• Şikayət et

SOCAR-ın ləğv etdiyi İdarənin işçilərinə “yaşıl işıq”

SOCAR-ın struktur vahidi olan H.Z.Tağıyev adına Neft-Qaz Çıxarma İdarəsinin ləğvi zamanı əmək müqavilələrinə xitam verilən işçi heyətini “GL İnternational LTD” MMC işə götürəcək.

Bu barədə İndex.az-a Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov məlumat verib. Bildirib ki, bu məsələ “Azərbaycan Respublikasında Buzovna-Maştağa, Qala və Zirə neft yataqlarının daxil olduğu blokun bərpası və işlənməsi ilə əlaqədar Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə “GL İnternational LTD” MMC arasında Risk Xidmət Sazişində əksini tapıb.

Millət vəkilinin sözlərinə görə, sənəddə neft-qaz əməliyyatlarının aparılması ilə əlaqədar mühəndis-texniki işçilərin 90%-i, fəhlə heyətinin isə 95%-i Azərbaycan vətəndaşlarından ibarət olması hədəflənib:

“Təcrübə göstərir ki, belə layihələrdə Azərbaycan vətəndaşlarının sayı birinci gündən başlayaraq göstərilən çərçivədən artıq olur. Podratçı “GL LTD” Azərbaycan vətəndaşları olan kadrlara neft-qaz əməliyyatları ilə bağlı peşə təlimini təmin edəcək. Müasir dövrdə bu sahədə kadr hazırlığı məsələsi və peşə təlimi öz növbəsində cənab Prezidentimiz tərəfindən aparılan siyasətə, neft gəlirlərini insan kapitalına çevirən uğurlu strategiyaya uyğundur. Siyasətimizin təməlində insan amili dayanıb və bir neçə il əvvəl elan edilən “Biz neft kapitalını insan kapitalına çevirməliyik” şüarı bu gün reallaşır. Bunun nəticəsində iqtisadiyyatımızın bütün istiqamətlərində bir canlanma və inkişaf görürük”.

Xatırladaq ki, ötən gün Prezident İlham Əliyev “Azərbaycan Respublikasında Buzovna-Maştağa, Qala və Zirə neft yataqlarının daxil olduğu blokun bərpası və işlənməsi ilə əlaqədar Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə “GL İnternational LTD” MMC arasında Risk Xidmət Sazişinin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” Qanunu təsdiqləyib. Sənədə əsasən, bu qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir. Habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir.

S. Qurbanov bildirib ki, Sazişin müddəti iki dövrdən ibarətdir. 2 il davam edəcək aralıq dövrdə podratçının minimum məcburi iş proqramına aşağıdakılar daxildir:

•Quyu və yataqların elektron məlumat bazasını yaratmaq;
•Yataqların geoloji və hidrodinamik modellərini işləyib hazırlamaq, ehtiyatları qiymətləndirmək və işlənmə variantlarını seçmək;
•Seçilmiş işlənmə layihəsinə uyğun olaraq ən azı 6 yeni quyu müasir metodlarla qazmaq və tamamlamaq;
•Ətraf mühitə təsirin müvafiq qiymətləndirilməsini aparmaq;
•ən azı 30 quyunu əsaslı təmir etmək;
•Hasil olunan lay suyunun utilizasiyasını və Təbii səmt qazının yığılmasını təmin etmək üçün planlar hazırlamaq və həyata keçirmək və s.

İşlənmə və hasilat dövrü isə 25 il müddətində davam edəcək. Həmin müddətdə podratçının müqavilə sahəsində xam neftin işlənməsi və hasilatı üçün planını SOCAR təsdiq etməlidir. Yataqların işlənməsindən əldə olunan mənfəət isə yarı bölünəcək – SOCAR-ın payı 50%, “GL İnternational LTD” MMC-nin payı 50% olacaq. Əgər neftin 1 barelinin qiyməti 80 dollardan çox olarsa, pay bölgüsü SOCAR-ın xeyrinə dəyişə bilər. Bu zaman Dövlət Neft Şirkətinin payı 60%-ə qalxacaq. Podratçı isə 40%-əə kifayətlənəcək.
Mənbə:
0
4704
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar