Tıxacda qalan Bakı: Problemdən çıxış yolu görünmür

Bakı küçələrinin daimi problemi olan tıxaclar dözülməz həddə çatıb. Son üç gündür, Bakı küçələrində tıxac üzündən hərəkət etmək tam müşkülə çevrilib. Xüsusən günün səhər və axşam saatlarında - pik vaxtı paytaxtda “tıxac müsibəti” yaşanır.

Maraqlısı budur ki, əvvəllər tıxaclar, əsasən, Bakının mərkəzində müşahidə olunurdusa, artıq paytaxtdan kənardakı yollarda da hər gün avtomobil sıxlığı qeydə alınır. Məsələn, aeroport yolunda metronun “Koroğlu” stansiyasına, ordan da Heydər Əliyev prospekti ilə paytaxtın mərkəzinə doğru əsas və əlavə yollarda hər gün tıxac müşahidə olunur.

Tıxac və sıxlıqlar nəticəsində yol-nəqliyyat hadisələrin sayı da ötən dövrlə müqayisədə artıb. Vətəndaşlar işə, tələbələr universitetə, şagirdlər isə məktəb vaxtında çata bilmir.

Tıxacla bağlı müxtəlif səbəblər göstərilir. Bəziləri ali və orta məktəblərin açılmasını, bəziləri son günlər havaların yağmurlu keçməsini əsas gətirir. Ancaq nəzərə alsaq ki, Bakıda məktəblər yalnız COVİD-19 pandemiyası səbəbindən son bir il ərzində fasilələrlə bağlanıb, paytaxta da yağış ilk dəfə yağmır, deməli, səslənən səbəblər inandırıcı deyil. Onda Bakının son günlər tıxaca düşməsinin səbəbi və bundan çıxış yolları nədir?

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli APA-ya açıqlamasında bildirib ki, tıxacların və sıxlıqlarının yaranmasının iki səbəbi var: “Birincisi süni səbəblərdir. Bunu insan faktoru yaradır. Belə ki, sürücülərimiz yolda dayanma-durma qaydalarına riayət etmirlər, piyadalar yolun nəzərdə tutulmuş hissəsindən keçmirlər. Piyadalar yolları xaotik keçdikləri üçün avtomobillər onlara yol verməyə məcbur olur. Bu səbəbdən yolda hərəkət sürəti avtomatik aşağı düşür. Klassik süni sıxlıqların yaranmasının səbəbləri bundan ibarətdir. İkinci hal odur ki, Bakıda milyonlarla insan yaşayır, avtomobillərin də sayı çox, nəzərdə tutulmuş yolların kilometrajı isə azdır. Şəhərimizdə cəmi 3 min kilometr yol mövcuddur. Ölkədə 1 milyon yarım nəqliyyat vasitəsi var, bu avtomobillərin 70 faizi paytaxtda idarə olunur. Dünyada yollarda hərəkət sıxlığı müqayisə ediləndə, əsas arqumentlərdən biri olaraq yolların kilometrajına, uzunluğuna düşən avtomobil vasitələrinin sayını götürürlər. Bizim yollarımız da elə çox deyil və istiqamətləri azdır”.

A. Əsgərli bildirib ki, tıxaclarının qarşısı alınması istiqamətində DYP əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir: “Bizim əməkdaşlarımız da müəyyən saydadır və bütün küçələrdə eyni anda xidmət apara bilməzlər. Buna baxmayaraq, əməkdaşlarımız tam tərkibdə günün pik saatlarında yollarda hərəkəti nizamlayır. Bildiyiniz kimi, yol polisi əməkdaşları yol ayrıclarında hərəkəti tənzimləyir, eyni zamanda, təhlükəsizlik kameralarından “Yaşıl dalğa” komandası verilir, digər əməkdaşlar isə icra edir.

Əsas məsələ yolun hərəkət istiqamətində parklanmanın qarşısını almaq və ümumi yolun keçiriciliyini ləngitməməkdir. Bununla da paytaxtda hərəkət dinamikasına xələl gəlməyəcək. Bütün insanlardan xahiş edirik ki, fərdi yox, mümkün qədər ictimai nəqliyyat vasitələrinə üstünlük versinlər. Çünki tərəfimizdən ictimai nəqliyyat zolaqları da ciddi nəzarətə götürülüb. Bu zolağa daxil olan şəxsi avtomobillərə cərimələr tətbiq olunur. Sürücülərdən bu qaydalara əməl edib, ictimai nəqliyyatın fəaliyyətini dəstəkləməyi xahiş edirik”.

DYP rəsmisi qeyd edib ki, tıxacların qarşısının alınmasında vətəndaşların da rolu olmalıdır: “Bununla bağlı artıq bəzi ziyalılarımız mövqeyini ortaya qoyub. Məsələn, ötən gün Bakı Dövlət Universitetinin rektoru, Elçin Babayev universitetə gələn tələbələrin valideynlərinə müraciət edərək onlardan övladlarını müşayiət etməmələri xahiş etdi. Əslində, bu, bir rektorun, bir ziyalının mövcud problemə bildirdiyi mövqedir. Hesab edirik ki, Elçin Babayevin bu təşəbbüsü artıq bir neçə gündür, yol polisi tərəfindən də edilən çağırışlara ictimai məsuliyyətin artırılması istiqamətində verilən ən böyük dəstəkdir. Ölkəmizin ali təhsil müəssisələrinin rektorlarının, eləcə də cəmiyyətimizdə ictimai nüfuza malik şəxslərin yol hərəkəti təhlükəsizliyi məsələlərinə həssas münasibəti bizi sevindirir. Bu nəcib addımı yol hərəkəti təhlükəsizliyi marafonunun başlanğıcı hesab edir və bütün ziyalılarımızı belə çağırışlara qoşulmağını xahiş edirik”.

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev APA-ya bildirib ki, son vaxtlar pandemiya səbəbindən, o cümlədən ictimai nəqliyyatın fəaliyyətinə tətbiq edilən bəzi məhdudiyyətlər nəticəsində Bakı şəhərində avtomobilləşmə səviyyəsi və şəxsi minik avtomobillərindən istifadənin artması müşahidə edilir: “Bu da onsuz da dolu olan Bakı küçələrində pik saatlarda tıxacların yaranmasına gətirib çıxarır. Eyni zamanda əksər iş və xidmət sahələrində fəaliyyətin bərpa edilməsi və təhsilin bütün pillələri üzrə əyani tədrisə keçid gündəlik səyahət saylarını əhəmiyyətli dərəcədə artırıb.

Təbii ki, bundan əlavə, tıxacın yaranmasına səbəb olan bir sıra digər amillər də var. Bunlara qanunsuz parklanma halları, yol ayırıcılarının keçmə qaydasının pozulması, avtobus dayanacaq məntəqələrinin zəbt edilməsi, qanunsuz sərnişin daşınmalarının mövcudluğu, yol infrastrukturunda olan çatışmazlıqlar, o cümlədən də “butulka effektləri” daxildir. Səbəblər sırasında gün ərzində baş verən yol nəqliyyat hadisələrini, nasaz nəqliyyat vasitələrinin yolun hərəkət hissəsində qalması hallarının çoxluğu da var”.

M. Ağayev qeyd edib ki, BNA tərəfindən qeyd edilən məsələlərin hər biri diqqətdə saxlanılır və aradan aldırılması istiqamətində qısa və uzun müddətli tədbirlər icra edilir:

“Yeni tədris ilinin başlanması ilə əlaqədar xüsusən də əsas ictimai nəqliyyat dəhlizləri olan küçə və prospektlərə nəzarət artırılıb. Mütəmadi olaraq pik saatlarda svetoforlarda “Yaşıl dalğa” tətbiq edilir. Həmçinin, qanunsuz parklanma hallarına nəzarət də gücləndirilib. Əbəttə ki, Agentlik tərəfindən problemli yol sahələri ilə bağlı yeni layihələrin işlənməsi, insanların şəxsi minik avtomobillərindən imtinasının stimullaşdırılması üçün alternativ nəqliyyat növlərinin, o cümlədən ictimai nəqliyyatın inkişafı və müntəzəm sərnişindaşıma xidməti göstərən nəqliyyat vasitələrinin yollarda üstünlüyünün təmin edilməsi istiqamətində də layihələrinin hazırlanması və icrası işləri davam etdirilir.

Bu çərçivədə bildiyiniz kimi, avtobus zolaqları təşkil edilir. Son günlər müşahidə olunan vəziyyət zolaqların artırılması və bir şəbəkə formasında təşkilinin zəruriliyini göstərir. Eyni zamanda digər avtomobil sürücülərinin bu zolaqların tələbinə riayət etməsinə nəzarət də gücləndirilməlidir. Bu, həm gün ərzində iki milyon yarımdan çox ictimai nəqliyyat istifadəçisinin rahatlığı və tıxacda qalmaması, həm də şəxsi nəqliyyat vasitələrindən istifadənin azalması baxımından vacibdir”.

Qeyd edək ki, yağış sularının küçələri basması tıxacın əsas səbəblərindən biri kimi göstərilir. Odur ki, “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı ilə də danışdıq.

A. Cəbrayıllı APA-ya bildirib ki, Bakı şəhərinə yağan intensiv yağış bəzi ərazilərdə su yığılmalarına səbəb olub: “Bəzi sosial şəbəkə istifadəçiləri “Azərsu” ASC-nin yağış sularının öhdəsindən gələ bilməməsi barədə fikirlər səsləndirirlər. Qeyd etmək istəyirik ki, “Azərsu” ASC tərəfindən avqust ayından başlayaraq kanalizasiya xətləri, kollektorları, yağış barmaqlıqları, baxış quyularının təmizlənməsinə başlanılıb və onlar tam işlək vəziyyətdədir.

Kanalizasiya kollektorları, kanalizasiya nasos stansiyaları intensiv yağıntı zamanı izafi yüklənib və bəzi ərazilərdə su yığılmaları müşahidə olunub. Lakin yağış səngiyəndən qısa müddət sonra həmin sular tamamilə çəkilib. Bu isə onunla izah olunur ki, kollektorlar eyni zamanda həm məişət-təsərrüfat, həm də yağış sularını daşımaq gücündə olmayıb. Səhər saatlarından etibarən ərazidə çalışan əməkdaşlarımız və qəza briqadaları yaranmış problemlərin həlli istiqamətində lazımi tədbirlər görüblər.

Bir daha xatırlatmaq istəyirik ki, Bakı şəhərində yağış suları üçün ayrılmış xətlər çox az bir ərazini əhatə edir və yaranmış səth sularının böyük hissəsi kanalizasiya xətlərinə axıdılır. “Azərsu” ASC yağış sularının axıdılmasına cavabdeh qurum deyil. “Su təchizatı və tullantı suları haqqında” qanunun 39-cu maddəsində göstərilir ki, yağış sularının ümumi istifadədə olan kanalizasiya sistemlərinə axıdılması qadağandır”.

P.S. Aidiyyəti qurumlar da tıxacların yaranması ilə bağlı öz səbəblərini və bunun aradan qaldırılması üçün görülən tədbirləri açıqladı. Belə aydın olur ki, hər qurum üzərinə düşən vəzifəni yerinə yetirir, amma problem aradan qalxmır. Problem həll olunmursa, deməli, aidiyyəti qurumlar daha əlverişli variantlar və çıxış yolları axtarıb tapmaq barədə düşünməlidir. Əks halda, Bakının tıxac problemi aradan qalxana oxşamır. Əksinə, vəziyyət getdikcə daha da pisləşəcək.

Mənbə:
0
321
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar