• Şikayət et

“Dreamliner”in pilotu: “Sərnişinlər elə bilirlər ki, avtopilot pilotdan kənar düşünür, amma əslində...” - FOTO

Səyahət zamanı ölkə sərhədlərindən kənara getməyin ən rahat yolu hava nəqliyyatıdır. Amma gözəllik qurban tələb elədiyi kimi, uçmaq da sizə o qədər asan gəlməsin. Səyahət vaxtı yaxınlaşdıqca həyəcan da artır. Çoxumuz özümüzü o dəmir yığınının içində xəyal etməyə başladıqda ağlımıza min cür fikir gəlir. Fobiyası olan, təzyiqi olan, yaşlısı, uşağı - hər kəs bir ayrı hiss keçirir.

Bu qədər insanın keçirdiyi hisslərin, bəlkə də, beşqat artığını sərnişinlərin mənzilbaşına sağ-salamat çatmasının məsuliyyətini daşıyan pilotlar keçirirlər. Bu gün bizi göyün üzü ilə sağ-salamat dünyanın müxtəlif nöqtələrinə çatdıran pilotların peşə bayramıdır.

Oxu.Az AZAL-ın əməkdaşı “Boeing-787 Dreamliner” hava gəmisinin kapitanı Sərxan Məhərrəmov ilə həmsöhbət olub.

Müsahibim çəkiliş olmasına baxmayaraq, təyyarəyə minmək üzrəykən son yoxlamalarını edirmişcəsinə diqqətlə təyyarəyə baxırdı.

- Pilotlar uçuş həyata keçirəcəkləri ölkənin hava şəraiti ilə öncədən tanış olurlar. Elə havaların dəyişkən keçməsini nəzərə alıb söhbətə hava ilə başlayaq dedim. Hava şəraiti qeyri-qənaətbəxş olduğu halda hansı addımları atırsınız?

- Hava ilə bağlı uçuşlara verilən qərar, əslində, iki hissədən ibarət olur. Məsələn, Bakıdan Nyu-York istiqamətinə uçuş həyata keçiriləcəksə, təyyarə havaya qalxmamış hava məlumatları yoxlanılır. Hava məlumatlarında uçuş üçün təyinat nöqtəsində hava şəraiti qənaətbəxş deyilsə, təbii ki, uçuş saatı bitənədək hava şəraiti yaxşılaşmayacaqsa, reysi gecikdiririk. Bu barədə də hava limanı ərazisində fəaliyyət göstərən müvafiq qurumlara məlumat veririk.

İkinci hal isə təyyarə artıq havada olarkən dəyişkən hava şəraiti ilə rastlaşmaqdır. Təyinat nöqtəsinə yaxınlaşarkən hava şəraitinin pisləşməsi müşahidə edilir. Təyyarələrimiz müasir texnologiyalara cavab verdiyi üçün biz istənilən ölkədə hava durumu ilə bağlı məlumatları öncədən əldə edə bilirik. Müşahidə etdiyimiz hava yaxşı deyilsə və təhlükəsiz eniş üçün maneələr varsa, təbii ki, qərar qəbul edirik ki, ehtiyat hava limanına eniş edilsin. Bu, əksər hallarda güclü yağış olanda və şimşək çaxanda verilən qərardır.

- Pilot kimi neçə il stajınız var?

- Mənim on bir il peşəkar pilot fəaliyyətim var.

- İlk uçuşlarınızı xatırlayırsınızmı?

- Bilirsiniz, ilk uçuşlarımın özü də növlərinə görə fərqlidir. Aviasiya Akademiyasını bitirdikdən sonra hərbi xidmətə getdim. Xidməti başa vurduqdan sonra təlim-məşq uşuşları başlayır. İlk uçuşum 2011-ci ilin dekabr ayında təlim uçuşu olub. Daha sonra böyük kateqoriyalı təyyarələrdə ilk uçuşum 2013-cü ilin iyun ayında ikinci pilot kimi Naxçıvan Muxtar Respublikasına olub. Kapitan kimi ilk uçuşum isə “Boeing-787 Dreamliner” təyyarəsində 2017-ci ilin sentyabrında İstanbula olub.

- Uçuşlar zamanı müəyyən olunmuş hava limanına enməkdə problem yaşadığınız olubmu?

- Texniki və ya hava şəraitindən qaynaqlanan yüngül problemlər olur. Belə ciddi problemlər olmayıb. Bəzən hava şəraiti səbəbindən hava marşrut xətti üzrə eyni istiqamətdə uçan təyyarələrdən hər-hansı birində yaranan problem səbəbindən uçuşun gecikdirilməsi kimi məqamlar olub. Hətta müəyyən bir vaxt çərçivəsində bizi havada gözləmə zonası deyilən hissədə gözlədiblər.

Çünki eniş zamanı təyyarənin mühərrikində və ya təkərlərində problem yarandığında (məsələn, şassi partladıqda - red.) dispetçer eniş zolağını tez boşalda bilmir. Bu səbəbdən də digər təyyarələrin enişi üçün şərait olmur. Bu da təyyarələrin növbəlilik rejimini pozulur. Ümumilikdə təyyarə üçün ən ciddi maneələr hava şəraiti ilə bağlı olur.

- Bəs kokpitdə ehtiyat aeroporta enmək barədə qərar verildiyində bunun üçün fərqli prosedur həyata keçirilir, yoxsa necə?

- Pilot təyyarədən bir addım öndə, yəni uzaqgörən və hazırlıqlı olmalıdır. Təyinat nöqtəsindən ehtiyat aerodroma gedən marşrutu biz artıq əvvəlcədən hazır şəkildə saxlayırıq. Hamısı əvvəlcədən bu sistemə yazılır. Naviqasiya vasitələrinə baxılır və onların dəqiq göstərdiyindən 100 faiz əmin olmalıyıq. Burada ehtimaldan söhbət gedə bilməz. Əmin olmalıyıq ki, ehtiyat aerodromunda hava minimumu təyinat nöqtəsinə nisbətən daha yaxşıdır.

Ən əsası isə yanacaq hesablanmalıdır. Əmin olmalıyıq ki, təyinat nöqtəsində hava şəraiti qənaətbəxş olmazsa, ehtiyat aerodroma gediş üçün yanacaq sərfiyyatı minimumdan az olmasın. Çünki eniş zamanı yanacaq qətiyyən minimumdan aşağı olmamalıdır. Lakin əgər görsək ki, yanacaq minimumdan azdır, bu barədə dərhal dispetçerə məlumat vermək lazımdır. Çünki bu, qəza vəziyyəti sayılır. Bu zaman ən optimal yolla aerodroma eniş etməliyik.

- Təyyarəyə uçuş zamanı ən çox mane olan nüanslar nədir?

- Ən çox mane olan hava şəraitidir. Texnologiya o qədər inkişaf edib ki, təyyarələr çox rahatdır. Texniki problemlər olanda olur, bu, danılmazdır. Lakin təbiətin şıltaqlığı bizə daha çox çətinlik yaşadır. Son dövrlərə qədər mən Bakıda bu qədər küləkli havalar görməmişdim.

- Hava nəqliyyatı ən təhlükəsiz hesab olunur. Bir pilot kimi və sərnişin kimi bu fikrə münasibətiniz maraqlıdır, razısınızmı?

- Bəli, razıyam. Düşünürəm ki, hava nəqliyyatı ən rahat və təhlükəsizdir.

- Tıxac olmur, ona görə? (gülürük)

- Niyə, bizdə də tıxaclar olur, siz görmürsünüz (gülür). Londonda hava limanında elə hallar olur ki, havada gözləmə zonasında mərtəbə-mərtəbə təyyarələr enişə icazə gözləyir. O qədər sıx trafik var ki, o istiqamətdə biz də tıxaca düşürük. Təxminən 10-15 dəqiqə gözləyirik. Siz düşünə bilərsiniz ki, 15 dəqiqə nədir ki, azdır. Lakin tranzit sərnişinlər olur ki, onların növbəti reysə çatması üçün vaxt məhdudiyyətləri olur.

Eyni zamanda, havada 15 dəqiqə qalmaq, yerüstü nəqliyyatdakı tıxaclarla eyni deyil (gülür).

- Təyyarələr günlük, həftəlik yoxlamalardan keçirilir. Yekun olaraq isə təyyarəyə kapitan pilot baxaraq təhvil-təslim edir. Heç olub ki, baxış zamanı prosedurdankənar hallarla rastlaşasınız?

- Bəli, təhlükəsizlik cəhətdən bu kimi hallar olur. Mən bu hava gəmisinin kapitanı olsam da, aidiyyəti digər qurumlar təhlükəsizlik məqsədilə məni yoxlamaq istəyirlərsə, bu normaldır. Havada təyyarənin təhlükəsizliyinə biz cavabdehik, yerdə isə biz olmadıqda hava limanının təhlükəsizlik xidməti məsuliyyət daşıyır. Texniklər təyyarəni yoxlayarkən belə durumlar ola bilir.

Elə də olub ki, biz təyyarəyə minən zaman müəyyən cüzi çatışmazlıq olub. Biz bunu aidiyyəti üzrə bildirmişik. Bizim texniklər, mühəndislər işlərində çox peşəkardırlar. Bu kimi məqamları nəzərə alaraq hər zaman bütün yoxlanışlar iki dəfə həyata keçirilir ki, 100 faiz əminlik olsun.

- Təyyarənin tam uçuşa hazırlanması orta hesabla nə qədər zaman alır?

- Pilotlar özləri uçuşa iki saat qalmış burada, “brifing room”da olurlar. Bu ərəfələrdə təyyarənin yoxlanışına başlanılır. Əgər təyyarə başqa uçuşdan gəlibsə və geri dönəcəksə, onun təmizliyi, texniki baxışı və s. yoxlanışlar daxil tam uçuşa yenidən hazırlanması iki saat çəkir. Yox, əgər təyyarənin bu gün ilk uçuşudursa, o zaman daha az müddətə hazır olur.

- Kapitan və ikinci pilot dəyişdikdə problem olurmu? Yəni mexanizmlər fərqlidir, yoxsa uçuş zamanı hamısı eynidir?

- Əslində, mexanizmlər bənzərdir, çox az detallar var ki, fərqlənir. Hətta elə funksiyalar var ki, müştərəkdir. Məsələn, təkərlərin buraxılması mexanizmi müştərəkdir və ortada yerləşir. Həm əsas pilotun, həm də köməkçi pilotun əli çatır.

- Bəzən hər-hansı bir təhlükə olduğu zaman hava limanı səlahiyyətliləri hava sahəsini həm eniş, həm də uçuş üçün bağlayırlar.

- Hava nəqliyyatının bağlanması əraziyə görə dəyişir. Bizim dörd istiqamətə - şimal, cənub, şərq, qərb üzrə fərqli olduğu üçün bir istiqamətdə hava nəqliyyatı bağlandığında digər istiqamətdən hərəkət edirik. Gələn və gedən təyyarələr üçün istiqamət dəyişir ki, bir-birinə mane olmasınlar.

- Uçuşlarınızdan hər-hansı birində sərnişinlərin həyatı üçün ciddi təhlükə yaranıbmı?

- Elə bir ciddi problem olmayıb, lakin halı pisləşən, yüksəklik qorxusu olan, fobiyası olan sərnişinlər olub. Pilotun uçuş kabinəsini tərk etmək ixtiyarı yoxdur. Bu səbəbdən xatırlamıram ki, şəxsən o cür durumlara müdaxilə edim. Amma bizim ekipaj bu kimi hallarda vəziyyətə nəzarət etmək üçün xüsusi təlimlər keçir. Odur ki, bənzər vəziyyətdə sərnişinlərin özlərini daha yaxşı hiss etmələri üşün zəruri addımlar atılır.

- Sərnişinləriniz arasında uçuş kabinəsinə gəlmək istəyən olubmu?

- Hər kəsə uçuş kabinəsi çox maraqlıdır. Buna görə də cəhd edənlər olub. Lakin bu, mümkünsüzdür. Arzusu olanlar var ki, pilot olsun. Sərnişinlərlə uçuşdan əvvəl danışırıq, bu zaman səsimi bəyənirlər, yoxsa ünsiyyət qurmaq istəyirlər - dəqiq deyə bilmərəm, kiçik vərəqlərdə ürək sözlərini, təşəkkürlərini yazaraq mənə gətirməsi üçün ekipaja təqdim edən sərnişinlər olur. Əsasən əcnəbi sərnişinlər arasında bu kimi hallar çox olur, amma öz vətəndaşlarımızdan da belə gözəl sözlər alıram.

- İdarəetməni avtopilot rejiminə hansı hallarda keçirirsiniz?

- Bu məsələni bir qədər ətraflı izah edim. Çünki bəzən bizə deyirlər ki, “guya nə edirsiniz ki, avtopilota qoyub oturursunuz”. Bu heç də belə deyil. Bizim uçuşlarımız çox uzun məsafələrə olur. Belə ki, 12 saatlıq uçuşu, təbii ki, fiziki olaraq pilot idarə edə bilməz. Lakin avtopilot özündən heç nə kəşf etmir. Bu sistem təyyarənin pilotun beyninə uyğun verdiyi təlimatları icra edən funksiyadır. Avtopilot özündən kəşf edə, fərqli istiqamətə gedə bilməz. Bu sistem birbaşa pilotun beyninə bağlıdır.

- Beynəlxalq təcrübədə altı aydan bir pilotlar testdən keçirilirlər. AZAL-da fəaliyyətiniz dövründə bu cür testlərdən keçirilmisinizmi?

- Bəli, biz də çox testlərdən keçmişik. Hətta hər yarım ildə altı kurs keçirik və imtahan veririk. Təhlükəsizlik qaydaları, qəza-xilasetmə qaydalarına uyğun imtahanlar veririk.

- Bəs olur ki, sərnişinlərin şikayəti əsasında pilotlara irad tutulur?

- Bilirsiniz, mən düşünmürəm ki, sərnişinlər bu cür iradlarda haqlıdırlar. Çünki kokpitdə pilotun keçirdiyi narahatlığı sərnişin hiss edə bilməz. O, sadəcə, təyyarənin silkələndiyini, sərt enişini hiss edə bilər. Biz isə buna səbəb olan amilləri görürük, bilirik. Bu daha vahiməlidir. Üstəlik, bu vəziyyətin içərisində biz paralel olaraq alternativ çıxış yolları da axtarırıq.

Mən özüm də sərnişin kimi uçmuşam. Türkiyəyə uçuşlardan birində hava şəraiti çox sərt idi. Mən heç vaxt elə hava şəraiti görməmişdim. O an mən pilotla, demək olar ki, empati qururdum, hiss edirdim ki, hansı istiqamətdən keçdik. Sakitliyimi qoruyurdum. Digər sərnişinlər mənə baxırdılar ki, siz qorxmursunuz? Deyə bilmirdim ki, mən özüm də pilotam və bənzər situasiyalar yaşamışam. Pilot da yaxşı pilot idi, təhlükəsiz şəkildə təyyarəni endirdi. 

- Həmin an pilota öz təcrübənizdən kömək etdinizmi?

- Xeyr, elə bir şey olmayıb. Sərnişin kimi təyyarənin enişini gözləmişəm (gülür).

- Bu peşənin sizin üçün pensiya yaşı neçədir?

- Təbii ki, normalda ölkəmizdə kişilərin pensiya yaşı 65 olaraq təyin edilib. Lakin sizin sualınız çox çətin oldu. 

- 80 yaşında özünüzü uçuş kabinəsində görürsünüz?

- Yox, o artıq çoxdur (gülür). Mən elə fikirləşirəm ki, işimizin məsuliyyəti, stresi çox olduğundan hazırda belə, orqanizmimiz 50 yaşlı insanın orqanizmi kimidir. Heç olmasa, bunu nəzərə alaraq, 60 yaşı keçək də salamat (gülür). Ümumiyyətlə, biz hər zaman pozitiv olmalıyıq. Enerjimizi sözün əsl mənasında ətrafa ötürməliyik. Müsbət aura olmalıdır ki, ətrafdakılar da sizə baxıb panikaya düşməsinlər. İstənilən vəziyyətdə biz emosiyalarımızı idarə etməliyik.

- İşiniz sizi qocaldırmı?

- Xeyr, mən zövq alıram. Mənəvi olaraq işimdən zövq alsam da, fiziki cəhətdən qocaltmasını dana bilmərəm.

- Səhhətiniz uçuşdan qabaq daim yoxlansa da, maraqlıdır, heç olubmu uçuş zamanı təzyiq problemi yaşayasınız?

- Hər uçuşdan öncə həkim yoxlanışından, hər ay isə çek-ap müayinələrdən keçirik. Bu, mütləqdir.

- Sizin xüsusi qidalanma rejiminiz var?

- Mən qidalanma rejimimə xüsusi diqqət edirəm. Bu mənim işdən də kənar, həyat tərzimdir. İdman edirəm, sağlamlığımı qoruyuram. Bu da faktdır ki, bizim işimizdə sağlamlıq önəmli məqamdır, çünki yoxlanışlardan keçirik.

- Stüardessalarda müəyyən çəki kriteriyaları var, bu, pilotlar üçün də elədir?

- Mən dəqiq çəki limitini sizə deyə bilmərəm. Amma boy və çəki üzrə xüsusi əmsal fərqi var. Ona müvafiq olaraq uyğun olub-olmadığı deyilir. Çəkidə artıqlıq olursa, xəbərdarlıq edirlər.

- Yuxu rejiminiz necə tənzimlənir? Yəni uzun uçuşlar olur, hər bir pilot ard-arda neçə uçuş həyata keçirə bilər? Ekstrim hallarda nə qədər artıq uçuşa icazə verilir və bu hallar hansılardır?

- Bu da tənzimlənir. Biz Nyu-Yorka uçuruqsa, aramızda 11 saat qurşağı fərq var. Məsələn, buradan səhər saat 6-da çıxıb oraya səhər saat 6-da çatırsan. Bu zaman istər-istəməz adaptasiya məsələsi pozulur. Ona görə də qayda belədir ki, uçuş saatı 12 saatdan az olursa, uçuşa başladığın ölkənin saatına adaptasiya olmalısan. Yox, əgər uçuş saatı 12 saatdan çoxdursa, bu zaman həmin ölkənin saatına adaptasiya olmalısan. Əks təqdirdə ürəyin bioritmləri dəyişir. Bu vacibdir ki, orqanizm əlavə yüklənməsin.

- Bildiyim qədər, təyyarə dörd hadisə baş verdikdə - yanğın başlayanda, mühərrik, ön pəncərə xarab olanda və təyyarə uça bilməyəcək hala gələndə dayanır. Bu hallardan hansısa biri ilə rastlaşmısınızsa, vəziyyətdən necə çıxmısınız?

- Bunlar çox xoşagəlməz hallardır. Ümid edirəm, kimsə belə bir durumla rastlaşmaz. Lakin yanğın ehtimalı və ya yanğın mühərrikdə də, salonda da ola bilər. Mühərrikdə olan zaman biz bunu əvvəlcədən bildiyimiz qaydalar üzrə sistematik şəkildə cəld həll etməyə çalışırıq. Mühərrikdə yanğın söndürüldükdən sonra çox qısa zamanda ehtiyat aerodroma eniş edilməlidir. Çünki yanğının ilkin söndürülməsi problemin tam həlli demək deyil, başqa fəsadlar ortaya çıxa bilər. Digər xoşagəlməz hal ön pəncərənin qırılmasıdır, bu zaman dərhal uçuş səviyyəsi dəyişilməlidir. Bu zaman aşağı hündürlüyə düşürsən ki, oksigen səviyyəsi daha uyğun olsun. 

- Siz pilotların öz aranızda daha peşəkar və belə deyək, məşhur pilotlar barəsində xüsusi deyimləriniz varmı?

- Ən yaxşı pilot, deyərdim, təcrübəli, savadlı pilotdur. Xarici ölkələrin vətəndaşları azərbaycanlı pilotların peşəkarlığından danışırlar. Biz bu sahədə çox böyük nailiyyətlərə imza atmışıq. Gələcəkdə daha da savadlı kadrların yetişəcəyinə inanıram. Belə deyək ki, ən güclü avtopilot elə pilotun özüdür. (gülür)

- Şəxsi həyatınızla bağlı sual olduğundan sona saxladım. Ailəniz haqda məlumat verə bilərsinizmi? Bu peşənin davamçıları varmı?

- Bizim ailəmiz aviatorlar ailəsidir (gülür). Mənim dayım Milli Aviasiya Akademiyasının kafedra müdiridir. Oğlu da onun yolunu davam edir. Bacım da bu sahədə dispetçerliyi oxuyur. Bir qohumumuz yük təyyarəsində kapitandır.

Düşünürəm ki, bizim ailədə bu sahəyə maraq çox böyükdür. Mən özüm də gələcəkdə övladlarımın texniki sahəyə maraqlı olmalarını istəyərəm. Ölkəmizdə keçirilən “TEKNOFEST” Aerokosmik və Texnologiyalar festivalında da azərbaycanlı gənclərin, düşünən beyinlərin ixtiralarını gördük. Mən fəxr edirəm ki, bizim gənclik belə savadlı yetişir.

- Düşünürsünüz ki, gələcəkdə texnologiya insan amilini sıradan çıxaracaq?

- Məsələn, pilotsuz uçan aparatlar insan beyninin məhsuludur. Mən şəxsən PUA-lara çox təəccüblənmişdim. Texnologiya inkişaf etdikcə həyatda biz hələ çox təəccüblənəcəyik. Lakin gələcəkdə pilotsuz idarə edilən sərnişin təyyarələri olsa, mən ona minmərəm. Çünki süni intellekt belə, insan beyninin məhsuludur. İnsan amili olan hər işdə mütləqdir ki, bir nöqsan vardır. Odur ki, bizim bilmədiyimiz çox kəşflər olacaq.

Könül Cəfərli
FOTOQALEREYA: “Global Photo Stock”

Mənbə:
0
42
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar