• Şikayət et

Şabranda Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyi qeyd olunub

Noyabrın 11-də Yeni Azərbaycan Partiyası (YAP) Şabran rayon təşkilatı partiyanın təsis edilməsinin 30-cu ildönümü münasibətilə tədbir keçirib.

YAP-ın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə ucaldılmış büstü ziyarət edib, önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsinə dərin hörmət və ehtiram ifadə ediblər.

Tədbirdə Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Yeni Azərbaycan Partiyasının yaranması və inkişaf tarixindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə “Müstəqil Azərbaycan dövlətinin tarixini əks etdirən 30 illik şərəfli missiya” mövzusunda məruzə ilə çıxış edən YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov partiyanın yaranma tarixindən, keçdiyi şərəfli yoldan, gələcək hədəflərdən danışıb. Vurğulayıb ki, Azərbaycanın tarixinə unudulmaz və möhtəşəm bir gün kimi daxil olan 1992-ci il 21 noyabr tarixi ölkəmizin ictimai-siyasi həyatında yeni başlanğıc nöqtəsi sayılır: “Ümummilli lider Heydər Əliyevin rəhbərliyi və ideyaları əsasında qurulan Yeni Azərbaycan Partiyasının 30 illik inkişaf tarixi göstərdi ki, partiyanı yaradanlar, bu partiyanın təməl daşını qoyanlar yeni müstəqil dövlətimizin siyasi-iqtisadi, sosial-mədəni inkişafının istiqamətini müəyyən etməklə öz seçimlərində yanılmayıblar. 30 illik zəngin və şərəfli inkişaf yolu keçən YAP ötən müddət ərzində ümumxalq partiyasına çevrilərək möhtəşəm nailiyyətlər əldə edib”.

YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Azərbaycanın bugünkü uğurlarının fonunda dünənimizə nəzər salaraq cəmiyyətin avanqard qüvvəsinə çevrilən Yeni Azərbaycan Partiyasının yaradılmasını şərtləndirən amillərdən bəhs edib. S.Qurbanov bildirib ki, yarandığı gündən sözlə əməl birliyi partiyanın nüfuzunu gündən-günə artırır, sıralarını kəmiyyət və keyfiyyət baxımından zənginləşdirir. Partiyanın irəli sürdüyü hər bir təşəbbüs, qəbul etdiyi qərarlar Azərbaycanın daha da qüdrətlənməsinə, xalqımızın yüksək rifah şəraitində yaşamasına xidmət edir.

YAP İdarə Heyətinin üzvü Elnarə Akimova vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Yeni Azərbaycan Partiyası yarandığı gündən siyasi səhnədə dövlətçilik mövqeyindən çıxış edərək xalqın mənafeyini uca tutaraq, xalqın rəğbətini qazanaraq ümumxalq partiyasına çevrilib. Bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz, o cümlədən Yeni Azərbaycan Partiyası davamlı olaraq inkişaf edir.

Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov çıxışında bildirib ki, müstəqil Azərbaycan tarixində özünəməxsus yer tutan Yeni Azərbaycan Partiyasının uğurlarının təməlində məhz ulu öndər Heydər Əliyevin siyasi kursu dayanır. Bu gün sürətlə inkişaf edən müstəqil dövlətimizi uğurlu inkişafa aparan bu yolda hər bir Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmlə dövlətin, xalqın, vətənin mənafeyi naminə səy göstərir.

YAP veteranı Füzuli Hüseynov, partiyanın gənc üzvü Umxanım Mircəfərova çıxışlarında qeyd ediblər ki, xalqın partiyası kimi tanınan Yeni Azərbaycan Partiyası artıq 30 ildir ki, respublikamızın ictimai-siyasi həyatında fəal iştirak edir, xalqın sevgisini və dəstəyini qazanır, ölkədə sabitliyin təminatında avanqard rolunu davam etdirir.

Sonda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərman, eləcə də partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqəsi təqdim edilib.

Mənbə:
0
599
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar