Son bir neçə gündə Azərbaycanda koronavirusa yoluxanların və ölənlərin sayında azalmalar müşahidə olunur. Belə ki, aprelin 27-də koronavirus infeksiyasına 1307 yeni yoluxma faktı qeydə alınıb, 2383 nəfər müalicə olunaraq sağalaraq evə buraxılıb. Son sutkada 27 nəfər "COVID-19"dan vəfat edib. Yoluxanların və ölənlərin sayındakı azalma karantin rejimində növbəti yumşalma ehtimalını ortaya çıxarır. Azərbaycanda karantin rejimi yumşaldıla və şənbə-bazar günü ictimai nəqliyyata qoyulan qadağa götürülə bilərmi?
Bununla bağlı danışan deputat Muşfiq Cəfərov bildirib ki, yoluxanların sayındakı azalma sevindirici hal olsa da, azalmaya arxain olub dərhal yumşalmalara getmək düzgün olmaz:
"Yoluxma sayı minimuma düşdükdən sonra yumşalmalarla bağlı qərar qəbul etmək olar. İstənilən halda şənbə-bazar günləri ictimai nəqliyyatın fəaliyyətinə məhdudiyyət qoyulmasının səbəbi insanlar arasındakı ünsiyyəti azaltmaqdır. Çünki şənbə-bazar günləri əsasən insanlar bir-birilərinin evinə qonaq gedir, restoranlarda toplaşırlar. Düzdür, şəxsi avtomobildən və taksidən istifadə edənlər də var. Amma ictimai nəqliyyatın şənbə-bazar işləməməsi kütləvi toplaşmanın qarşısını alır. Hesab edirəm ki, müəyyən vaxt keçməlidir ki, yoluxma gözlənilən saya düşsün və ondan sonra yumşalmalarla bağlı qərarlar qəbul edilsin".