• Şikayət et

Yas mərasiminə bənzəyən “müstəqillik günü” - “Miatsum” tam iflasa uğrayıb

Sabiq XİN başçısı: “Qarabağdakı ermənilərinin ümidsizliyi prosesi daha da sürətlənəcək. Çünki hər şey bəllidir, ortadadır”

Ermənistanın və Azərbaycanın Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında olan Qarabağ bölgəsində hələ də qalan erməni terrorçu-separatçılarının ölkəmizə qarşı təxribatları səngimir. İstər siyasi təxribat olsun, istərsə də hərbi təxribat – düşmən hər ikisinə əl atır. Məsələn, sentyabrın ikisində Qarabağdakı terrorçular “müstəqillik günü” keçirdilər. Düzdür, əvvəlki illərə nisbətən bu ilki “tədbir” sönük, yürüşsüz, paradsız baş tutdu. Eyni zamanda, Ermənistandan “Artsax”a “bayram tədbirinə” rəsmi səviyyədə qatılan da olmadı. Ermənistan rəhbərliyi mənasız, əsassız bəyanatlar verməklə kifayətləndilər. “Müstəqillik günü”nün belə sönük keçməsi İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsi, ərazilərinin 80 faizini işğaldan azad etməsi və hər tərəflərində Azərbaycan əsgərlərinin olması ilə izah edilir. “Tədbir” sönük də keçsə, bütün hallarda terrorçular bununla yenidən təxribat etmiş oldular.

Separatçıların hərbi təxribatı isə sentyabrın 3-də baş verdi. Belə ki, həmin gün saat 01:00-dan 02:15-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Şuşa istiqamətində yerləşən bölmələrimizdən birinin mövqeyi intensiv atəşə tutulub. Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Ordusunun hərbi qulluqçularının sayıqlığı və dərhal görülən tədbirlər nəticəsində qarşı tərəf itki verib və susdurulub. Hadisə ilə bağlı Rusiya sülhməramlılarının komandanlığı və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi məlumatlandırılıb.

“Bildiririk ki, bu qəbildən olan təxribata cəhd göstərildiyi hallarda tərəfimizdən Azərbaycan Respublikasının qanunları çərçivəsində adekvat tədbirlərin görülməsi bundan sonra da qəti şəkildə təmin olunacaq”, - deyə Müdafiə Nazirliyinin açıqlamasında vurğulanıb.

Ermənistan tərəfi isə yekun sülh sazişinin imzalanmasından yayınmaq üçün müxtəlif cür təxribata əl atır: Azərbaycanla sərhəddə atəşkəsi pozur, Naxçıvan atəşə tutulur, ölkə rəsmiləri müxtəlif sərsəm bəyanatlar verirlər. Məsələn, Ermənistanın yeni xarici işlər naziri Ararat Mirzoyan Moskvaya səfəri zamanı rusiyalı həmkarı Sergey Lavrovla görüşündə münaqişənin bitmədiyini, uzunmüddətli həll üçün ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqların başlamalı olduğunu söyləri. Baş nazir Nikol Paşinyan da bu səpkili bəyanatlar verməkdədir.

Düşmən tərəfin təxribatları, atdığı addımlar, verdiyi bəyanatlar və Qarabağ ətrafında cərəyan edən proseslərlə bağlı AYNA-nın suallarını sabiq xarici işlər naziri Tofiq Zülfüqarov cavablandırıb. İlk öncə separatçı-terrorçuların Xankəndidə keçirdiyi “müstəqillik günü” təxribatını qiymətləndirən keçmiş nazir deyib ki, bu “tədbir” daha çox yas mərasimini xatırladırdı:

- Qarabağda qalan ermənilər və Ermənistan erməniləri yaxşı başa düşürlər ki, artıq onlar işğal etdiklərini, əllərində olanları itiriblər. Anlayırlar ki, “Miatsum” layihəsi, yəni Azərbaycanın ərazilərinin işğalı, Ermənistana birləşdirilməsi planı tam iflasa uğrayıb. Xankəndidəki əhval, sönük “müstəqillik günü”, baş verənlər onu göstərir ki, ermənilər ümidsizlik içərisindədirlər. Mən deməzdim ki, bu hadisə təkcə İkinci Qarabağ müharibəsinin nəticələri ilə bağlıdır. Yada salmalıyıq ki, Birinci Qarabağ müharibəsindən əvvəl, SSRİ vaxtında Qarabağdakı ermənilərin sayı 127 min idi. İkinci Qarabağ müharibəsindən əvvəl Qarabağda 50-60 min erməni qalmışdı. Axırıncı rəqəmlərə görə isə Qarabağda 20-25 min arası erməni yaşayır. Biz görürük ki, ermənilər burada yaşamaq istəmirlər. Hər zaman ümidsizlik içərisində olublar və zaman-zaman Qarabağı tərk ediblər. Absurd “Miatsum” layihəsi isə İkinci Qarabağ müharibəsindən sonra tamamilə məhv oldu.

Bunlar anlamalıdırlar ki, qalmaq istəyirlərsə, o zaman Azərbaycanın Konstitusiyasını, bayrağını və ümumiyyətlə, dövlətimizi qəbul etməlidirlər. Kim qalmaq istəyirsə, vətəndaşlığı qəbul etsin, Azərbaycan vətəndaşları ilə eyni şəkildə hüququndan istifadə etsin. Yox, kimsə düşünürsə ki, gəlib Qarabağda ikinci erməni dövləti quracaq, təbii ki, bu mümkün ola bilməz. Hesab edirəm ki, Qarabağdakı ermənilərinin ümidsizliyi prosesi daha da sürətlənəcək. Çünki hər şey bəllidir, ortadadır. Azərbaycandan torpaq almaq, Ermənistana birləşmək layihəsi zibilliyə getdi. Bu ideyanın gələcəyi yoxdur, ola da bilməz. Azərbaycan ərazilərini işğaldan azad edib. Suverenliyini tam bərpa edəcək, buna şübhə yeri qalmayıb. Ermənilər bu faktları dərk edirlər.

- Separatçılar Şuşa istiqamətini intensiv atəşə tutublar. Təxribatların sayını çoxaldırlar, hansı ki, Qarabağdakı Rusiya sülhməramlıları da buna göz yumur, görməzdən gəlir. Sizcə, təxribat yönümlü addımların çoxalması nə ilə əlaqədardır?

- Biz hesab etməyək ki, ümidsizlik içərisində olan Qarabağ erməniləri bundan sonra təxribatlar törətməyəcəklər. Proseslər heç də hamar getməyəcək. Təxribatların baş verməsi gözləniləndir. Təxribatlar ermənilərin təlaşından irəli gəlir. Qaldı ki, sülhməramlıların davranışına, bunların fəaliyyəti barədə çoxlu tənqidlər səslənir. Düşünürəm ki, Rusiya sülhməramlıları haqlı olaraq tənqid edilir. Sülhməramlılar inteqrasiya prosesində Azərbaycana dəstək göstərməlidirlər. Əgər belə olmasa, təbii ki, sülhməramlıların Qarabağdakı fəaliyyətinə baxılacaq. Ya məhdudiyyət tətbiq ediləcək, ya da fəaliyyətlərinə son qoymaq lazım gələcək.

Addımlardan biri ondan ibarət olmalıdır ki, Azərbaycan Laçın dəhlizində dövlət qurumlarımızın fəaliyyətini təmin etməlidir. Çünki məntiqlə sülhməramlıların bölgəyə gəlməsində məqsəd oldan ibarətdir ki, onlar təhlükəsizliyi təmin etməlidirlər. Amma dövlətin qanunlarının icrasını dövlətin qurumları icra etməlidir. Ölkəmizə giriş-çıxış prosedurları hər yerdə olduğu kimi Ermənistanla sərhədə, Laçın dəhlizinə də tətbiq olunmalıdır. Orada gediş-gəliş Azərbaycanın qanunları təmin edilməlidir. İlkin mərhələdə proses bəlkə də Rusiya sülhməramlıları ilə müştərək formada həyata keçirilə bilər.

- Ermənistanın yeni XİN başçısı ilə Rusiyanın XİN başçısı arasında Moskvada görüş keçirildi və mətbuat konfransında müəyyən açıqlamalar verildi. Lavrov Ermənistan tərəfinin əsir adlandırdığı şəxslərlə bağlı ilk dəfə idi bildirdi ki, onlar əsir deyil, 10 noyabr Birgə Bəyanatından sonra saxlanılanlardır. Erməni nazir isə Minsk Qrupu üzrə danışıqların bərpasından danışdı. Nazirlərin verdiyi mesajları necə qiymətləndirmək olar?

- Rusiyanın XİN-i, Lavrovun nazirliyi dövründə bu məsələlərdə mənfi rol oynaması barədə çox danışılıb. Məsələn, Lavrov Azərbaycanda saxlanılan erməni terrorçuları ilə bağlı düzgün ifadə seçsə də, Ermənistanın XİN başçısına da Minsk Qrupunun fəaliyyəti barədə müsbət fikirlər söyləməyə, geniş çıxış etməyə münbit şərait yaratdı. Mirzoyanın həmsədrlər barədə fikirlərinə isə reaksiya vermədi. Problem ondadır ki, Rusiyanın bu məsələlərdə ikili mövqeyi, ikili rolu var. Birincisi, İkinci Qarabağ müharibəsindən sonra formalaşmış Rusiya-Türkiyə tandemidir. Bu ikilinin fəallığını biz müşahidə edirik. Tez-tez Rusiya və Türkiyə liderləri təmasda olurlar, Qarabağ məsələsini müzakirə edirlər. Eyni zamanda, Ağdamdakı Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərirlər. Demək olar ki, Türkiyənin proseslərdə rolu artıb. Amma Rusiya digər mövqeyi də saxlamaqdadır – Minsk Qrupunun həmsədri rolu gündəmdədir. Təhlil edəndə biz başa düşürük ki, Rusiya Qarabağ məsələsinə ABŞ və Fransa qoşulsun. Lakin Minsk Qrupu ilə bağlı Ermənistan tərəfindən səsləndirilən bəyanatlara Rəsmi Moskva mənfi reaksiya vermir. Görünür, Minsk Qrupundan Türkiyəyə, Azərbaycana qarşı təzyiq aləti kimi istifadə olunur. Moskvada Lavrovla Mirzoyanın mətbuat konfransı bunu göstərdi. Maraqlı məqam ondan ibarətdir ki, bu mövqeyi nümayiş etdirən bəzi etnik səbəblərə görə ermənilərə yaxınlıq edən Sergey Lavrovdur. Minsk Qrupunu dirçəltmək istəyən ilk növbədə Fransa və Ermənistandır. Bu halda rusiyalı nazirin ikili mövqe sərgiləməsi bir çox suallara cavablar yaradır. Artıq nəsə deməyə ehtiyac qalmır.

Mənbə:
0
2621
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar