• Şikayət et

Qocalar evinə getmək üçün gün sayan sığınacaq sakini: “Pul bitəndə, hörmət də qalmır” - REPORTAJ + FOTO

Həyat o qədər qəribədir ki, heç kim bizdən nə istədiyimizi soruşmur. Qarşımıza fürsətlər çıxır o fürsətlərdən necə istifadə ediriksə, nəticə də o seçimlərə müvafiq qaydada dəyişir. Tez-tez eşidirik ki, insanlar ailəsindən, taleyindən, övladından, hətta valideynlərindən də şikayət edir.

Ümumilikdə şikayətlənəcək çox şey tapmaq olar. Bu, həyata baxış bucağımızdan asılıdır. Budəfəki müsahibimiz də vaxtilə qarşısına çıxan fürsətləri kifayət qədər yaxşı dəyərləndirən, həyatın hər üzünü görən, nemətlərini dadan Adil bəydir.

Lakin bu gün Adil bəy Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsindədir. Onu bu sığınacağa gətirən yolları isə elə onun öz dilindən eşidin.

Oxu.Az-ın əməkdaşı sığınacaq sakini Adil Eyyubov ilə həmsöhbət olub.

Ailədə dörd övlad olduqlarını deyən Adil Eyyubov bacısını uzun sürən xərçəng xəstəliyindən itirdiyini deyib. Bir qardaşını da ürəktutmasından itirib. Bu gün ailədən iki övlad qalıb.

64 yaşlı Adil Eyyubov deyir ki, indiki İqtisadiyyat Universitetini bitirib:

“Ali təhsilim var, ömür boyu rəhbər vəzifələrdə çalışmışam. Mağaza, restoran müdiri olmuşam, mağazalar şəbəkəsinin idarəçiliyini etmişəm. Hər zaman söz sahibi olmuşam. Ömür boyu maddi cəhətdən korluq çəkməmişəm. Hər şeyim olub. Lakin yeganə səhvim yalnız ailə həyatımla əlaqəli olub, ona da valideynlərim vəsilə olublar”.

Heç görmədiyi qız ilə evləndirilib...

Dost olan ataların bir-biri ilə münasibətləri möhkəmləndirmək üçün övladları arasında izdivac bağlaması çoxdan mövcud olub. Dağılan ailələrin böyük əksəriyyəti də məhz bu və bənzər qərarlardan ortaya çıxan evliliklərdir:

“Atalarımız bir-birini tanıyırdı deyə məni bir qızla nişanladılar. Mən o qızı nə görmüşdüm, nə də sevmişdim. Elə düşünürəm ki, o da məni sevmirdi. İlk izdivacımı məhəbbətsiz bağlamışam. Nişanlanandan sonra ilk dəfə qızı görməyə getdim. Əlimdə də bir buket gül. Rəhmətlik bacım dedi ki, əliboş getmə, gül al. Yoxsa onu da alan deyildim. 1983-cü ildə ailə qurdum, iki oğul övladım var. Hazırda uşaqlarımla münasibətim yaxşı deyil”.

İkinci dəfə özündən 18 yaş kiçik xanımla ailə qurub.

Birinci evliliyi uğursuz olan Adil Eyyubov növbəti dəfə ailə qurmaq niyyətinin olmadığını desə də, həyat ona gözləmədiyi sürprizlər yaşadıb:

“Mağaza müdiri kimi işləyirdim. Bir gün yanında gözəl bir qızla yaşlı bir xanım gəldi. Qızını işə düzəltmək istədiyini dedi. Mən də mağazanın daxilində parfümeriya şöbəsinə işçi axtarırdım, dedim, gəlsin işləsin. Onu işə götürdüm. Müşahidə edirdim, yaxşı işçi idi. Bir müddət sonra mən Moskvada biznes qurmaq üçün bu mağazanı satdım. İşçilərə də təklif elədim ki, kim mənimlə gəlmək istəyirsə, gəlsin. Bir neçə işçi və bu qız da mənimlə getdi. Orada bir yerdə qaldıq, indi iş elə gətirdi ki, evləndik. O xanımdan da övladım oldu. Hər şey yaxşı gedirdi, lakin bir neçə il sonra vəziyyətim dəyişdi. İkinci xanımım məndən 18 yaş kiçik idi. Əvvəl hara istəsə, aparırdım, nə istəsə, alırdım. Maddi durumum pisləşdikcə gördüm ki, ailədə mənə hörmət azalır, artıq ayrıldım. Mən elə saymazlığı götürmürəm. Onunla yollarımızı ayırdıq”.

İnsult keçirdikdən sonra iş qabiliyyətini itirir...

Səhhətində yaranan problemlərdən dolayı insult keçirdiyini deyən Adil Eyyubov çətin günlərində ikinci həyat yoldaşının ona müvəqqəti baxdığını da vurğulayıb:

“Allah üçün bir müddət səhhətimdə yaşadığım problemlərlə bağlı əziyyətimi çəkib. Lakin daha sonra kirayə mənzil tutub bir müddət orada qaldım. Həyat belədir pul bitəndə, hörmət də qalmır. Daha sonra gördüm ki, tək çətinlik çəkirəm. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə məni qocalar evinə yerləşdirmələri üçün müraciət etdim. Hazırda 64 yaşım var, onlar yaşım tamam olanda məni qocalar evinə göndərəcəklər. Burda yaxşı yoldaşlar var, onlarla münasibətlərimiz var. Buradan gedəndə onlar üçün darıxacağam”.

Daha əvvəl buradan gedən yoldaşlar var ki, Adil Eyyubov ilə tez-tez əlaqə saxlayırlar. Adil müəllim ümid edir ki, ömrünün sonuna qədər qocalar evində sakit və rahat həyat yaşayacaq.

Daha çox foto burada: PhotoStock.az

Könül Cəfərli

Mənbə:
0
247
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar