“Yanvar ayının 27-də Azərbaycanın Tehranda yerləşən səfirliyində törədilən terror hadisəsi iki qonşu dövlət arasında diplomatik münasibətləri olduqca mürəkkəbləşdirdi və Azərbaycan dövləti İranın Tehran şəhərində səfirliyin fəaliyyətinin dayandırılmasına qərar verdi. Bu terror hadisəsinin törədilməsində İranın xüsusi xidmət orqanlarının qanlı əllərinin olduğuna heç bir şübhə yoxdur. Əgər belə olmasaydı səfirliyimizdə baş vermiş terror hadisəsi ilə bağlı cinayət işinin araşdırılmasına başlanılardı və hətta bu qanlı hadisə Azərbaycan tərəfi ilə birlikdə araşdırıla bilərdi. Lakin, İran ondan gözlənildiyi kimi davranmaqda davam edir. Əslində İranın bu mövqeyi məlum olanın elan edilməsindən başqa bir iş deyil. Azərbaycanın tarixi torpaqlarının otuz ilə yaxın davam edən işğalı dövründə İran üzdə dost kimi görünüb, gizlin düşmənçilik edirdi, indi isə açıq-açıq düşmən mövqeyini ortaya qoyur. Səfirliyimizə qarşı törədilmiş terror hadisəsi son dövrlər İranda dövlət siyasətinə çevrilmiş anti-Azərbaycan mövqeyinin nəticəsi idi. Əminliklə deyə bilərik ki, terror dövləti İranın anti-Azərbaycan siyasətinin nəticəsi ağır olacaq”.
Bu fikirləri Moderator.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.
Deputat bildirib ki, törədilmiş terror hadisəsinin görüntüləri sübut etdi ki, bu insident məqsədyönlü şəkildə baş vermişdir. Sonrakı proseslər də bunun belə olduğunu təsdiqlədi. Xüsusilə qeyd etməliyik ki, İran televiziya kanallarının terroristdə mikrafon uzadıb, söz haqqı verməsi İranın terror dövləti olduğunun, terroru dəstəklədiyinin, terrorçunu qoruduğunun bariz nümunəsi idi. Şübhəsiz ki, bir ölkənin ərazisində belə bir hadisənin baş verməsi həmin ölkənin dünyada imicinə xələl gətirir və nüfuzunu zədələyir. Bu hadisə onu deməyə əsas verir ki, İranda istənilən bir dövlətin səfirliyinin təhlükəsizliyi şübhə altındadır. Azərbaycana qarşı olan bu insident başqa dövlətlərin də səfirliklərinə qarşı ola bilər. İran belə terror hadisələrini törətməkdə kifayət qədər təcrübəli bir dövlətdir. Nəzərə alsaq ki, qədim dövrlərdən bu günə qədər elçiyə, səfirlik nümayəndəsinə hücum, səfirlik əməkdaşının öldürülməsi istisna hallarda baş verən hadisələrdir.
Millət vəkili Tamam Cəfərova qeyd edib ki, terror hadisəsi baş verən andan etibarən İranın qeyri-səmimi, uydurma açıqlamaları, terroristin silahının SEPAH-da qeydiyyatda olması bu dövlətin terror dövləti olduğunu, terror yuvasına çevrildiyini deməyə əsas verir. Dövlət səviyyəsində baş vermiş bu siyasi terror hadisəsi İranın anti-Azərbaycan siyasətinin açıq təzahürüdür. Terror aktına İran İslam Respublikasının rəhbərləri tərəfindən ciddi əks-səda verilməməsi göstərdi ki, özlərini bizə din qardaşları kimi təqdim edənlər, əslində, dost deyil, əsl düşmənlərdir. Səfirliyimizə silahlı hücum beynəlxalq hüquq normalarının ciddi pozulmasıdır. Əlbəttə, bu bizi təəccübləndirmir. Ona görə ki, başlıca insan hüquq və azadlıqlarının məhdudlaşdırıldığı, öz vətəndaşlarına qarşı xüsusi qəddarlıqla münasibət göstərməkdən çəkinməyən bir dövlətin beynəlxalq hüquq normalarına əməl etməsini gözləmək sadəlövhlük olardı.
Onu da qeyd edək ki, İran anti-Azərbaycan siyasətini Cənubi Azərbaycanda-Xoyda baş verən zəlzələdə zərər çəkmiş azərbaycanlılara qarşı da davam etdirir. Xoyda yaşayan soydaşlarımıza heç bir humanitar yardım göstərməməklə yanaşı, Türkiyənin də yardım təklifini rədd etmişdir. Xoyda əziyyət çəkən soydaşlarımıza Türkiyə tərəfindən edilən yardımdan imtina edən İranın hərəkətləri düşmənçiliyinin, həmçinin, öz xalqına xəyanətin bariz nümunəsidir. Türkiyənin yardım təklifini qəbul etməməklə İran həm Azərbaycana, həm də Türkiyəyə qarşı düşmən mövqeyini bir daha ortaya qoymuşdur. Şübhəsiz ki, Azərbaycana və Türkiyəyə düşmən mövqedə durmaq İrana yaxşı heç nə vəd etmir, bu dövləti faciələrə doğru aparır. İranın ölkəmizə qraşı düşmən mövqeyi ona heç nə qazandırmayacaq, əksinə İran üçün bu terror hadisəsi ölkədə davam edən siyasi böhranın daha da dərinləşməsinə gətirib çıxara bilər. Millət vəkili Tamam Cəfərova belə deyib.