• Şikayət et

Müxalifət Paşinyanı devirə bilər?

Son günlər Ermənistan müxalifəti xeyli fəallaşıb. Çoxsaylı etiraz aksiyaları - yürüşlər keçirilir. Etirazçılar və polis qarşı-qarşıya gəlir, artıq onlarla saxlanılan var. Müxalifət dayanmayacağını, aksiyaların ən azı mayın 5-nə kimi sürdürüləcəyini bəyan edib. Etirazçıların əsas tələbi baş nazir Nikol Paşinyanın iqtidardan getməsidir.
Müxalifət Paşinyanın başçılıq etdiyi hökuməti Qarabağ məsələsində "yolverilməz güzəştlərə getməkdə" ittiham edir.
Aprelin 6-da Brüsseldə görüşmüş Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan sülh sazişi üzərində işləməyə razılaşıblar.
Müxalifətin belə fəallaşmasının arxasında Rusiya dayanırmı, Paşinyan devrilə bilərmi?
Siyasi şərhçi Asif Nərimanlı Modern.az-a bildirib ki, müxalifətin fəallığı hələ 6 aprel tarixli Brüssel görüşündən öncə başlayıb:
"Görüş və ondan sonra bu fəallıq daha da aktiv mərhələyə keçdi. Buna səbəb kimi Azərbaycan-Ermənistan arasındakı sülh danışıqları göstərilir. Paşinyanın "Qarabağın statusu" məsələsini arxa plana keçirməsini beynəlxalq vəziyyətlə bağlaması müxalifətin etirazını daha da gücləndirib. Onu qeyd etmək lazımdır ki, ilk aksiyaya başlayan şəxs xüsusi xidmət orqanlarının keçmiş rəhbəri Artur Vanesyandır. O, vaxtı ilə Paşinyan hakimiyyətində nazir postu tutmuş şəxsdir. İndi isə Serj Sarkisyanın partiyasının əsas üzvlərindən biridir. Artur Vanesyanın fəallaşmasına səbəb "Qarabağ klanı" içərisindən kimin daha irəli çıxacağı ilə bağlıdır. Bu, daha çox xal qazanmağa hesablanmış addımdır”.
Ekspertin sözlərinə görə, eks-prezident Robergt Köçəryan daha çox Rusiyaya meyillidir. Serj Sarkisyan da tarix boyu Rusiya ilə işləyib.
"Ancaq o və xüsusilə də Vanesyan Rusiya ilə əlaqədə olsalar da, daha çox Qərbdəki erməni lobbisi ilə işləyirlər.
Çünki Qarabağ məsələsi erməni diasporunun gələcəyi baxımdan vacibdir. Yəni bunlar üçün əsl ideologiyadır. Bu dəqiqə həmin məsələ ilə bağlı ən çox maliyyə, elə digər yardımları da diaspor verir. İndi müxalifətin belə fəallaşması bir növ bu dəstəyin daha çox kimin qazanmasına yönəlmiş gediş kimi görünür. Köçəryan xətti isə tamam ayrı xəttdir”.
Siyasi təhlilçi baş nazir Nikol Paşinyanın devrilmə ehtimalını belə dəyərləndirib:
“Bunların Paşinyanı devirmək cəhdlərinin uğurlu olmasına ehtimal azdır. Çünki müxalifət faktiki bütöv deyil. Bu məsələdə nə qədər bir araya gəlsələr də, aralarında müharibədən sonra ciddi fikir ayrılıqları görünür. Erməni cəmiyyətində də müharibə tərəfdarları azdır. Bu, özünü müharibədən sonra Paşinyanın yenidən baş nazir seçilməsində də göstərib. Ən az 50 faizə yaxın insan yenidən müharibə istəmir. Bu məsələnin bitməsini istəyirlər. Onlar da bilirlər ki, Paşinyan Azərbaycanla sülh sazişi imzalamaqdan imtina etsə, regionda yeni gərginlik yarana bilər. Fikrimcə, bu məsələdə Paşinyanın əli güclüdür. Hətta hakimiyyətə qarşı təxribatlar güclənərsə, Nikol Paşinyan həmişəki taktikasından istifadə edəcək. Yəni öz tərəfdarlarını hadisələrə cəlb edəcək və bununla əzələ nümayiş etdirəcək. Yəni o, buna da gedə bilər. Lazım olsa, o da əks etirazlar, aksiyalar keçirə bilər. Bunu da görə bilərik. Bəli, gərginlik olacaq, proseslər uzanacaq. Ancaq Paşinyanın hakimiyyətdən devrilməsi həqiqətəuyğun görünmür. Bu məsələdə onun əlinin daha güclü olduğu görünür".

Mənbə:
0
1188
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar