İbrahim Rüstəmli: “Baxmayaraq ki, İranla olan quru sərhədlər bağlıdır, amma məqsədyonlü narkoterror siyasəti aparılır”
Məlum olduğu kimi, Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidməti İranın Azərbaycandakı narkoticarət şəbəkəsinə qarşı genişmiqyaslı mübarizə aparır. “Pünhan”, “Baba”, “Peyman”, “Araz” və sair şərti adları altında İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə ölkəmizə külli miqdarda narkotik vasitələr göndərən, sosial şəbəkələrdə gəncləri şirnikləndirici vədlərlə narkokuryerliyə cəlb edən mütəşəkkil cinayətkar dəstənin üzvləri saxlanıb.
Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən son 20 gündə paytaxt və bölgələrdə keçirilən silsilə əməliyyatlar zamanı qeyd edilən qanunsuz fəaliyyətlə məşğul olan ümumilikdə 36 nəfər saxlanıb, qanunsuz dövriyyədən 114 kiloqram müxtəlif xassəli narkotik vasitə, psixotrop maddə, elektron tərəzilər və 3 min ədəd ekstazi və metadon həbi çıxarılıb. Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb. Saxlanılanlar barəsində həbs qətimkan tədbiri seçilib. Bu şəxslərin daxil olduqları narkoşəbəkənin ölkə daxilində və xaricindəki digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir. Həmçinin, DİN əməkdaşlarının keçirdikləri xüsusi əməliyyat tədbirləri nəticəsində Azərbaycanda "din pərdəsi" altında təxribat və pozuculuq əməllərini həyata keçirən 39 nəfər müəyyən edilərək saxlanılıb. Özlərini dindar kimi qələmə verən həmin şəxslər sosial şəbəkələr üzərindən İran lehinə təbliğatlar apararaq, ölkəmizdəki dini etiqad azadlığından sui-istifadə edərək Azərbaycanda formalaşmış tolerantlıq ənənələrinə xələl gətirmək üçün İran xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetiriblər.
Bununla yanaşı, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin əməkdaşları tərəfindən 20 kiloqram 400 qram narkotik vasitənin və 300 ədəd psixotrop tərkibli həbin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb. Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
İranın Azərbaycana qarşı düşmən siyasətini davam etdirdiyi bir vaxtda, bu həm DİN-in operativ, çevik fəaliyyətinin göstəricisidir, həm də İrandan mütəşəkkil qaydada Azərbaycana qarşı düzülüb-qoşulan düşmənçilik fəaliyyətinin bir istiqamətidir. Birdən-birə böyük miqyasda belə cinayətkar fəaliyyətin ifşa olunması heç də təsadüfü deyil. Məlum olur ki, İran bu yöndə düşmənçiliyini artırır. Narkotika ilə məşğul olan və özünün himayəsində olan təşkilatları bax belə fəallaşdırmağa başlayıblar. Düzdür, onlar ifşa olunublar, amma hər halda bu, narkotiklərin yayılması istiqamətində İran xüsusi xidmət orqanlarının məqsədyönlü fəaliyyətinin bir təzahürüdür. Yəni bu sahədə də İran dövlətinin xüsusi orqanları tərəfindən idarə olunan bir düşmənçilik hərəkətləri və onun aktivləşməsi artıq hiss olunur. İran Tehranda səfirlikdə məlum terrordan sonra Azərbaycana qarşı narkotik terrorunu gücləndirib. Necə deyərlər, narkotika terrorunun yeni mərhələsinə başlayıb. Onun da əyanı sübutu keçirilən bu genişmiqyaslı əməliyyat və onun nəticələridir.
“Məqsəd Azərbaycana zərər vurmaq, cəmiyyəti zəhərləmək və dövlətimizi sarsıtmaqdır”
Məsələyə münasibət bildirən hərbi ekspert İbrahim Rüstəmli də hesab edir ki, bütün bunlar təsadüfi deyil: “Bəli, bu, İranın Azərbaycana yönəlik növbəti narkotik terrorudur və baş verənlər təsadüf deyil. Məsələ ondadır ki, Azərbaycan əraziləri işğal altında olanda İranla olan sərhəddimizin 132 kilometri erməni işğalçılarının nəzarətində idi. Həmin sərhəd zolağı nəzarətsiz olduğu üçün İranın narkoticarəti əsasən işğal altında olan ərazilər vasitəsilə həyata keçirilirdi. Məsələ ondadır ki, Qarabağla Ermənistan arasında o dövrdə hansısa buraxılış-nəzarət məntəqəsi yox idi. İran rahat şəkildə əvvəlcə narkotik vasitələri işğal olunmuş ərazilərə keçirir, daha sonra Ermənistan vasitəsilə beynəlxalq narkotrafiki həyata keçirirdi. Təbii ki, Qarabağdakı erməni separatçıları ilə yanaşı Ermənistan xüsusi xidmət orqanları da bu işin içində idilər. Məlum olduğu kimi, Vətən müharibəsi zamanı ərazilərimiz işğaldan azad edildi. Eyni zamanda, İranla həmsərhəd olan və uzun illər işğal altında qalan sərhəd xətti nəzarətimizə keçdi. Bu, İranın narkotik ticarətinə vurulan güclü zərbə idi. İran narkotacirləri uzun illər istifadə etdikləri marşrutdan məhrum oldular. Bu isə bütün mənalarda onlara böyük zərbə idi. Lakin buna baxmayaraq, sonrakı dövrlərdə İran xüsusi xidmət orqanları yenidən sərhəddə narkoticarətə üstünlük verməyə cəhdlər etdilər. Ancaq Azərbaycanın güc orqanlarının sayıqlığı sayəsində belə halların qarşısı alındı. Azərbaycanın Tehrandakı səfirliyində törədilən terrordan sonra İran açıq şəkildə ölkəmizə qarşı narkoterrora start verdi. Baxmayaraq ki, İranla olan quru sərhədlər bağlıdır, amma məqsədyonlü narkoterror siyasəti aparılır. Məqsəd Azərbaycana zərər vurmaq, cəmiyyəti zəhərləmək və dövlətimizi sarsıtmaqdır. Ancaq molla rejimi öz mənfur məqsədlərinə çata bilməyəcək”.
Vidadi ORDAHALLI