Oruclu halı ilə koronavirusa qalib gələn jurnalist: “Sanki yenidən doğulursan”

“Müasir insanın qidalanma ilə bağli problemi yoxdur, artıq qida qəbul etməklə bağlı problemi var” – İsmayıl Rafiqoğlu

Pandemiyanın hələ də davam etdiyi bu günlərdə müsəlmanlar bir aylıq Ramazan oruclarını yekunlaşdırdılar. AYNA-nın həmsöhbəti, sağlam həyat tərzini dəstəkləyən jurnalist İsmayıl Rafiqoğlu da Ramazan orucunu tutanlardandır. Həm də COVID-19-a yoluxduğu bir zamanda.

Jurnalist təsdiq edir ki, insanın düzgün qidalanması və sağlam həyat tərzi sürməsi ilə immuniteti arasında əlaqə danılmazdır: "Müasir dövrdə düzgün qidalanmaq olduqca çətindir. Marketlərdə rəflərə baxdığımızda insan orqanizminə ziyanli tərkibdə nə qədər çox qida olduğunu görərik. Hər tərəfdə "fastfood" qidalar, qazlı içkilər və s. satılır. İnsanların çoxu da bu qeyri-sağlam qidalardan istifadə edir və immunitet də məhz buna görə zəifləyir. Eyni zamanda, Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, hazırda yer üzündə iki milyarda yaxın insan artıq çəki və piylənmədən əziyyət çəkir. Bu da xəstəlik deməkdir və ciddi müalicəsi tələb olunur".

"Müasir insanın qidalanma ilə bağli problemi yoxdur, artıq qida qəbul etməklə bağlı problemi var. Buna görə də insan vaxtaşırı aclıq elan etməli, oruc tutmalıdır. Bunu ona görə etməlidir ki, orqanizm istirahət etsin", - deyə həmsöhbətimiz fikrini davam etdirib.

Rafiqoğlu vurğulayıb ki, Ramazan ayında bir ay oruc tutmaq orqanizmi dincəldir, ruhu təmizləyir: "Oruc tutanların çoxu təsdiqləyər ki, bir aylıq orucdan sonra elə bil, dünyaya yenidən gəlir adam. Ona görə oruc tutduqda immunitetin zəifləməsi fikri ilə razı deyiləm. Özüm oruc tuturam və immunitetim kifayət qədər qaydasındadır”.

“Bu ərəfədə COVID-19-a yoluxdum. Lakin immunitetiim güclü olduğu üçün xəstəliyi də yüngül keçirdim. Doğrudur, bir həftəyə qədər bir az ağır dövrü oldu, temperaturum yüksəldi amma bu, normal hal idi", - deyə o, qeyd edib.

Rafiqoğlu oruc tutmağın immuniteti zəiflətməsini inkar edir və virusa yoluxduğu, müalicə aldığı günlərdə də orucunu pozmayıb: "Xəstəliklə mübarizə apardığım günlərdə bir növ oruc tutmağa məhkum idim. Onsuz da insan xəstələnəndə, yüksək qızdırma ilə yatanda qida qəbul edə bilmir, bu, mümkünsüz olur".

Həmkarımızın dediyinə görə, xəstəliklə mübarizə apardığı günlərdə orqanizminin qidaya yox, suya ehtiyacı olduğunu hiss edib: "Səhər və axşam yeməklərində orqanizmimin su ehtiyacını təmin etməyə çalışırdım. Virusun kəskin dövründə qidalanmağa iştahım olmasa da, özümü məcbur edirdim. Sistemlərimi də iftardan sonra vurdururdum".

"Mən hesab edirəm ki, insana qidalanmaq yox, qidadan qorunmaq, qidanın miqdarını birə beş azaltmaq lazımdır. Bu dəqiqə artıq qidalanma müasir dünyanın ən dəhşətli problemlərindəndir. Artıq qida orqanizmdə onlarla xəstəliyin yaranmasına səbəb olur. Buna görə də mən hesab edirəm ki, təkcə Ramazan ayında yox, il boyu da həftədə, ayda bir neçə gün oruc tutmaq lazımdır. Özüm də imkan daxilində buna əməl edirəm. Bundan əlavə aclıq günlərim olur, həmin günlərdə bir sutka qida qəbul etmirəm, ancaq su içirəm. Ramazan ayında da oruc tutmağa daha sərt yanaşıram", - deyə jurnalist fikrini davam etdirib.

Müsahibimiz hesab edir ki, oruc tutmaqda heç bir çətinlik, problem yoxdur: "İnsan oruc tutmaq istəyirsə, bunu edir və orqanizm bu sistemə çox gözəl adaptasiya olur. Əgər orqanizmimizi buna öyrəşdirə bilsək, görərik ki, orqanizmimizə necə bir rahatlıq gəlir. Sadəcə qidalanmaya diqqət etmək lazımdır. İmsakda və iftarda artıq qida qəbulu, iftarda həddindən artıq yemək və imsakda qidalanmadan oruc tutmaq düzgün deyil".

0
108
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar