Kiyev şəhər Peçerski rayon məhkəməsi Ukrayna müdafiə nazirinin sabiq müavini, şişirdilmiş qiymətlərlə məhsulların və keyfiyyətsiz sursatların alınmasında əli olmaqda şübhəli bilinən Vyaçeslav Şapovalovu 402,6 milyon qriven girov ödənişi alternativi ilə həbs edib.
“Report” xəbər verir ki, bu barədə “İnterfaks-Ukrayna”ya hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.
“Peçerski Məhkəməsi keçmiş müdafiə naziri müavininin 402 milyon 600 min qriven alternativ girovla 2 ay müddətinə həbs edilməsi barədə qərar çıxarıb”, - agentliyin həmsöhbəti bildirib.
Ukrayna Dövlət Tədqiqat Bürosunun (DTB) əməkdaşları fevralın 1-də şübhələr barədə Ukrayna Silahlı Qüvvələrinin maddi-texniki təminatına cavabdeh olan müdafiə nazirinin bir müddət əvvəl vəzifəsindən azad edilmiş müavininə məlumat veriblər.
“O, şişirdilmiş qiymətlərlə hərbçilər üçün məhsulların tədarükünü, habelə Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün ümumi dəyəri 1 milyard qrivendən çox olan aşağı keyfiyyətli gülləkeçirməz jiletlər, dəbilqələr, geyimlər və digər əşyaların alınmasını həyata keçirib”, - DTB-dən bildirilib.