• Şikayət et

Qətər: mundiala sayılı günlər qalır

Qətərdə keçiriləcək 2022-ci il futbol üzrə dünya çempionatı noyabrın 20-si bazar günü start götürəcək. Mundialın açılış oyunu Bakı vaxtı ilə saat 20:00-da olacaq. Dünya çempionatının ilk matçı ev sahibi komandanın iştirakı ilə 80 min nəfər azarkeş tutumuna malik “Al Bayt” stadionunda keçiriləcək. İlk oyunda Qətər millisi Ekvador yığması ilə qarşılaşacaq. Yeri gəlmişkən, noyabrın 20-si start götürəcək mundial dekabrın 18-də başa çatacaq.
Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) əvvəlcədən verdiyi məlumata görə, qrup mərhələsinin oyunları dekabrın 2-dək olacaq. Səkkizdəbir final mərhələsinin matçları dekabrın 3-dən 6-dək keçiriləcək. Ali futbol qurumunun məlumatında deyilir ki, dördəbir final mərhələsinin görüşləri dekabrın 9-u və 10-da baş tutacaq. Yarımfinal oyunları isə dekabrın 13-ü və 14-ü tarixlərində keçiriləcək. Dünya çempionatına yekun vuran final matçı isə dekabrın 18-də “Lusail” stadionunda keçiriləcəkdir. Üçüncü yer uğrunda matç dekabrın 17-də Qətərin paytaxtı Dohadakı “Xəlifə” stadionunda oynanılacaq.
Məlumat üçün deyək ki, bu mundial digər dünya çempionatları ilə müqayisədə xeyli fərqlənir. Belə ki, təşkilatçı ölkə dünya çempionatına rekord məbləğdə vəsait sərf edib. İlk dəfə böyük futbol tədbirinə ev sahibliyi edəcək Yaxın Şərq ölkəsi mundial üçün 220 milyard dollar xərcləyib. Bu, 2018-ci ildə Rusiyada (11,6 milyard dollar), 2014-cü ildə isə Braziliyada (15 milyard dollar) keçirilən çempionatlara xərclənən vəsaitdən dəfələrlə çoxdur.
Bildirilir ki, bu vəsaitin böyük hissəsi Qətərin 2030-cu il üçün inkişaf planının bir hissəsi olan infrastruktur xərcləridir. Qətərin təkcə bu tədbir üçün 8 stadion hazırladığı məlumdur. Onlardan yeddisi 2022-ci il dünya çempionatı üçün inşa edilib. Səkkiz stadionun hər biri təxminən bir saatlıq məsafədədir. Stadionlar Günəş panelləri ilə təchiz edilib və ən müasir soyutma sistemlərinə, o cümlədən, bəzi stadionlarda açıq hava kondisionerinə malikdirlər.
Yeri gəlmişkən, bir müddət əvvəl Böyük Britaniyanın “The Guardian” nəşri dünya çempionatının əsas favoritlərini açıqlayıb. Argentina millisi mundialın qalibi olmağa ən şanslı komanda kimi göstərilib. Dünya çempionluğuna ikinci namizəd Braziliya yığması hesab olunur. Üçüncü favorit komanda isə İspaniya millisi hesab edilir. İlk onluqdakı digər favorit komandalar–Niderland, Almaniya, Fransa, Danimarka, Belçika, Portuqaliya və İngiltərə milliləridir. Reytinqi Cənubi Koreya, Kosta-Rika, Qətər, Avstraliya və Səudiyyə Ərəbistanı seçmələri qapayır.
Qeyd edək ki, bu, 32 komandanın iştirakı ilə təşkil ediləcək sonuncu dünya çempionatıdır. Belə ki, 2026-cı ildə ABŞ, Kanada və Meksikanın birgə təşkilatçılığı ilə keçiriləcək mundialda 48 komanda yarışacaq.

Elçin ABBASOV,
 

Mənbə:
0
1250
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar