EN

Prezident İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə görüşüb » AzadMedia.az


Noyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) prezidenti Odil Reno-Basso ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Prezident İlham Əliyev və Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Odil Reno-Bassonun iştirakı ilə “Gəncə şəhərində su təchizatı və kanalizasiya sistemlərinin, yağış sularının idarəetmə sisteminin yenidən qurulması və tullantı sularının təmizlənməsi qurğusunun tikintisi üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və Avropa Yenidənqurma və İnkişaf Bankı arasında Anlaşma Memorandumu”nun imzalanması mərasimi oldu.

Görüşdə dövlətimizin başçısı imzalanan Memorandumun əhəmiyyətinə toxundu, bununla da əməkdaşlığımızın gündəliyində çox mühüm bir səhifənin açıldığını dedi və bu sənədin imzalanmasını əməkdaşlığımızda növbəti önəmli mərhələ kimi dəyərləndirdi.

Prezident İlham Əliyev Odil Reno-Bassonun COP29-da iştirakına görə təşəkkürünü bildirdi. Tədbirin əhəmiyyətini vurğulayan dövlətimizin başçısı burada artıq çox səmərəli nəticələrin əldə olunduğunu qeyd etdi.

Qonaqpərvərliyə və yüksək təşkilatçılığa görə minnətdarlığını bildirən Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti COP29-un çox əhəmiyyətli bir tədbir olduğunu dedi. Qonaq imzalanan sənədi əməkdaşlığımızda önəmli hadisə kimi qiymətləndirdi.

Söhbət zamanı Azərbaycanla Avropa Yenidənqurma və İnkişaf Bankı arasında perspektiv layihələr və əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.
Chosen
75
49
azadmedia.az

10Sources