiqi ifadə, media azadlığına ziddir”.
Azərbaycanın müstəqil jurnalistləri və media mütəxəssisləri "Media haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi nəticəsində ortaya çıxan problemlərlərlə bağlı mövqe sənədi imzalayıb.
Sənəddə bildirilir ki, yeni qanunvericilik 2021-ci ilin dekabrında tələm-tələsik parlamentdə müzakirəyə çıxarılıb və qəbul edilib.
Qanun 2022-ci ilin fevralında ölkə başçısının təsdiqləməsilə qüvvəyə minib. Yeni qanun media və jurnalistlərin vahid reyestrinin yaradılmasını nəzərdə tutur.
Reyestrin aparılması qaydaları ölkə başçısının 26 sentyabr 2022-ci ilə tarixli Fərmanı ilə təsdiq edilib:
"Biz – bu müraciəti imzalayanlar, "Media haqqında” Qanunun, xüsusilə onun vahid reyestrin yaradılması ilə bağlı müddəalarının media, ifadə azadlığını məhdudlaşdırmağa geniş imkanlar açdığını görürük. Yeni qanunun tətbiqinin media, jurnalist azadlığına, onların hərəkət və fəaliyyət sərbəstliyinə çox ciddi neqativ təsir edir. Təəssüf ki, qanuna, onun media azadlığı ilə bağlı ciddi problemlər yaradan və yaradacaq müddəalarına fərqli yanaşmağa heç bir əsas yoxdur, çünki ümumilikdə qanun Azərbaycan Konstitusiyasına və ölkəmizin tərəfdar çıxdığı başlıca beynəlxalq müqavilələrdən olan Avropa İnsan Hüquqları Konvensiyasına da ziddir. Bu, Avropa Şurası Venesiya Komissiyasının rəyində də aydın şəkildə göstərilib, şərh edilib”.
Sənəddə qeyd olunur ki, media reyestrinin formalaşdırılmasına başlandıqdan sonra tənzimləyici orqan olan Medianın İnkişafı Agentliyi uzun müddət fəaliyyət göstərən 10-dan artıq medianın reyestrə daxil edilməsindən texniki səbəbləri əsas gətirərək imtina edib:
"Onlarla media və jurnalistlərə xəbərdarlıq olunub. Həm bu, həm də reyestr formalaşdırılmasından sonrakı mərhələ, yüzlərlə medianın fəaliyyətinə reyestrdə olmamalarına görə xitam verilməsi təhlükəsi yaradır. Hazırda qeydiyyatdan keçməyən medialar, jurnalistlər hətta parlamentin açıq iclaslarına buraxılmır. Regionlarda jurnalistlərin peşə fəaliyyətlərini həyata keçirməsinə əngəllər yaradılır. Belə bir xoş olmayan durum, təkcə yüzlərlə mediada çalışanların fərdi problemlərlə üzləşməsi deyil, ölkəmizin media və ifadə azadlığı ilə bağlı gələcəyinə sağalmaz yaralar vuracaq”.
Mövqe sənədində bildirilir ki, əslində imza edənlər reyestrin əleyhinə deyil, ancaq media və jurnalistlər üçün məcburilik prinsipinə söykənməyən, sadəcə, statistik baza rolu oynayan, könüllülük prinsipi üzrə, ifadə, media azadlığını zədələməyən resursun formalaşdırlmasını doğru sayırlar:
"Media, jurnalistika fəaliyyəti ilə məşğul olan peşəkarlar onsuz da öz fəaliyyət sahələri üzrə rəsmi vergi, habelə, digər rəsmi texniki qeydiyyatına sahibdirlər. Rəsmi qurumlarda olan həmin bilgilərin bir resursda ümumiləşdirilib toplanması daha uyğun olardı. Bütün başqa formalarda yaradılacaq reyestr, mahiyyətcə lisenziya, icazə rolunu oynayacaq, bu da ilk növbədə Azərbaycan Konstitusiyasına ziddir”.
"Biz, qeyd edilənləri nəzərə alaraq, dünyanın heç bir mütərəqqi ölkəsində belə məzmunda media qanunvericiliyinin mövcud olmadığını vurğulayaraq, "Media haqqında” Qanunun reyestrin yaradılması ilə bağlı müddəalarının, xüsusilə də 65.4.4-cü maddəsinin qanundan çıxarılmasını tələb edirik”, – deyə sənəd müəllifləri qeyd edirlər.
Sənədi aşağıdakı media mənsubları imzalayıblar:
1. Ələsgər Məmmədli 2. Xədicə İsmayıl 3. Şahvələd Çobanoğlu 4. Alya Yaqublu, 5. Aynur Elgünəş, 6. Xalid Ağaliyev 7. Kamran Mahmudov 8. Ülvi Həsənli 9. Mehman Əliyev 10. Rövşən Hacıbəyli 11. Şəmşad Ağa 12. Sevinc Vaqifqızı 13. Gülər Mehdizadə 14. Şahnaz Bəylərqızı 15. Natiq Cavadlı 16. Hüseyn İsmayılbəyli 17. Aynurə Heydərova 18. Tatyana Kryuçkina 19. Hafiz Babalı 20. Esmira Cavadova 21. Nərgiz Absalamova 22. Fərid İsmayılov 23. Aytac Əhmədova 24. Şahin Cəfərli 25. Qənimət Zahid 26. Şəmistan Həzi 27. Elnarə Qasımova 28. Samirə Qasımlı 29. Mustafa Hacıbəyli 30. Samirə Əhmədbəyli 31. İslam Şıxəli 32. Ramin Deko 33. Müşfiq Cabbar 34. Seymur Kazımov 35. Sahilə Aslanova 36. Anar Abdulla 37. Ülviyyə Əli 38. Təzəxan Mirələmli 39. Elmar Əziz 40. Çingiz Sultansoy