• Şikayət et

Messinin mundial arzusu

Qətərdə futbol üzrə növbəti dünya çempionatının başlanmasına bir həftə qalır. Aparıcı idman telekanalları, portalları və xəbər saytları birincilik ərəfəsində müxtəlif fikirlər bildirir, öz mülahizələrini səsləndirirlər. Mundialda qalib olmaq hər bir ölkə futbolçusunun arzusudur. Lakin bir futbolçu var ki, o, mundialın qızıl medalını qazanmağa hamıdan daha çox istəklidir. Bu futbolçu dünya çempionluğu titulundan savayı bütün mükafatlara hələ gənc yaşlarından yiyələnib. Əlbəttə söhbət Argentina millisinin və Fransanın PSJ klubunun ulduz futbolçusu Lionel Andres Messidən gedir.
Dünya futbolunun canlı əfsanəsi 2004–2021-ci illərdə İspaniyanın “Barselona” klubunda çıxış edib. 2021-ci ildən isə PSJ-nin uğurları üçün çalışır. Karyerası ərzində çoxsaylı mükafatlar qazanan Messinin yalnız bir mükafatı çatmır–dünya çempionu titulu. Bu titulu qazanmaq onun ən böyük arzusudur.
Məşhur futbolçu 2009-cu ildə ilk “Qızıl top” və FİFA-nın Dünyada İlin Oyunçusu mükafatlarına yiyələnib. Bunun ardınca, 2011, 2012, 2013, 2016, 2019, 2020 və 2021-ci illərdə də “Qızıl Top”u qazanan Messi, ümumilikdə, bu mükafatın yeddiqat qalibidir. Ulduz futbolçu həmçinin 2010–2011-ci illər mövsümündə UEFA tərəfindən təqdim olunan Avropada “Ən yaxşı oyunçu” mükafatına sahib olub.
Messi 24 yaşında “Barselona”nın indiyə qədər bütün turnirlərdə ən çox qol vuran oyunçusu kimi tarixə düşüb. 25 yaşında isə “La Liqa” oyunlarında 200 qol həddini keçən ən gənc oyunçudur.
Ulduz futbolçu “Barselona”nın heyətində 10 dəfə İspaniya La Liqasının qalibi olub. O, Kataloniya klubu ilə altı dəfə İspaniya Kral Kubokunu, beş dəfə isə Superkuboku başı üzərinə qaldırıb. Messi dörd dəfə UEFA Çempionlar Liqasının, üç dəfə UEFA Super Kubokunun və iki dəfə FİFA Klublararası Dünya Kubokunu qazanıb.
Messinin uğurları haqqında danışarkən onun UEFA Çempionlar Liqası yarışlarında ardıcıl dörd dəfə bombardir seçilən ilk və yeganə oyunçu olmasını da unutmaq olmaz. Bu günədək futbol tarixində ən çox “het-trik” müəllifi kimi rekordunu da özündə saxlayan Leo 2012-ci ilin martında Çempionlar Liqasında ilk dəfə bir oyuna 5 qol vurmaqla da tarixə düşüb. O, həmçinin Çempionlar Liqasında bir mövsümdə 14 qol vurmaqla yeni rekorda imza atıb. Messi 2011–2012-ci illər mövsümündə 72 qol vuraraq Avropada yeni rekord müəyyənləşdirib.
Messi bir çox göstəricilərdə dünya rekordunu əldə edib: 289 qolla La Liqa tarixində ən çox qol vuran, 50 qolla bir La Liqa mövsümündə ən çox fərqlənən, 91 qolla bir təqvim ilində öndə olan, Çempionlar Liqasında bir oyunda ən çox – 5 qol vuran və çempionlar liqasında ən çox – 5 dəfə bombardir olan oyunçudur.
Messi ilk dəfə 2005-ci ildə 20 yaşadək futbolçular arasında Dünya Kuboku yarışında Argentina millisinin heyətində çıxış edib, turniri ən yaxşı oyunçu və bombardir kimi tamamlayıb. 2006-cı ildə o, FİFA Dünya Kubokunda oynayan ən gənc argentinalı oyunçu kimi tarixə düşüb və həmçinin 2007-ci ildə Kopa Amerikada finalçı olub. Bu yarışda da o, ən yaxşı gənc oyunçu seçilib. 2008-ci ildə Argentina Olimpiya milli futbol komandası ilə Olimpiya çempionu olub. “SportsPro” qəzeti Messini dünyada “ən dəyərli ikinci” oyunçu kimi” qiymətləndirib. İstedadı və oyun tərzi ilə tez-tez bənzədildiyi Dieqo Maradona Messini öz xələfi kimi göstərib.
Dünya futbolunun canlı əfsanələri argentinalı ulduz futbolçu haqqında danışarkən heyranlıqlarını gizlətmirlər. Peşəkar futbol mütəxəssisləri Messini meydanda topla ecazkar davranan sehirbaza bənzədirlər. Onun göstərdiyi oyun texnikası azarkeşləri valeh edir. Bir sözlə, Messinin ustalığı və qazandığı titullar haqqında çox danışmaq olar. Lakin bütün bunları tamamlamaq üçün onun Qətər mundialının qalibi olması çox vacibdir.

Mənbə:
0
1008
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar