• Şikayət et

Nyu-Yorkda üçüncü Xəzər Biznes forumu keçirilib

 

Nyu-Yorkda Xəzər regionunun iqtisadi problemlərinə və imkanlarına həsr edilmiş növbəti biznes forum keçirilib. AZƏRTAC xəbər verir ki, forum Azərbaycan, Gürcüstan, Qazaxıstan, Türkiyə, Özbəkistan və Türk Dövlətləri Təşkilatının dəstəyi ilə Xəzər Siyasi Mərkəzi tərəfindən təşkil edilib.
Xəzər Siyasi Mərkəzinin icraçı direktoru Əfqan Nifti tədbiri açaraq Xəzər Biznes forumu kimi platformanın əhəmiyyətini vurğulayıb, bildirib ki, bu platforma çərçivəsində biznes liderləri, ekspertlər və xarici siyasət sahəsində mütəxəssislər, habelə ABŞ-dan və region ölkələrindən olan dövlət xadimləri yeni iqtisadi istiqamətlərin və imkanların öyrənilməsi üçün dialoq apara bilirlər.
Birinci iclasın moderatoru Xəzər Siyasi Mərkəzinin aparıcı eksperti, keçmiş diplomat Riçard Hoqland idi. İclasda ABŞ və Xəzər regionu ölkələrinin nümayəndələri enerji resursları axınının artırılmasına tələbat, enerji infrastrukturunun gələcək inkişafı məsələlərini müzakirə ediblər. ABŞ Dövlət Departamentinin Enerji Resursları Bürosu katibinin köməkçisi Ceffri Payett, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) administratoru köməkçisinin müavini Anjali Kaur ABŞ ilə Xəzər regionu ölkələri arasında biznes, ticarət və investisiyalar sahəsində qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi imkanlarını və bu sahədə qarşıda duran vəzifələri müzakirə ediblər.
Ceffri Payett deyib: “Bugünkü forumda diskussiyaların çoxu bir məsələyə həsr edilib: biz birlikdə necə işləməliyik ki, enerji resurslarına qlobal tələbat təmin edilsin və eyni zamanda iqlim dəyişmələrinin dağıdıcı nəticələri və zərəri problemi həll edilsin. Enerji təhlükəsizliyi və iqlim dəyişmələri ciddi təhdidlərdir, lakin onlar eyni zamanda dostluğumuzu möhkəmlətmək, yeni texnologiyaların və təkmilləşdirmələrin iqtisadi üstünlüklərindən istifadə etmək üçün imkan yaradır. Xəzər regionunda hasil edilən təbii qaz artıq indi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində çox mühüm rol oynayır. Buna parlaq nümunə olan Cənub Qaz Dəhlizi göstərir ki, rəqəmsal əməkdaşlığın və texnoloji innovasiyaların köməyi ilə çox şeyə nail olmaq mümkündür”.
USAID nümayəndəsi Anjali Kaur deyib: “Biz Beynəlxalq İnkişaf Agentliyində Xəzər regionunu ideyalar, mədəniyyət və innovasiyalar mənbəyi hesab edirik. 30 ildən çoxdur ki, biz Mərkəzi Asiyadakı tərəfdaşlarımızın uğurlarını, müstəqilliyini və firavanlaşmasını dəstəkləyirik. Bütün bu dinamik regionda sülhün və təhlükəsizliyin dəstəklənməsi, hökumətlərdə islahatlar, iqtisadi artım, energetika, səhiyyə və təhsilin şaxələndirilməsi üçün pul vəsaitləri şəklində birbaşa yardım göstəririk”.
Tədbirdə Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim, Gürcüstan xarici işlər nazirinin birinci müavini Laşa Darsaliya, Qazaxıstan xarici işlər nazirinin müavini Sedat Önal və Türk Dövlətləri Təşkilatının baş katibi Bağdad Amreyev Xəzər regionu ilə ABŞ arasında tərəfdaşlığın və əməkdaşlığın genişləndirilməsi üçün potensial işgüzar imkanları müzakirə ediblər. Səfir Xəzər İbrahim deyib: “Mənim fikrimcə, biz Birləşmiş Ştatlar və Xəzər regionu barədə danışırıqsa, qısa tarixçi icmal verməliyik. Bu icmal çox əlamətdardır”.
Türk Dövlətləri Təşkilatının baş katibi Bağdad Amreyev deyib: “Biz elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı əməkdaşlıq yolu ilə həm türk dünyasında, həm də onun hüdudlarından kənarda firavanlaşma səylərini davam etdirsin və buna şərait yaratsın”.
USAID-in keçmiş rəhbəri, Xəzər Siyasi Mərkəzinin böyük eksperti Marqo Ellisin moderatorluq etdiyi ikinci panel iclasında özəl sektorun nümayəndələri iştirak edirdi. ABŞ İxrac-İdxal Bankının keçmiş prezidenti və direktorlar şurasının sədri Kimberli Rid, “BP America” şirkətinin beynəlxalq münasibətlər şöbəsinin rəhbəri Robert Şer, SOCAR-ın prezidentinin müşaviri Samir Kərimli, Xəzər Siyasi Mərkəzinin böyük eksperti və ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert F.Sekuta dünya enerji bazarında qlobal tədarük xətlərinin dəstəklənməsində beynəlxalq biznesin və beynəlxalq əlaqələrin rolunu, Xəzər regionunda biznes, ticarət və investisiyalar sahəsində qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək imkanlarını və mövcud problemləri müzakirə ediblər.
Tədbirin sonunda Əfqan Nifti ABŞ ilə Xəzər regionu ölkələri arasında strateji tərəfdaşlıq imkanları yaratmağın və inkişaf etdirməyin əhəmiyyəti barədə fikirlərini bölüşmüş bütün çıxışçılara və qonaqlara təşəkkürünü bildirib.

Mənbə:
0
156
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar