• Şikayət et

Unudulan məşhurlar - Əfqanıstanda əsgərlərə konsert verən, aşiqi çox olan "Aşıqlar" qrupu

Milli.Az lent.az-a istinadən bir vaxtlar Azərbaycanı özünəməxsus mahnıları ilə təbliğ edən "Aşıqlar" qrupundan xəbər verir. 

Gənc musiqiçi, saksafon ifaçısı olan Elxan Şıxəliyev 1973-cü ilin yayında Polad Bülbüloğlunun məsləhəti ilə "Aşıqlar" qrupunu yaradır. Bu qrupun yaradılmasında məqsəd əfsanəvi "Qaya" qrupunun dağılmasından sonra, Azərbaycan musiqisini dünyada təbliğ etmək idi. Qrup Azərbaycan xalq mahnılarını uğurlu aranjeman edir, dinləyicilərə fərqli tərzdə təqdim edirdi. İlk vaxtlarda mahnıları solo musiqi və caz-rok stilində yazdırıb, sonra eksperimental, milli tərzə yaxın musiqilər bəstələyiblər. 

Dinləyicilərinin əsas hissəsi gənclər olan "Aşıqlar" arada özləri də mahnı bəstələyib, ifa edirdilər. Elə bu səbəbdən qrupa diqqətçəkən olsun deyə, "Aşıqlar" adı verilib. Qrupun üzvləri - Elxan Şıxəliyev özü və Hüseyn Hüseynov saksofonda, Rauf Bünyətov zərb alətində, Eldar Şıxəliyev gitarada, Muxtar Yəhyayev pianoda, Zaur trubada, Yura Zaqarulka trombonda və Albert klavişdə (nəfəsli sintezator) ifa edirdilər. Aşıqlar öz musiqilərində ud, tar və kamançadan da istifadə edirdilər. Elxan Şixəliyev həm də "Ekspriment OK" qrupunda ifa edirdi.

Hətta Elxan Şıxəliyev müsahibələrinin birində "Aşıq o demək deyil ki, yalnız sazda çalmalıdır. Sözün əsl mənası odur ki, aşıq öz xalqının musiqisinə aşiqdir. Özü yazıb, çalıb-oxuyan hər musiqiçi aşıq ola bilər. Mən həmçinin, Azərbaycan xalq mahnılarını elə aranjeman edirdim ki, xalq mahnısı öz stilini dəyişirdi, lakin şirinliyini itirmirdi", - o bildirib.

Musiqidə yenicə addımlarını atan qrup 2 ay müddətinə həm Polad Bülbüloğlunun konsert proqramını, həm də öz proqramlarını hazırlamağı bacarır.

"Aşıqlar"qastrollara gedir, respublikanın bütün şəhər və rayonlarında konsert proqramları ilə çıxış edir.

"Aşıqlar" 1973-cü ildə Bayılda yerləşən Vladimir İliç Ulyanov adına Mədəniyyət Evində keçirilən festivalda respublikadan 100-ə yaxın qrup arasından birinci yerə layiq görülür. Bu, "Aşıqlar" qrupu adı altında iştirak etdikləri ilk festival olur. Həmin festivalda xalq artisti, bəstəkar Arif Məlikov səhnəyə çıxıb "hələ heç peşəkar qruplar bu səviyyədə çala bilmirlər", - deməsi "Aşıqlar" üçün çox əhəmiyyətli hadisə idi.

1981-ci ildə Polad Bülbüloğlu Azərbaycanı təmsil edəcək azərbaycanlı musiqiçilərdən ibarət qrup yaratmaq üçün o, Elxan Şıxəliyevlə danışıb razılığa gəlir. Yeni yaranan qrup isə artıq "Aşıqlar" dövlət vokal instrumental ansamblı adlanır. 

Qrup o qədər tez uğurlara nail olur ki, 1983-cü ildə Mərkəzi Komsomol Komitəsi onları Əfqanıstana göndərmək qərarına gəlir və ansambl Nisə Qasımova ilə birlikdə Kabula yollanır.

"Aşıqlar" cəbhə xəttinin qaynar nöqtələrində konsert proqramları ilə çıxış edir. Əfqanıstan səfərindən sonra qrupun uğurları daha da artır, onlar bir neçə xarici dövlətdə Azərbaycanı təmsil edirlər. Bundan əlavə, onlar müharibə zamanı əsgərlər üçün gündə 3 dəfə konsert verirdi.

Qrupun rəhbəri Elxan Şıxəliyev müsahibəsində Əfqanıstan səfəri haqqında deyir: "Qunduz vilayətində olarkən biz hətta reanimasiyada konsert vermişdik. Orada minaya düşən üç əsgər yatırdı. Onlardan biri azərbaycanlı, ikisi isə rus idi. Biz onları sevindirmək üçün yarım saatlıq konsert verdik. Onlar, sadəcə qulaq asırdılar. Puli Xumridə təxminən üç və ya dörd gün konsert verdik. Orada bir polkovnik bizə yaxınlaşıb xahiş etdi ki, öz ölkələrinə yola düşən əsgərlər üçün səhər saat 7-də konsert verək və "onlardan kimin ölkələrinə sağ-salamat çatacağı bilinmir", - deyə, vurğuladı. Biz razılaşdıq və Nisə Qasımova ilə birlikdə səhər bir saatlıq konsert verdik. Saat 8-də maşınlar yola çıxdı və marş sədaları altında yola düşdülər. Sərhədə çatana qədər onlar hücumlara məruz qalmışdılar".

"Aşıqlar"ın sonuncu qastrol səfəri isə 1988-ci ildə Monqolustana olub. 1990-cı illərin əvvəllərində Azərbaycanda yaranmış gərgin siyasi vəziyyət "Aşıqlar"a da təsirsiz ötüşmür. Həm maddi səbəbdən, həm Qarabağ müharibəsinin başlanması, həm də Polad Bülbüloğlunun mədəniyyət naziri təyin edilməsindən sonra "Aşıqlar" 1989-cu ildə fəaliyyətini dayandırmağa məcbur olur.

Elxan Şıxəliyev 1997-ci ildə "Aşıqlar" qrupunu yenidən bərpa etmək qərarına gəlsə də, bu, uğursuz alınır. Əvvəlki üzvlər və bir neçə yeni musiqiçi ilə yenidən bərpa olunan qrup 2001-2002-ci illərdə Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edir.

Onların ən populyar ifaları "Aya baxıram aya", "Ay bəri bax", "Qönçə", "Buta", "Sevə-sevə", "Sənin bir təbəssümün" kimi mahnılardır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

13,99%-dən 40 000 AZN-dək zaminsiz, komissiyasız KREDİT
Mənbə:
0
232
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar