• Şikayət et

ŞƏHİD VƏ QAZİ ÖVLADLARINA NÖVBƏTİ QAYĞI

Möhtərəm Prezidentimiz Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev cənablarının "Dəmir yumruğu" ətrafında birləşərək cəmi 44 gün ərzində mənfur və yağı düşmən üzərində şanlı qələbəmizi təmin edən, hər biri ilə hər an sonsuz qürur duyduğumuz və şöhrət tacımız sandığımız minlərlə şir ürəkli, polad iradəli ərənlər sırasında həmyerlilərimiz də misilsiz qəhrəmanlıq və şücaət göstərmişlər. Müqəddəs torpaqlarımızı, doğma yurd - yuvalarımızı 30 illik erməni işğalından azad edərkən şəhidlik zirvəsinə ucalmışların və qazilərin ailə üzvlərinə diqqət və qayğı ölkə başçısı İlham Əliyev cənablarının fəaliyyətinin başlıca prioritetidir. Bu humanist ənənəni müntəzəm olaraq xoş əməlləri ilə yaşadan Yevlax Şəhər İcra Hakimiyyəti yeni dərs ilinin başlanması və bilik günü ilə əlaqədar şəhid və qazilərimizin övladları üçün daha bir gözəl. maraqlı, yaddaqalan və hər kəsdə xoş ovqat yaradan tədbir keçirmişdir. Kür çayının axarlı-baxarlı sahilindəki Bulvar istirahət kompleksində düzənlənmiş tədbirə dəvət olunmuş fidan balalar və onları müşaiyət edən valideynlər, nənələr-babalar mövcud karantin rejiminin tələblərinə uyğun müəyyən məsafə saxlanılmaqla açıq səma altına düzülmüş, üzəri əsl bayram süfrəsi tək bəzədilmiş masalar arxasında əyləşmişdilər. Tədbiri Şəhər İcra Hakimiyyəti Başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova açaraq, ilk öncə iştirakçılara ŞİH Başçısı Anar Tağıyevin salamını yetirmiş, şəhidlərmizə uca Tanrıdan rəhmət, qazilərmizə möhkəm cansağlığı, məktəbli balalara isə xoşbəxt və firavan ömür arzulamışdır.
Sonra iştirakçıların təntənəli alqışları altında bir neçə gündən sonra məktəbə yollanacaq şəhid və qazi övladlarına Şəhər İcra Hakimiyəti tərəfindən (cəmi 44 nəfər) məktəbli çantası, məktəbli forması və dərs ləvazimatları paylanmış, birgə xatirə şakilləri çəkdirmişlər.
Tədbirdə iştirak edən şəhid valideynləri, ailələri və qazilər çıxış edərək onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə başçısı, müstəqil Azərbaycanımızın dövlətçilik və qəhrəmanlıq tarixinə qızıl hərflərlə şanlı səhifələr yazılmasına müvəffəq olmuş Qalib Ordmuzun Qalib Sərkərdəsi İlham Əliyev cənablarına və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, bu günkü tədbiri araya-ərsəyə gətirən şəhər rəhbərliyinə ən dərin təşəkkürlərini ünvanlamışlar.
Həmin gün Bulvardakı bütün əyləncə vasitələri, mexanizmlər və müxtəlif növ attraksion qurğuları şəhid və qazilərimizin fidan balalarının xidmətində durmuş, onların asudə vaxtlarının şən, yaddaqalan və səmərəli keçməsini təmin etmişdir.

Ramiz HƏMİDOV,
Yevlaxda çıxan "Kür" qəzetinin
"Tərəqqi" medallı müxbiri

Mənbə:
0
7105
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar