Bu fikirləri “vergiler.az”a ABŞ-ın iqtisadiyyat və geosiyasət eksperti, Dünya İqtisadi Forumunun nümayəndəsi Kayl İnan deyib.
Ekspert qeyd edir ki, Azərbaycan Cənub Qaz Dəhlizinin işə düşməsi ilə əlaqədar böyük qaz ixracatçısına çevrilib. Bu, Azərbaycan qazının Avropaya çatdırıldığı geniş infrastruktur layihəsidir. Layihə Azərbaycanın “Şahdəniz” yatağından çıxarılan təbii qazın Gürcüstan, Türkiyə, Yunanıstan və İtaliyadan keçməklə Avropaya nəql olunacağı boru kəmərlərinin tikintisini əhatə edir.
"ABŞ və Azərbaycan enerji sektorunda, xüsusən də təbii qazın ixracı sahəsində əməkdaşlıq edir. ABŞ Cənub Qaz Dəhlizi layihəsini dəstəklədi, çünki bu layihə Avropada enerji təhlükəsizliyini təmin etmək və enerji mənbələrini şaxələndirmək baxımından çox əhəmiyyətlidir. ABŞ Ticarət və İnkişaf Agentliyi, ABŞ Beynəlxalq İnkişaf Agentliyi kimi dövlət qurumları layihəyə maliyyə və texniki yardım göstərib. Chevron, ExxonMobil kimi Amerika şirkətləri Azərbaycanın təbii qaz ehtiyatlarının inkişafına sərmayə qoyublar”, - İnan deyib.
ABŞ Avropanın Rusiya qazından asılılığını azaltmaq və regionda enerji təhlükəsizliyini təmin etmək üçün Cənub Qaz Dəhlizinin inkişafına daim dəstək verib.
Bundan əlavə, ABŞ və Azərbaycan enerji sektorunun digər sahələrində, məsələn, elektrik stansiyalarının tikintisi və bərpa olunan enerji mənbələrinin inkişafı sahəsində də əməkdaşlıq edir. Bu əməkdaşlıq Azərbaycana enerji istehsal potensialını artırmağa və regionun sabit enerji təchizatını təmin etməyə kömək edir”, - deyə ekspert əlavə edib.
Avrasiya İqtisadi İttifaqında (Aİİ) 2022-ci ilin dekabr ayında mal və xidmətlərin istehlak qiymətləri indeksi 2022-ci ilin noyabr ayı ilə müqayisədə 100,8 faiz, 2021-ci ilin dekabr ayı ilə müqayisədə isə 112,9 faiz təşkil edib.
2022-ci ildə qiymətlər ən çox qeyri-ərzaq mallarında artıb - 13,3 faiz. Bu dövrdə ərzaq məhsulları 12,2 faiz, əhaliyə göstərilən pullu xidmətlər 12,9 faiz bahalaşıb. Ərzaq məhsullarının qiymətləri Qazaxıstanda Aİİ-nin orta göstəricisi ilə müqayisədə daha yüksək – 25,3% olub. Bu rəqəm Qırğızıstanda 17,1%, Belarusda 13,8% qeydə alınıb. Qeyri-ərzaq mallarının qiymətlərində ən çox artım Qazaxıstanda (19,4%) və Belarusda (13,7%), pullu xidmətlərin qiymətlərində ən çox artım isə Qazaxıstanda (14,1%) və Rusiyada (13,2%) qeydə alınıb.
"İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri (Ministero dell'Ambiente e della Sicurezza Energetica) cənab Cilberto Piketto Fratin (Gilberto Pichetto) ilə görüşdük. Ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsi imkanları, işğaldan azad edilmiş ərazilərimizdə İtaliya şirkətlərinin fəaliyyəti və qarşılıqlı investisiyaların təşviqi, energetika sahəsində əməkdaşlıq əsas müzakirə mövzuları oldu".
Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
İsveçrənin beynəlxalq miqyaslı kimya şirkəti “SİKA” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) 2022-ci ildə ixrac həcmini 2021-ci illə müqayisədə 457 ton və ya 20 faiz artırıb.
“SİKA”-dan “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına verilən məlumata görə, məhsul çeşidliliyini artırmaqla yanaşı, ölkə və xarici bazarın tələblərini qarşılamaq məqsədilə istehsal sahəsində genişlənmə və ixracat çeşidliliyini artırmaq da planlaşdırılır. Hazırda Özbəkistana məhsul ixrac edən şirkət Gürcüstana da məhsul ixracı üçün danışıqlar aparır.
Xatırladaq ki, “SİKA” MMC Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. Müəssisədə İsveçrə texnologiyası əsasında müxtəlif növ tikinti məhsulları istehsal edilir.
2022-ci ildə Azərbaycan 34 926,66 min dollar dəyərində 724 975,25 ton hazır və ya klinker formasında sement ixrac edib.
"vergiler.az"ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, 2021-ci ilin göstəricisilə müqayisədə dəyər ifadəsində 47,5 faiz, həcm baxımından isə 16,1 faiz çoxdur.
Ötən ilin dekabrında ölkədən 4 195,66 min dollar dəyərində 80 003,86 ton sözügedən məhsul ixrac olunub ki, bu da noyabr ayı ilə müqayisədə dəyər və həcm ifadəsində müvafiq olaraq 15,8 və 16,1 faiz çoxdur.
Qeyd edək ki, 2022-ci ildə sementin ümumi ixracda xüsusi çəkisi 0,09 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 1,15 faizə bərabər olub.
Azərbaycan pambıq istehsalçıları nüvə texnologiyasına əsaslanan yeni, iqlimə uyğun əkinçilik üsullarına keçiblər. "vergiler.az" BMT-yə istinadən xəbər verir ki, təkmilləşdirilmiş torpaq, gübrə və su idarəçiliyi təcrübələrindən, “Super Pambıq” sortundan istifadə etməklə məhsuldarlığı, pambıq keyfiyyətini və mənfəəti iki dəfə artırmaq mümkün olub. Layihə çərçivəsində məhsuldarlıq ildə bir hektara 3 tondan 8 tona çatdırılıb.
Layihə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA), Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə həyata keçirilir. FAO/AEBA-nın Ərzaq və Kənd Təsərrüfatında Nüvə Metodları üzrə Birgə Mərkəzinin torpaqşünası Məhəmməd Zamanın sözlərinə görə, Azərbaycanda ümumi pambıq sahələrinin 105 min hektar olduğunu nəzərə alaraq, hətta iqlimə uyğun əkinçilik üsullarının 10 faiz tətbiqi 31 min tona qarşı 84 min ton pambıq istehsal etməyə imkan yaradacaq.
“Yəni söhbət pambıqçılığın ənənəvi üsullarının nəticələri ilə müqayisədə 166% artımdan gedir. Layihə Azərbaycan iqtisadiyyatının əhəmiyyətli artımına töhfə verə bilər”, - M. Zaman qeyd edib.
“Sosial sığorta haqqında” Qanunda edilmiş son dəyişikliklərdən biri də fərdi baytarlıq xidməti ilə məşğul olan fiziki şəxslərin məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlıdır.
Dəyişikliyə qədər bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən minimum aylıq əməkhaqqının 25 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqının ödənilməsi nəzərdə tutulurdu. Bu fəaliyyətlə məşğul olan sahibkarların sosial öhdəliklərinin yüngülləşdirilməsi məqsədilə “Sosial sığorta haqqında” Qanunda edilmiş dəyişikliklərə əsasən, fərdi baytarlıq xidməti ilə məşğul olan fiziki şəxslər “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almaqla minimum aylıq əməkhaqqının 3 faizi miqdarında məcburi dövlət sosial sığorta haqları ödəyəcəklər. Bu zaman həmin fiziki şəxslər rüblük vahid bəyannamə təqdim etmək öhdəliyindən azaddırlar.
Öz rezidentlərinə verdikləri güzəştlər baxımından dövlət və özəl sənaye məhəllələri arasında heç bir fərq olmayacaq. Bunu “vergiler.az”a İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev deyib.
Onun sözlərinə görə, özəl sənaye məhəllələrində infrastruktura investisiyanı özəl şirkət yatıracaq, operatorluğu özəl şirkət həyata keçirəcək, dövlət qurumları isə müvafiq qanunvericilik çərçivəsində tənzimləyici funksiyaları həyata keçirəcəklər.
Özəl sənaye məhəllələrinin fəaliyyət istiqamətləri regionlardan asılı olacaq: “Bizim iqtisadi rayonlarımızın fəaliyyət istiqamətləri çoxşaxəlidir, aqrar sektor və sənaye üzrə ixtisaslaşmış iqtisadi rayonlarımız var. Ona görə də düşünürəm ki, sənaye məhəllələrinin hansı istiqamətlər üzrə qurulacağını bazar özü tənzimləməlidir və bu, təbii bir proses olmalıdır”.
Azərbaycanın hansı bölgələrində sənaye məhəllələrinin yaradılması imkanlarının mövcud olduğuna gəlincə, E.Nuriyev bununla bağlı məhdudiyyətin olmadığını bildirib: “Hesab edirəm ki, özəl sənaye məhəllələri istənilən bölgədə yaradıla bilər. Yetər ki, sahibkarlıq subyektləri özləri buna maraq göstərsinlər və bunun üçün dövlətə müraciət etsinlər. Amma süni şəkildə sənaye məhəlləsi yaradıb, daha sonra ora üçün sahibkarlar tapmaq lazım deyil. Yalnız sahibkarlar kütləsi formalaşdırıldıqdan sonra sənaye məhəllələri yaradıla bilər”.
E.Nuriyev bildirib ki, hazırkı mərhələdə özəl olaraq yalnız sənaye məhəllələrinin yaradılmasından söhbət gedir. Gələcəkdə özəl sənaye parklarının yaradılması məsələsinə də baxıla bilər.
Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclası və ilk dəfə Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclası keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev iclasda çıxış edib.
“vergiler.az” xəbər verir ki, millət vəkili Vüqar Bayramov iclasın gündəliyi və Azərbaycanın Cənub Qaz Dəhlizi Məşvərət Şurasındakı mövqeyi barədə fikirlərini bölüşüb. Onun sözlərinə görə, Cənub Qaz Dəhlizi nəinki region, bütün Avropa üçün ən vacib təşəbbüslərdən sayılır:
“Etiraf etmək lazımdır ki, Cənub Qaz Dəhlizinin reallaşması Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində mümkün olub. Bu ilki iclas tamamilə fərqli dövrə təsadüf edir. Rusiya-Ukrayna müharibəsinin davam etməsi, Avropada enerji böhranın dərinləşməsi və regionda diversifikasiyanın daha da prioritetləşdiyi dövrdə bu iclas geniş miqyaslı coğrafiyada enerji istiqamətlərinin müəyyənləşdirilməsinə təsir edəcək. Digər tərəfdən, Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu artmaqdadır. Ötən il Azərbaycanın Avropaya qaz ixracı 39 faiz artıb. Bütövlükdə son 2 ildə Azərbaycan Avropa İttifaqına 20 milyard kub metrdən çox qaz ixrac edib”.
Ötən ilin iyul ayında Avropa Komissiyası ilə təchizatı iki dəfə artırmaq üçün Anlaşma Memorandumu imzalandığını xatırladan V.Bayramov bu məqsədlə qarşıdakı dövrdə istismara verilməsi planlaşdırılan “Abşeron”, “Ümid”, “Asiman”, “Şəfəq” və “Babək” kimi qaz yataqlarının işlənməsi üçün yeni sərmayələrin cəlb edilməsinin prioritet olduğunu vurğulayıb: “TAP kəməri vasitəsilə Avropaya ikinci mərhələdə 20 milyard qaz nəql ediləcək. Bütövlükdə, Cənub Qaz Dəhlizinin ötürmə qabiliyyətinin 32 milyard kubmetrə çatdırılması imkanı var. Cənub Qaz Dəhlizi Azərbaycanın regional mövqeyinin daha da möhkəmlənməsinə imkan yaradır. Gələcək illərdə bu layihə region və qitə üçün əhəmiyyətli olmaqda davam edəcək”- deyə millət vəkili qeyd edib.
Cənub Qaz Dəhlizi iki ildən bir az çox vaxt əvvəl istifadəyə verildi. Bu gün biz artıq TANAP-ın 16 milyard kubmetrdən 30 milyard kubmetrə qədər, TAP-ın isə 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər genişləndirilməsi haqqında danışırıq.
Bu fikri Prezident İlham Əliyev fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında deyib.
“Biz, həmçinin alternativ enerji mənbələrindən danışırıq. Bu, əslində bizim enerji təchizatımızın davamlı şaxələndirilməsinin göstəricisidir. Biz buna hazırıq”, – deyə Azərbaycan Prezidenti vurğulayıb.
Dövlət başçısı deyib ki, ötən il vacib bir hadisə oldu və bu, bizim enerji təhlükəsizliyi sahəsində ümumi öhdəliyimizi nümayiş etdirir.
Bu xüsusda ötən il iyulun 18-də Bakıda Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen ilə birgə imzaladıqları “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nun əhəmiyyətini xüsusi vurğulayan dövlətimizin başçısı bildirib: “Bu, əslində, bizim gələcək planlarımız üçün açıq yol xəritəsidir. Biz 2027-ci ilədək Avropaya öz qaz ixracımızı iki dəfə artırmağı planlaşdırmışıq. Bu, mümkündür, çünki bizim resurslarımız, qarşılıqlı siyasi iradəmiz və çox yüksək səviyyədə etimadımız var”.
Fevralın 2-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti arasında Azərbaycan Respublikasında dənizdə və quruda külək, günəş fotovoltaik və yaşıl hidrogen kimi bərpa olunan enerji, həmçinin onlarla əlaqəli digər potensial layihələrin birgə işlənməsinə dair əməkdaşlıq haqqında saziş imzalanıb.
SOCAR-dan bildirilib ki, Azərbaycanda 2030-cu ilə qədər elektrik enerjisi istehsalı gücündə bərpa olunan enerji mənbələrinin payının 30 faizə çatdırılması, həmçinin istixana qazı emissiyalarının 2050-ci ilə qədər 40 faizədək azaldılması hədəflənir. Sözügedən saziş Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsinə töhfə verməklə yanaşı, bu əməkdaşlıq çərçivəsində icra ediləcək potensial layihələr Azərbaycanda istixana qazı emissiyalarının azaldılmasına, bərpa olunan enerji mənbələrinin və ölkənin davamlı iqtisadi inkişafına imkan yaradacaq.
Bərpa olunan enerji sahəsində Səudiyyə Ərəbistanı Krallığının nüfuzlu şirkəti olan “ACWA Power” hazırda Azərbaycanda 240 MVt gücündə külək elektrik stansiyası layihəsini icra edir. Stansiyanın hər il bir milyard kilovat-saat elektrik enerjisi istehsal etməklə, təqribən 220 milyon kub metr qazın qənaət edilməsinə və atmosferə atılan tullantıların ildə 400 000 tondan çox azaldılmasına imkan yaradacağı nəzərdə tutulur.
“Biz bu gün artıq doqquzuncu dəfədir toplaşırıq. Nəzərdən keçirəcəyimiz məsələlər çoxdur - gördüyümüz işləri müzakirə edəcək və gələcək üçün addımlarımızı planlaşdıracağıq.”
Bu fikri Prezident İlham Əliyev fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında deyib.
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 8-ci iclasından sonra xeyli dəyişikliklərin baş verdiyini vurğulayan Azərbaycan Prezidenti qeyd edib: “Dünya dəyişib, enerji təhlükəsizliyi məsələləri hər ölkə üçün daha çox əhəmiyyət kəsb edir”.
Dövlət başçısı vurğulayıb ki, enerji təhlükəsizliyi, həmçinin milli təhlükəsizlik məsələsidir. Biz yeni marşrutların qurulması və yeni resursların cəlb olunması sahəsində işləyirik. İndi görürük ki, bu, heç vaxt olmadığı qədər vacibdir.
“Yaxşı haldır ki, biz hər bir şeyi vaxtında edirik və vaxt itirmədik. Cənub Qaz dəhlizinin icrasında müəyyən yubanmalar oldu. Lakin bütövlükdə biz çalışdıq ki, onu mümkün qədər tez başa çatdıraq. İndi isə biz artıq onun genişləndirilməsi haqqında danışırıq”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Fevralın 3-də Bakıda, "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasları keçirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.
Qeyd edək ki, tədbirlərdə Rumıniya Avropa Komissiyasının, Türkiyə, İtaliya, ABŞ, Böyük Britaniya, Gürcüstan, Macarıstan, Rumıniya, Bolqarıstan, Yunanıstan, Albaniya, Moldova, Monteneqro, Serbiya, Ukrayna və Xorvatiyanın yüksək səviyyəli nümayəndələri iştirak edirlər.
İclaslarda enerji şirkətlərindən SOCAR, BP, BOTAŞ, TANAP, TAP, TPAO, TAQA, Bulgargaz EAD, Bulgartransgaz, İCGB, Fluxys, ROMGAZ SA, SACE, Desfa, TotalEnergies, FGSZ Ltd, SNAM, Uniper, Petronas, ACWA Power, Masdar, Fortescue Future Industries, WindEurope, SolarPower Europe, maliyyə təsisatlarından isə Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı, Asiya İnkişaf Bankı və digər qurumlar təmsil olunur.
Tədbir “Cənub Qaz Dəhlizi və Yaşıl enerji üzrə nazirlər sessiyası”, “Cənub Qaz Dəhlizi: Əlverişli, sabit və təhlükəsiz təbii qaz təchizatının genişləndirilməsi” və “Yaşıl enerji: Xəzər dənizinin külək enerjisinin Avropa enerji bazarlarına çatdırılması” mövzularında plenar sessiyalarla davam edəcək.
Həmçinin Məşvərət Şurası çərçivəsində “Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Hökumətləri arasında imzalanmış yaşıl enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası üzrə Rəhbər Komitənin ilk iclasının keçirilməsi də planlaşdırılır.
Sonda iclasların yekunlarına dair mətbuat konfransı keçiriləcək.
Oğlum həqiqi hərbi xidmətdədir, VÖEN-i bağlatdırmadığına görə vergi borcu yazılmışdır. Onun adına olan VÖEN-i necə bağlatdıra bilərik?
Dövlət Vergi Xidmətindən bildirilib ki, vergi uçotunun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndə (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə fiziki şəxsin uçotda olduğu vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imza (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunun ləğv edilməsi üçün ərizə təqdim oluna bilər.
Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.
Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.
Əsas: Vergi Məcəlləsinin 34-cü maddəsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları".
Biz artıq təbii qazın nəqli məsələsində tərəfdaş olmuşuq və bu da bizim əməkdaşlığımızda mühüm mərhələdir. Lakin, birmənalı olaraq, biz əməkdaşlığımızın daha geniş miqyasını arzu edirik, nəinki enerji, o cümlədən ticari işbirliyimizlə bağlı məsələləri də əhatə etməsini istəyirik.
Bu barədə Prezident İlham Əliyev fevralın 2-də Rumıniya Prezidenti Klaus Yohannis ilə geniş tərkibdə görüşdə çıxışında deyib.
Birgə iqtisadi komissiyanın ötən il görüşdüyünü və bu il görüşəcəyini vurğulayan dövlətimizin başçısı bildirib: “Beləliklə, biz xüsusilə enerji gündəliyimizlə bağlı əməkdaşlıq üçün geniş perspektivləri nəzərə alaraq, komissiyanın işini intensivləşdirəcəyik. Bütün digər sahələrdə ölkələrimiz arasındakı əlaqələr çox yaxşıdır. Əlbəttə ki, enerji layihələri tərəfdaşlığımızı gücləndirəcək”.
“Hər ikimiz tərəfdaşlığımızı daha da gücləndirmək əzmindəyik və daha yaxşı nəticələr əldə etmək istəyirik”, - deyən Rumıniya Prezıdenti Klaus Yohannis vurğulayıb ki, o, azərbaycanlı həmkarı ilə müxtəlif məsələlərlə bağlı fikir mübadiləsi aparıb.
İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının Çin kapitallı rezidenti “Azərbaycan Vanhong Ceramics Co.” MMC-nin Keramik plitələrin istehsalı müəssisəsində metal-konstruksiya və avadanlıqların quraşdırılması işləri yekunlaşmaq üzrədir.
Müəssisənin investisiya dəyəri 68 milyon manatdır. Layihə üzrə indiyədək görülən işlərə artıq 51 milyon manatdan çox sərmayə qoyulub və işlərin 80 faizi tamamlanıb. 400-dək insanın daimi işlə təmin ediləcəyi müəssisədə iki ölçüdə kafel-metlax istehsalı həyata keçiriləcək. İstehsal olunan məhsulların daxili bazarda satışı ilə yanaşı, Rusiya, Gürcüstan, Türkiyə, Qazaxıstan və s. ölkələrə ixracı da planlaşdırılır.
Müəssisənin 2023-cü ilin birinci yarısında fəaliyyətə başlaması nəzərdə tutulur.
Qeyd edək ki, “Azərbaycan Vanhong Ceramics Co.” MMC-yə 2021-ci ilin oktyabr ayında Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib. Sənaye müəssisəsi idxalın əvəzlənməsində və ixrac potensialının genişləndirilməsində əhəmiyyətli rol oynayacaq.
Fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclası və ilk dəfə Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclası keçiriləcək.
Bu mötəbər tədbirdə Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simsonun, Türkiyə, İtaliya, ABŞ, Böyük Britaniya, Gürcüstan, Macarıstan, Rumıniya, Bolqarıstan, Yunanıstan, Albaniya, Moldova, Monteneqro, Serbiya, Ukrayna və Xorvatiyanın yüksək səviyyəli nümayəndələrinin iştirakı nəzərdə tutulur.
İclaslarda enerji şirkətlərindən SOCAR, BP, BOTAŞ, TANAP, TAP, TPAO, TAQA, Bulgargaz EAD, Bulgartransgaz, İCGB, Fluxys, ROMGAZ SA, SACE, Desfa, TotalEnergies, FGSZ Ltd, SNAM, Uniper, Petronas, ACWA Power, Masdar, Fortescue Future Industries, WindEurope, SolarPower Europe, maliyyə təsisatlarından isə Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı, Asiya İnkişaf Bankı və digər qurumlar da təmsil olunacaq.
Toplantı açılış sessiyasından sonra “Cənub Qaz Dəhlizi və Yaşıl enerji üzrə nazirlər sessiyası”, “Cənub Qaz Dəhlizi: Əlverişli, sabit və təhlükəsiz təbii qaz təchizatının genişləndirilməsi” və “Yaşıl enerji: Xəzər dənizinin külək enerjisinin Avropa enerji bazarlarına çatdırılması” mövzularında plenar sessiyalarla davam edəcək.
Həmçinin Məşvərət Şurası çərçivəsində “Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Hökumətləri arasında imzalanmış yaşıl enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası üzrə Rəhbər Komitənin ilk iclasının keçirilməsi də planlaşdırılır.
Tədbirin sonunda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasının yekunlarına dair mətbuat konfransı keçiriləcək.
təbii qaz və yaşıl enerji
Artıq doqquzuncu dəfə təşkil olunan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin iclasınin keçirilməsi, eləcə də bu il daha iki mühüm tədbirin Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasının və yaşıl enerjinin ötürülməsinə dair dördtərəfli Sazişin icrası üzrə Rəhbər Komitənin ilk iclasının da bu il baş tutması Azərbaycanın Avropanın enerji təminatında artan rolunu açıq-şəkildə ortaya qoyur. İqtisadi inkişafını durmadan şaxələndirərək genişləndirən Azərbaycan bununla da Avropanın enerji təhlükəsizliyini təkcə neft-qaz potensialı ilə də deyil, alternativ enerji mənbələri hesabına da təmin etməsi işində əhəmiyyətli addım atıb.
Prezident İlham Əliyevin həyata keçirdiyi yeni enerji siyasətinin bu baxımdan iki əsas komponentini xüsusi vurğulamaq lazımdır. Belə ki, ötən ilin fevralında Rusiya-Ukrayna müharibəsinin başlaması digər sahələrdən fərqli olaraq, enerji təminatı sahəsində vəziyyəti xüsusilə kəskinləşdirdi. Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq etməyə başlayan Avropa özünün enerji təminatı üçün alternativ mənbələrə üz tutdu. Bu istiqamətdə ötən il iyulun 18-də Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin Azərbaycana səfəri çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanması xüsusi əhəmiyyət daşıyır. Həmin sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen imzalayıblar. Xüsusilə vurğulamaq lazımdır ki, artıq həmin sənədin icrasına başlanıb.
Qeyd edək ki, 2021-ci ildə Azərbaycanın Avropa İttifaqı bazarına təbii qaz ixracı 8,2 milyard kubmetr təşkil edirdisə, 2022-ci ildə bu rəqəm 11,3 milyard kubmetr olub. Cari ildə isə onun həcmi ən azı 11,6 milyard kubmetr olacaq. 2023-cü ildə Azərbaycandan ixrac ediləcək təbii qazın ümumi həcmi təxminən 24 milyard kubmetr olacaq. Müqayisə üçün 2021-ci ildə bu rəqəm 19 milyard kubmetr təşkil edirdi. Azərbaycan özünün qaz təchizatının coğrafiyasını Avropa bazarına qədər genişləndirir. Bu, hamı üçün uduşlu vəziyyətdir. Çünki Avropaya öz enerji təhlükəsizliyinin qorunması üçün qaz lazımdır, Azərbaycanın isə özünün nəhəng enerji resursları üçün etibarlı bazara ehtiyacı var.
Dövlətimizin başçısının yeni enerji siyasətinin digər mühüm komponenti isə odur ki, Prezident İlham Əliyev Avropaya digər enerji körpüsünü də salır. Azərbaycan Avropanın mühüm elektrik enerjisi, əsasən, yaşıl enerji təchizatçısına çevrilməyi planlaşdırır. Azərbaycanın nəhəng bərpaolunan enerji potensialı ölkəmizin bu sahədə də həlledici rol oynamasına imkan verir. Azərbaycanın bərpaolunan enerji potensialına gəldikdə, quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir. Azərbaycan strateji investorların biri ilə 2027-ci ilə qədər 3 qiqavat külək və 1 qiqavat günəş enerjisini istehsal etməyi planlaşdırır. Onların 80 faizi ixrac olunacaq. Azərbaycan 2037-ci ilə qədər ən azı 6 qiqavatlıq əlavə gücləri yaratmağı planlaşdırır.
Xüsusi vurğulamaq lazımdır ki, Cənub Qaz Dəhlizi ideyası Azərbaycanın iradəsi və liderliyi sayəsində reallığa çevrilməyə başlayıb. Bu layihənin əhəmiyyətini Prezident İlham Əliyevin Macarıstana rəsmi səfəri zamanı mətbuata bəyanatında aydın görmək olur: “Vaxtilə NABUKKO layihəsi üzərində böyük işlər aparılmışdı. Ancaq maliyyə mənbələri müəyyən edilmədiyi üçün NABUKKO layihəsi icra edilmədi. Buna baxmayaraq, Azərbaycan öz qaz resurslarını Avropa bazarlarına çatdırmaq üçün fəal çalışırdı və nəticə etibarilə iki il bundan əvvəl Cənub Qaz Dəhlizi icra edildi. Bu, çox müasir enerji infrastrukturudur, uzunluğu 3500 kilometrdir və artıq iki ildir ki, Azərbaycan Avropa İttifaqı məkanına öz təbii qaz resurslarını çatdırır”.
Bu nəhəng layihə ilə bağlı ilk sənəd - Azərbaycan ilə Avropa Komissiyası arasında Cənub Qaz Dəhlizi layihəsi üzrə Birgə Bəyannamə 2011-ci ildə imzalanıb. Bu, həmin layihənin icrasının başlanğıc mərhələsi sayılır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü il oktyabrın 29-da imzaladığı Sərəncam ilə “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində Azərbaycanın mənafeyini qorumaq və layihə iştirakçılarına dövlət dəstəyinin təmin edilməsi məqsədilə Dövlət Komissiyası yaradılıb. 2014-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin iyirmi illiyində Səngəçalda Cənub-Şərqi Avropa ölkələrinin dövlət və hökumət başçılarının, nazirlərinin və beynəlxalq şirkətlərin rəhbərlərinin iştirakı ilə “Cənub Qaz Dəhlizi” layihəsinin təməlqoyma mərasimi keçirilib.
Azərbaycan strateji əhəmiyyət daşıyan Cənub Qaz Dəhlizi layihəsinin təşəbbüskarı, səhmdarı və ev sahibinə çevrilib. Bu təşəbbüsə ilk olaraq Türkiyə və Gürcüstan, sonrakı dövrdə İtaliya, Yunanıstan, Bolqarıstan, Albaniya qoşulub. Hazırda yeni və potensial tərəfdaşlar arasında Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro da yer alıb.
Artıq Azərbaycan hasil etdiyi qazı qonşu dövlətlərə ixrac edir və Avropa bazarına ixraca başlamaq üçün yeni kəmərlər tikilib. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri (Cənubi Qafqaz qaz boru kəməri) istifadəyə verilib və “Şahdəniz” yatağının birinci mərhələsi çərçivəsində hasil edilən qaz Gürcüstan, Türkiyə və Yunanıstana ixrac edilməyə başlanıb. 2012-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin (ozamankı) Baş naziri Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə İstanbulda Azərbaycan ilə Türkiyə arasında TANAP (Trans-Anadolu təbii qaz boru kəməri) layihəsinə imza atılıb. 2013-cü ildə “Şahdəniz” konsorsiumu TANAP kəməri ilə daşınacaq Azərbaycan qazının Avropa bazarına çatdırılması üçün Türkiyə sərhədini İtaliyanın cənubuna birləşdirən TAP (Trans-Adriatik təbii qaz boru kəməri) layihəsini seçib və kəmərin tikintisi 2020-ci ildə başa çatdırılıb. Bu layihələr “Şahdəniz” yatağını İtaliyanın cənubuna birləşdirməklə “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşmasına imkan verib.
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşləri 2015-ci ildən başlayaraq hər il keçirilir. 2018-ci il mayın 29-da Səngəçal terminalında rəsmi açılış mərasimi keçirilən Cənub Qaz Dəhlizinin önəmli hissəsi olan TANAP enerji təhlükəsizliyi məsələlərinin həlli üçün əvəzolunmaz infrastruktur layihəsidir. “Cənub Qaz Dəhlizi” layihəsinin əsas elementlərindən biri olan Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi başa çatdıqdan sonra, 2018-ci il iyunun 30-dan “Şahdəniz-2” çərçivəsində Türkiyəyə kommersiya təyinatlı qaz həcmlərinin nəqlinə başlanılıb. 2018-ci il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirilib. 2019-cu il noyabrın 30-da Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP-ın Avropa ilə birləşən hissəsinin rəsmi açılışı olub və bununla da onun tikintisi tamamlanıb. Azərbaycan təbii qazını Avropaya nəql edən TAP kəməri ilə 2020-ci il dekabrın 31-dən etibarən kommersiya təbii qazının nəqlinə başlanılıb. Beləliklə, Azərbaycanın zəngin qaz ehtiyatlarının Türkiyə və Avropa bazarlarına qısa və təhlükəsiz yolla, şaxələndirilmiş formada çatdırılmasına nail olunub.
Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Proqnozlaşdırılan ehtiyatlar isə 3 trilyon kubmetr civarındadır. Yalnız “Ümid” yatağının potensialı 200 milyard kubmetrdən çoxdur. Bu isə qarşıdakı 100 ildə də Azərbaycanın karbohidrogen ehtiyatlarının etibarlı təchizatçısı kimi tanınmasına imkan verir. “Şahdəniz”, “Azəri-Çıraq-Günəşli” layihələrinin operatoru olan BP ilə icrasına başlanan “D 230” bloku və “Şəfəq- Asiman” qaz yatağının işlənilməsi üzərində işlər davam etdirilir. Beləliklə, Azərbaycanın enerji sahəsində məqsədyönlü fəaliyyəti onu regional enerji mərkəzinə və etibarlı tərəfdaşa çevirir. Prezident İlham Əliyev bu barədə bildirib: “Əlbəttə, enerji təhlükəsizliyi məsələləri bugünkü dünyada xüsusi əhəmiyyət daşıyır və hesab edirəm ki, dünya gündəliyinin ön sıralarındadır. Azərbaycanın zəngin neft-qaz resursları imkan verir ki, uzun illər bundan sonra - təbii qazla bağlı ən azı yüz il bundan sonra Avropa üçün etibarlı tərəfdaş olsun. Avropa Komissiyasının rəhbərliyi Azərbaycanı məhz belə də adlandırır: etibarlı tərəfdaş”.
enerji təminatındakı rolunu daha da gücləndirir
Yaxın keçmişdə aşkarlanan böyük yaşıl enerji potensialı da Azərbaycanın bu baxımdan önəmini daha da artırır. Yaşıl enerji ilə bağlı olan və artıq icra olunan layihələr Azərbaycanı Avropa üçün daha da yaxın edəcək.
Bu istiqamətdə artıq ilk ciddi addımların atılmasına başlanılıb. 2022-ci il dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Sazişi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rumıniyanın Baş naziri Nikolae Çuke, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Macarıstanın Baş naziri Viktor Orban imzalayıblar. İmzalanma mərasimində Rumıniya Prezidenti Klaus Yohannis və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen iştirak ediblər. Bu sazişə əsasən, Azərbaycan yaşıl enerjisini Avropaya çatdıracaq.
Sazişə əsasən, elektrik enerjisi kabeli Qara dənizin dibi ilə çəkiləcək və bu, Azərbaycandan olan yaşıl enerjini Avropaya gətirəcək. Bu isə o deməkdir ki, Azərbaycan Avropa qitəsinin enerji təhlükəsizliyini daha dolğun və əhatəli şəkildə təmin edilməsində yaxından iştirak edəcək.
Azərbaycan Avropa İttifaqı ilə enerji dialoqunda yeni mövzular olan yaşıl enerji və yaşıl hidrogen böyük perspektivi olan sahədir və Azərbaycan iqtisadiyyatına çox böyük fayda gətirəcək. Xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan cəmi iki il əvvəl azad edilmiş ərazilərin də potensialından istifadə olunması istiqamətində ciddi addımlar atmağa başlayıb.
BP-nin azad olunmuş Cəbrayılda günəş enerji stansiyasına yatırım etmək qərarı yüksək dəyərləndirilir. 230 meqavatlıq günəş enerji stansiyası azad edilmiş ərazilərdə birinci olacaq. Zəngəzur dəhlizindən, eyni zamanda, elektrik enerjisi ötürüləcək. Məhz bu məqsədlə Cəbrayıl rayonunda böyük qəbuledici və çevirici stansiya tikilir. Yaşıl enerji zonası elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda günəş və külək enerjisinin minimal potensialı 9200 meqavat təşkil edir. Hidroenerji potensialı isə minimal olaraq 600 meqavatdır. Azad edilmiş ərazilərdə 30-dan artıq orta və kiçik həcmli su elektrik stansiyası tikiləcək, onların 5-i artıq istismara verilib.
Azərbaycanın bərpaolunan enerji potensialında Xəzər dənizi xüsusi yer tutur. Çünki Xəzər Şimal dənizindən sonra külək enerjisi potensialına görə ikinci yerdədir. Ehtimal ki, enerji şirkətləri BP kimi addım atacaq və nəhəng külək potensialına malik Kəlbəcərə, Laçına və bəlkə də ölkəmizin ən günəşli yeri olan Cəbrayıla nəzər salacaqlar.
Hazırda Azərbaycanda reallaşan investisiya layihələri (günəş, külək elektrik stansiyası) ölkəyə əlavə 700 meqavatdan çox təmiz yaşıl enerji verəcək. Bununla paralel olaraq, dünyanın iki aparıcı şirkəti ilə imzalanmış niyyət protokolları əsasında Azərbaycanda 22 min meqavata qədər günəş və külək elektrik stansiyalarının tikintisi nəzərdə tutulur.
Beləliklə, Azərbaycanın zəngin enerji resurslarının dünya bazarına çıxarılması istiqamətində Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliyi sayəsində 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” ilə başlayan şərəfli yol bu gün Ulu Öndərimizin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni dövrün və ən müasir texnoloji inkişaf reallıqları nəzərə alınaraq uğurla davam etdirilir. Azərbaycanın nəhəng enerji potensialı ölkəmizin daha neçə onilliklər ərzində də Avropanın enerji təminatında həlledici rol oynamasına imkan yaradacaq.
"Səudiyyə Ərəbistanının ACWA Power şirkətinin sədri Mohammed Abunayyan ilə ölkəmizdə yaşıl enerji konsepsiyası əsasında inkişaf, şirkət tərəfindən Azərbaycanda həyata keçirilən və nəzərdə tutulan layihələr barədə müzakirələr apardıq. İşğaldan azad edilmiş ərazilərimizdə fəaliyyət imkanlarını nəzərdən keçirdik".
İqtisadiyyat naziri Mikayıl Cabbarov bu barədə öz sosial şəbəkə hesabında məlumat verib.
Baş nazir Əli Əsədov “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və ortamüddətli proqnoz göstəricilərinin hazırlanması barədə” sərəncam imzalayıb.
Sərəncama əsasən, Maliyyə Nazirliyi növbəti il üçün dövlət büdcəsinin ilkin layihəsini, həmçinin növbəti il və sonrakı üç il üçün icmal büdcənin proqnozunu və 2024-cü il və sonrakı üç il üçün Ortamüddətli xərclər çərçivəsi (OMXÇ) sənədinin ilkin layihəsini, İqtisadiyyat Nazirliyi isə dövlət investisiya proqramının istiqamətlər üzrə ilkin layihəsini 2023-cü il aprel ayının 5-dək Azərbaycan Respublikasının İqtisadi Şurasına və aprel ayının 15-dək Nazirlər Kabinetinə təqdim etməlidirlər.
Sərəncamın tam mətni ilə Nazirlər Kabinetinin rəsmi səhifəsindən tanış olmaq olar:
https://nk.gov.az/az/document/6734/
ABŞ-ın iqtisadiyyat və böyük geosiyasət eksperti, Dünya İqtisadi Forumunun nümayəndəsi Kayl İnan “vergiler.az”a açıqlama verib.
"ABŞ-Azərbaycan Ticarət Palatası (USACC) qeyri-kommersiya təşkilatıdır və məqsədi iki ölkə arasında ticarəti və investisiyaları təşviq etməkdir. Təşkilat ABŞ və Azərbaycan şirkətləri arasında işgüzar əlaqələrin inkişafı və əlaqələrin qurulması üçün biznes platforması təmin edir. Bu yaxınlarda Amerika İT şirkəti “Hewlett Packard”ın USACC-yə yeni üzv kimi qoşulması bu cür səylərin gözəl nümunəsidir”, - ekspert deyib.
K.İnanın sözlərinə görə, USACC mütəmadi olaraq iki ölkə arasında işgüzar əlaqələrin inkişafı üçün ticarət nümayəndə heyətlərinin səfərlərini, biznes forumları və digər tədbirləri təşkil edir.
Ekspertin fikrincə, mövcud vəziyyəti yaxşılaşdırmaq üçün USACC ilə AmCham Azərbaycan, AZPROMO, Azərbaycan İnvestisiya Şirkəti kimi digər təşkilatlar arasında kommunikasiya və əməkdaşlıq səviyyəsinin artırılması faydalı olardı. Bundan əlavə, ABŞ və Azərbaycan arasında ticarət və investisiyaların təşviqi ilə məşğul olan dövlət-özəl tərəfdaşlıq layihələrinin genişləndirilməsi vacibdir.
“Bura Azərbaycan dövləti və ticarəti təşviq edən digər təşkilatlarla daha sıx işləmək, həmçinin ABŞ biznes dairələrinin Azərbaycandakı ticarət və investisiya imkanları haqqında məlumatlılığının artırılması daxil ola bilər.
Bundan əlavə, ABŞ-nin daha çox şirkətini Azərbaycana investisiya qoymağa təşviq etmək, ölkədə kiçik və orta müəssisələrin böyüməsini dəstəkləmək də iqtisadi əlaqələrin yaxşılaşdırılmasına kömək edəcək”, - K.İnan deyib.
Azərbaycanda iqtisadi siyasətin tərkib hissəsi olaraq innovativ sahələrin inkişaf etdirilməsi məqsədilə görülən tədbirlər, dövlətin həyata keçirdiyi layihələr özəl sektorun inkişafını stimullaşdırır. Bu sahədə dövlət layihələrindən biri də mikro və kiçik sahibkarlıq subyektlərinə "Startap" şəhadətnaməsinin verilməsidir. Bu şəhadətnamə hesabına sahibkarlar bir çox üstünlüklər əldə edirlər. Məsələn, “Startap” şəhadətnaməsi mikro və kiçik sahibkarlıq subyektlərini 3 il ərzində innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən azad etməklə yanaşı, bu dəstəkdən yararlanan sahibkarların ekosistemdə tanınmasına və daha geniş arenada investorların cəlb olunmasına şərait yaradır. Şəhadətnamə sahibkarların xarici bazarlara çıxışını da asanlaşdırır. Bütün bu güzəştlər sahibkarların kiçik və orta biznes subyektlərinin “Startap” şəhadətnaməsinə marağını artırır.
“Startap” şəhadətnaməsi almaqla dövlətin verdiyi üstünlüklərdən istifadə edən sahibkarlıq subyektlərindən biri də “Sakuraz Green Energy” MMC-dir. Şirkət Azərbaycanda ilk dəfə olaraq “BSI” adlanan İsrail texnologiyası ilə batareyaların istifadə müddətinin artırılmasını və onların bərpasını təmin edir.
2022-ci ildən fəaliyyətə başlayan və elə həmin il də “Startap” şəhadətnaməsi alan “Sakuraz Green Energy” MMC-nin direktoru Toğrul Məmmədzadə bildirir ki, sənəd 3 il müddətinə güzəşt nəzərdə tutduğu üçün ondan daha səmərəli faydalanmağı və bu müddət ərzində müvafiq layihədən əldə edilən gəliri layihənin inkişafına yönəltməyi planlaşdırır.
Onun sözlərinə görə, artıq dünyada enerjiyə qənaət üçün batareya ilə işləyən texnologiyalar daha çox üstünlük təşkil edir. Bu isə istifadə müddəti bitmiş batareyaların tullantıya çevrilməsinə gətirib çıxarır. Ekologiyanın qorunması məqsədilə sənaye tullantılarının azaldılması üçün “Sakuraz Green Energy” hazırda telekommunikasiya və sənayedə istifadə edilən ağır batareyaların enerji tutumunu yenidən bərpa edir: “Telekommunikasiya batareyalarının enerji tutumu faizi azalanda onları 3 gün ərzində bərpa edir, 3 gündən sonra sifarişçiyə təhvil veririk. Bu batareyaları yalnız bir dəfə bərpa etmək mümkündür. Ağır batareyalara, məsələn, bağlı anbarlarda istifadə olunan avadanlıqların üzərindəki batareyalara vaxtında düzgün servis xidməti göstərilərsə, onları bir necə dəfə bərpa etmək olar”.
T.Məmmədzadə deyir ki, bu sahə yeni olduğundan Azərbaycanda iş adamları enerji tutumu zəifləmiş batareyaların bərpa edilərək yenidən istifadəsinə ehtiyatla yanaşırlar. Bu isə şirkətin işində bir qədər çətinlik yaradır.
T.Məmmədzadə vurğualayıb ki, hazırda şirkətin telekommunikasiya batareyalarının bərpası üzrə aylıq istehsal gücü 600 ədəddir. Apreldə bu göstəricini 1.200-ə yüksəltmək planlaşdırılıb. Ay ərzində 15 ədəd ağır batareya bərpa edə bilirlər ki, bunun da apreldə 35-ə qaldırılması nəzərdə tutulur.
Hazırda potensiallarının 30 faizini reallaşdıra bildiklərini deyən sahibkar əlavə edir ki, bərpa üçün gətirilən batareyaların tərkibində 12, 24 və daha çox element olur. Onların bir necəsi sıradan çıxdıqda batareyanı yenisi ilə əvəz etmək lazım gəlir: “Amma bəzən bütün elementlər sıradan çıxmış olur. Bu zaman müştərilər yeni batareya almalı olurlar. Biz hazırda müştərilərə yeni batareyalar təqdim etmirik, amma ilin sonuna kimi bu istiqamət üzrə də fəaliyyətə başlamaq istəyirik. Yeni batareyaların istehsalına başlamaq bizim üçün bir qədər tezdir. Buna görə də ilkin mərhələdə batareyaların elementlərini xaricdən gətirəcəyik, digər komponentlər özümüzdə olduğuna görə onları burada özümüz yığacayıq. Bu halda onlar bərpa edilmiş batareya deyil, yeni batareya olacaq. Bu, xaricdən gətirilən yeni batareyalardan qat-qat ucuz başa gələcək”.