"Koronavirus pandemiyasına qalib gəlmək üçün hər bir insanın iştirakı lazımdır, mən onun 2022-ci ildə bitəcəyinə inanmaq istəyirəm".
Cebhe.info xəbər verir ki, bunu “Rossiya 24” telekanalına müsahibəsində Rusiyanın səhiyyə naziri Mixail Muraşko deyib.
“Həqiqətən, pandemiyanın bitəcəyinə inanmaq istəyirəm. Hazırda bu mürəkkəb prosesdə və çətin işdə hər kəsin iştirakı sadəcə zəruridir, bunu hamının hiss etməsi lazımdır”, - deyə Muraşko bildirib.
Səhiyyə Nazirliyinin rəhbəri onu da vurğulayıb ki, koronavirusla mübarizədə profilaktik istiqamət prioritet vəzifədir.
Xatırladaq ki, bir müddət əvvəl Muraşko bildirmişdi ki, bu günədək 78 milyondan çox rusiyalı koronavirus peyvəndinin ilk komponentini alıb.
Onun sözlərinə görə, Səhiyyə Nazirliyinin bu gün koronavirus xəstələrinin müalicəsi üçün imkanları kifayət qədərdir.
Eyni zamanda Muraşko vurğulayıb ki, COVID-19 üçün yeni dərmanların ortaya çıxması peyvəndin təxirə salınması üçün səbəb ola bilməz.
Bildirək ki, Rusiya dünyada COVID-19-a qarşı peyvəndi qeydiyyatdan keçirən ilk ölkə olub və həmin peyvənd "Sputnik V" adlandırılıb.
Daha sonra Rusiya istehsalı “EpiVacCorona”, “KoviVac” və “Sputnik Light” peyvəndləri qeydə alınıb.
Sevinc Tapdıqqızı