EN

“Rusiyaya güzəştə getsə, Tramp ilk növbədə öz respublikaçıları tərəfindən çox ciddi müqavimətlə üzləşəcək...”

“Ukraynanı öz dövlətinin, xalqının iştirakı olmadan hansısa təslimçi sülhə məcbur etmək mümkünsüzdür. Həm də ona görə qeyri-mümkündür ki, Ukraynanı dəstəkləyən digər ölkələr də var. O cümlədən Avropa ölkələri. Biz bu günlərdə gördük ki, Fransa faktiki olaraq Trampın hakimiyyətə  gəlişinə demarş etdi və bildirdi ki, o...”
 
“Donald Tramp ikinci dəfə prezident seçildikdən sonra onun istər Ukrayna siyasəti ilə bağlı, istər ABŞ-nin daxili siyasəti ilə bağlı çoxlu mülahizələr dolaşmaqdadır.  O cümlədən söz gəzir ki, guya Tramp öz rəqiblərindən qisas almağa başlayacaq. Və doğrudan da o, bu tipli bəyanatlar da verib. “Politiko” nəşri Trampın qisas alacağı adamların siyahısını tutduğunu yazdı və hətta həmin siyahını dərc etdi. Bundan əlavə, Trampın ətrafındakı adamlar Ukraynanın güzəştə getməsi ilə bağlı müəyyən açıqlamalar səsləndirdilər. Sonradan Trampın rəsmi dairələri bunu təkzib etdilər ki, guya həmin açıqlamaları əvvəllər Tramp administrasiyasında çalışmış Lansa adlı şəxs vermişdir və bunun bizə aidiyyatı yoxdur. Daha sonra məlumat yayıldı ki, guya Tramp telefon vasitəsilə Putinlə danışıb. Amma hər iki tərəf bunu təkzib edir.  Bir sözlə,  Birləşmiş Ştatların 2025-ci ilin yanvarından fəaliyyətə başlayacaq prezidenti ətrafında belə söhbətlər çox dolaşır”. 
 
Siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu bu fikirləri Moderator.az əməkdaşının  “Deyirlər ki, Tramp Birləşmiş Ştatları da avtoritar rejimli ölkəyə çevirə bilər, Ukraynanı ərazilərinin işğal olunmuş hissələrini Rusiyaya güzəştə getməyə məcbur edə bilər və s. Bunlar haqda siz nə düşünürsüz?” sualını cavablandırarkən ifadə edib.
 
“Nə olacaq? Bunu söyləmək çətindir. Çünki Tramp barəsində proqnoz veriləcək bir siyasi fiqur deyil. Onun heç bəlkə də özü də planlaşdırmayıb ki, bir saatdan sonra nə edəcək, hansı qərarı verəcək. Amma əlbəttə ki, o, qisasa köklənib. Bunu əvvəlcədən də bəyan edib ki, biz öncə daxili düşmənlərlə mübarizə aparmalıyıq. Hətta lazım olarsa, buna qvardiyanı və Pentaqonu cəlb edə bilərik... Tramp avtoritarizmə meyillidir. Bunu hər kəs bilir.  Amma inanmıram ki, ABŞ-nin nə cəmiyyəti, nə də dövlət sistemi ona dövlətin düzənini dəyişməyə imkan versin. Bu, istisna olunur, tam istisna olunur”,- deyə ekspert davamında  diqqətə çatdırıb. 
 
“Trampın Ukrayna məsələsində Putinə güzəştə gedə biləcəyinə gəldikdə, bunu qeyri-mümkün hesab edirəm. Birincisi, Ukraynanı öz dövlətinin, xalqının iştirakı olmadan hansısa təslimçi sülhə məcbur etmək mümkünsüzdür. Həm də ona görə qeyri-mümkündür ki, Ukraynanı dəstəkləyən digər ölkələr də var. O cümlədən Avropa ölkələri. Biz bu günlərdə gördük ki, Fransa faktiki olaraq Trampın hakimiyyətə  gəlişinə demarş etdi və bildirdi ki, o, Ukraynanın Fransa silahlarını işlətməsi ilə bağlı məhdudiyyətləri aradan qaldırır. Yəni sözüm ondadır ki, artıq Avropa ölkələri Rusiya təhlükəsinin nə olduğunu və bunun onlar üçün hansı təhdidlər yaratdığını gözəl anlayırlar.  Hətta ABŞ Ukraynaya dəstək prosesindən çıxsa belə, Avropanın çıxacağına inanmıram. Digər tərəfdən, Trampın belə birmənalı şəkildə Rusiyaya güzəştə gedəcəyi də inandırıcı deyil. Ona görə ki, bu halda ona Amerika daxilində çox ciddi müqavimət olacaq. İlk növbədə də öz respublikaçıları tərəfindən. Məsələ ondadır ki, respublikaçıların Rusiyaya yönəlik siyasəti ənənəvi olaraq demokratların siyasətindən daha sərt və kəskindir. Belə olan halda  Tramp hansısa güzəştlərə getmək istəsə,  Ukraynanın ərazi bütövlüyü məsələsini, onun torpaqlarını alver predmetinə çevirsə, təbii ki, o ilk növbədə öz düşərgəsinin daxilində müqavimətlə üzləşəcək.  Mən hələ Amerikanın digər dairələrinin, o cümlədən demokratların buna necə reaksiya verəcəyini demirəm.  Demokratlar seçkiləri uduzsalar da, cəmiyyətdə hələ kifayət qədər güclüdürlər.  Yəni bu da var... Və Tramp bu cür addımlar atacağı halda, şübhəsiz ki, o, beynəlxalq partnyorlar tərəfindən də müqavimətlə üzləşəcək”, - deyə ekspert vurğulayıb.
 
Sultan Laçın
 
Chosen
49
50
moderator.az

10Sources