(Yaxın dostum, xeyriyyəçi, memar, inşaatçı Məhəddin Feyziyevin xatirəsinə ithaf)
Ürəyində çox arzular cücərdi,
Əməllərin yaxşılıqlar becərdi,
Sənin qəlbin tanrımızdan güc aldı,
Vaxtsız getdin bu dünyadan Məhəddin!
Nə qədər ki, canımda var gur nəfəs,
Xoş xatirən mənim üçün müqəddəs,
Səndən sonra heç bir işə yox həvəs,
Vaxtsız getdin bu dünyadan Məhəddin!
Doğulmuşdun cənnətməkan diyarda,
30 ildi yurdun qalmışdı darda,
Məzarın elində, ruhun da orda,
Vaxtsız getdin bu dünyadan Məhəddin!
Dostlarına güvənc yeri sən idin,
Cavan ikən bir ağsaqqal sən idin,
Mənə görə ustad memar sən idin,
Vaxtsız getdin bu dünyadan Məhəddin!
Sağ əl edər,sol əl bilər, nə etdin,
Çoxlarına yaxşılığı sən etdin,
Qəmli gördün, sən onları şən etdin,
Vaxtsız getdin bu dünyadan Məhəddin!
Şükr,gördün Qarabağda zəfəri,
Füzuliyə çox eylədin səfəri,
Vaxtsız etdin o dünyaya səfəri,
Vaxtsız getdin bu dünyadan Məhəddin!
Zəhmətinlə qazanmışdın hörməti,
Gözün toxdu, sevməyirdin sərvəti,
Gözü yaşlı qoydun Vüqar Əhmədi,
Vaxtsız getdin bu dünyadan Məhəddin!
Vüqar Əhməd
01.10.2021
Analoq.az