• Şikayət et

Sahibkarlar bələdiyyə torpağına necə “sahib çıxırlar”? - ETİRAZ

Bələdiyyələrin gəlir mənbələrindən məhrum edilməsi, bəzi vergilərin onların büdcəsindən alınması ciddi narazılığa səbəb olub. Eyni zamanda subvensiyaların alınmasında da ciddi problemlərlə üzləşdiklərini bildiriblər. Onlara ayrılan dotasiyaların isə məbləğinin az olması bələdiyyələrin dərdinə əlac ola bilmir. Bəs vəziyyətdən çıxış yolu nədir? Yerli özünüidarəetmə qurumlarının maliyyə mənbələrinin genişlənməsi üçün nə lazımdır?

Məsələ ilə bağlı fikirlərini İndex.az-la bölüşən Ağsu rayon Gəgəli bələdiyyəsinin sədri Fariz Xəlilli yerli vergilərin onların büdcəsinə yönəldilməsini təklif edib:

“Subvensiya bələdiyyə layihələrinin maliyyələşdirilməsi üçün nəzərdə tutulub. Dotasiya isə bələdiyyə qulluqçularının maaşlarının, sosial-sığorta, vergi haqlarının ödənilməsi üstünlüyü ilə əvəzsiz verilən yardımdır. Gəgəli bələdiyyəsi keçən il dövlət büdcəsində 2460 manat dotasiya alıb və təyinatı üzrə xərclərə sərf edib. Lakin Gəgəli bələdiyyəsi hesab edir ki, dotasiya verməkdənsə, bələdiyyənin vergi toplama haqqı əlindən alınmasın. Məsələn, “Süsən Aqro” MMC hüquqi şəxsdir və kənd sakinlərinin pay torpaqlarını uzunmüddətli icarəyə götürüb, əkinçiliklə məşğul olur. Amma qanunvericiliyə görə torpaq vergisini dövlət büdcəsinə ödəyir. Bu torpaq vergisinin həcmi bizim dövlət büdcəsindən aldığımız dotasiya məbləğindən xeyli çoxdur. Dövlət Vergi Xidməti asan yoldan torpaq vergisi toplayır, amma bizi bu imkandan məhrum edir”.

Bununla yanaşı, sədr hüquqi şəxsin bələdiyyə mülkiyyətində olan yollar və arxlar kimi servitutları bələdiyyəyə xəbərdarlıq etmədən, qanunvericiliyi nəzərə almadan şumladığını deyib. Mərkəzi icra orqanlarının torpaqların idarə olunmasına ciddi nəzarət etmədiklərini iddia edib:
“Niyə İqtisadiyyat Nazirliyi onlara ünvanlanan məktubları aşağı qurumları səviyyəsində yola verir və iri holdinqlərlə sövdələşmə şübhəsi yaradır? Mən hələ müəyyən edə bilmirəm ki, “Süsən Aqro” MMC və digər fiziki şəxs olan sahibkarlar örüş torpaqlarını necə əkin torpaqlarına çevirib, onlara çıxarışlar alıblar?”

F.Xəlilli bələdiyyələrə ayrılan subvensiyaların alınmasında da ciddi maneələrin olduğunu deyib. Onun sözlərinə görə, layihələr üçün həmin vəsaitin alınması ilə bağlı dəfələrlə etdikləri müraciətlər cavabsız qalıb:

“Əslində dotasiya lazım deyil, bələdiyyələrin vergi toplama hüquqları məhdudlaşdırılmasın, bələdiyyələrə qanunsuz müdaxilələr aradan qalxsın, kifayətdir. Biz hər il subvensiya üçün Maliyyə Nazirliyinə müraciət edirik. Bizi iclas xatirinə işimizdən-gücümüzdən edib otaqlara yığıb məsləhət verən, "danlayan" məmurlardan sonra xəbər-ətər olmur. Subvensiya layihə təkliflərimizə cavab verilmir, heç e-mailə və ünvanımıza "qəbul etmədik, amma gələn dəfə daha da təkmilləşdirib göndərin" deyə heç nə yazılmır. Belə hallar bələdiyyələrdə inamı, ümidi sıradan çıxarır”.

Qanunvericiliyə əsasən, bələdiyyə müəssisələri dövlət büdcəsindən və fondlardan kredit və subsidiya ala bilər. Lakin F.Xəlli bildirib ki, bu sahədə də dövlət qurumları onlara soyuq münasibət göstərir, layihələrinə ciddi yanaşmırlar:

“Bələdiyyə müəssisəmiz azfaizli və uzunmüddətli kreditlər üçün müraciət edib, hamısına “yox” cavabı alınıb. Bələdiyyə müəssisələri hərraclara girib, torpaq icarəyə götürüb, əkin əkmək və heyvan saxlamaq üçün subsidiya ilə təmin edilə bilərlər. Təəssüf ki, Kənd Təsərrüfatı Nazirliyi bələdiyyə müəssisələri ilə bağlanmış istifadə müqavilələri ilə necə davranacağını bilmir və belə təcrübələrinin olmadığını deyir. Əmlak Məsələləri Dövlət Xidməti 2 dəfə bizim müəssisələrin hərraca girməsinin qarşısını alıb. Qanunlar işləməyib, işlətmək istədikdə köhnə stereotiplərin dağıdılmasının əziyyəti yenə bizə - bələdiyyələrə düşür”.

"Bələdiyyələrin fəaliyyətinin təbliği" İctimai Birliyinin rəhbəri Vüqar Tofiqli də dotasiyaların və subvensiyaların məbləğinin çox az olduğunu bildirib. Onun sözlərinə görə, bələdiyyələrin maliyyə mənbələrinin genişlənməsi üçün qanunvericilikdə dəyişikliklər olunmalıdır:

“Düşünürəm ki, hər kəs, hər bir mərkəzi və yerli icra hakimiyyəti orqanı bələdiyyənin fəaliyyətinə öz töfhəsini verməyə çalışmalıdır. Onun səlahiyyətinin artırılması ilə bağlı, əlavə maliyyə mənbələrinin cəlb edilməsi ilə bağlı, üzləşdikləri problemlərin həlliilə bağlı addımlar atmalıdır. Dotasiya dövlət tərəfindən bələdiyyəyə təmənnasız ayrılan maliyyə yardımıdır. Bunun həcmi kifayət qədər azdır. Bir neçə il öncə isə konkret layihələrin icrası ilə bağlı subvensiyaların ayrılmasına başlanıb. Bu il dövlət büdcəsindən bələdiyyələrə 6,5 milyon manat dotasiya, 1 milyon manat subvensiya ayrılması nəzərdə tutulub. İstənilən halda, bu rəqəmlər çox aşağıdır, indiki qiymətlərə münasib deyil”.

V.Tofiqli bələdiyyələrin durumunun yaxşılaşması, problemlərinin həlli ilə bağlı təkliflərini də səsləndirib. İlk növbədə, qanunvericilikdə mövcud olan boşluqların aradan qaldırılmasını zəruri sayıb:

“Həmin boşluqlar bələdiyyələrə əlavə maliyyə əldə etməsi üçün imkan vermir. Bəzi halda qanun qəbul edilib, amma onun realaşması üçün digər normativ hüquq sənədlər yoxdur. Yaxud, normativ hüquqi sənəd qəbul edilib, amma onun qanunda əksi yoxdu. Ona görə də bələdiyyə həmin vəsaitləri toplaya bilmir. Bu ildən bələdiyyələrin topladığı mədən vergisi büdcəyə yönəldildi. Ötən il 1 milyon 240 min manat mədən vergisi toplayıb. Son 4 ildə bu rəqəm 7 milyona çatıb. Biz bu vəsaiti bələdiyyənin cibindən götürüldü. Ancaq onun qarşılığında isə buq qurumlara heç nə verilmədi”.

Birlik rəhbəri də bələdiyyənin maliyyə vəziyyətinin yaxşılaşması üçün onlara hər hansı dotasiya və ya maliyyə yardımının verilməsinin əleyhinə olduğunu vurğulayıb. Qanunvericilikdəki boşluqların aradan qaldırılması ilə bələdiyyə ərazislərində mövcud olan mənbələrdən istifadə olunmasına üstünlük verib:
“Mədən vergisi, reklamdan gələn gəlirlər, parkinqlər, sənədsiz evlərlə bağlı problemlər həll olunmalıdır. Həmin mənbələrdən vergi və xidmət haqlarının toplanmasını bələdiyyələrin həyata keçirməsinə və bununla bağlı konkret olaraq bələdiyyə büdcəsinə əlavə maliyyə vəsaitinin cəlb ediləsinə şəraitin yaradılması vacibdir”.

Onu da deyək ki, gəlirlərin artırılması üçün bələdiyyələr başqa bir təklif də irəli sürüblər. Tutaq ki, bir bəldiyyənin ərazisində 100 abunəçiyə elektik, qaz və su təchizatı həyata keçirilir. Həmin kommunal xidmətlərə görə toplanan vəsaitin müəyyən hissəsi, tutaq ki, 5%-i və ya 10%-i bələdiyyə büdcəsinə ödənilə bilər. Bu Avropa və Türkiyə təcrübəsində mövcuddur.

Bir sözlə, bələdiyyələrin maliyyə vəziyyətinin yaxşılaşdırılması daim hökumətin diqqətində olmalıdır. Sadalanan problemlər həll olunsa, onlara əlavə dotasiya və ya subvensiyanın ayrılmasına ehtiyac qalmayacaq.
Mənbə:
0
4797
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar