İsveçdə İslam dinində müqəddəs kitab sayılan “Quran”ın yandırılmasıyla əlaqədar yalanmış qalmaqalın səs-küyü yatmamış qonşusu Norveçdə də bənzər etiraz aksiyasının planlaşdırılması haqda məlumat yayılıb. Türkiyə yayılan bu məlumata dərhal və sərt reaksiya verib.
Bizimyol.info xəbər verir ki, Norveçin Ankaradakı səfiri fevralın 2-də Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb. Yayılan məlumatlarda bildirilir ki, Norveçdə “Quran”ı yandırmaqla gerçəkləşdiriləcək etiraz aksiyasının fevralın 3-də keçirilməsi nəzərdə tutulub.
“Səfirə çatdırılıb ki, açıq-aşkar dini nifrət təbliğ edən, bu təxribatçı addımın qarşısının alınması üçün uyğun addım atılmaması sərt şəkildə qınanılır. Bu cür davranış yolverilməzdir”, - diplomatik mənbələr bildirib.
Müzakirələr zamanı vurğulanıb ki, Norveçdə müvafiq qurumların fevralın 3-də keçirilməsi nəzərdə tutulan bu etiraz aksiyasına icazə veriməyəcəyinə ümid edirlər.
Yanvarın 21-də Danimarkanın ifrat sağçı Stram Kurs Partiyasının lideri Rasmus Paludan Türkiyenin Stokholmdakı səfirliyi qarşısında “Quran”ı yandırıb. Türkiyə bu aksiyaya sərt reaksiya verib.
“Buna kimse fikir, ifadə azadlığı deyə bilməz. Bu gün başqa bir dinin simvolunun, başqa bir kitabın yandırılmasına icazə vermirlər, amma “Quran”dan, İslam düşmənliyindən söz gedirsə, dərhal ifadə, düşüncə azadlığı deyirlər”, - Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirmişdi.
Hakim Ədalət və İnkişaf Patiyasının sözçüsü Ömər Çelik baş verənlərə dərhal kəskin reaksiya vermişdi: “İsveç bu gün insanlığa qarşı cinayət olan bir etiraz aksiyasına icazə verdi. Bu, ifade azadlığı deyil, bütün insani dəyərlərə qarşı düşməncəsinə münasibətdir. Təəssüf ki, İsveç yetkililəri də insanlığa qarşı cinayət olan bu etirazın bir parçasına çevrildi”.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə bəyan edib ki, “Quran”ın yandırılmasına və cırılmasına icazə verdiyi müddətdə İsveçin NATO üzvlüyünə “hə” deməyəcəklər: “Mənim müqəddəs kitabımın yandırılmasına, cırılmasına icazə verdiyin müddətdə NATO-ya daxil olmağınıza “hə” deməyəcəyik”.
Aytən, Bizimyol.info