EN

Türkiyə 2050-ci ilədək AES-in gücünü 20 GVt-a çatdıracaq

Türkiyə 2050-ci ilə qədər atom elektrik stansiyasının gücünü 20 GVt-a çatdırmağı planlaşdırır ki, bu da ölkənin atmosferə zərərli emissiyaları sıfra endirmək məqsədlərinə nail olunmasına mühüm töhfə verəcək.

AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının iştirakçıları qarşısında çıxışı zamanı bildirib.

O qeyd edib ki, Bakıda keçirilən COP29 zamanı daha altı ölkə, o cümlədən Türkiyə nüvə istehsalının üç dəfə artırılması haqqında Bəyannaməyə qoşulub.

Nazir xatırladıb ki, bu təşəbbüs ötən il BƏƏ-də keçirilən COP28 sessiyası çərçivəsində ABŞ, Fransa, Yaponiya və Cənubi Koreya da daxil olmaqla 25 ölkə tərəfindən dəstəklənib.

“2050-ci ilə qədər sıfır istixana qazı emissiyası məqsədinə nail olmaq üçün qlobal temperaturun 1,5 dərəcə Selsidən çox artmasının qarşısını almaq vacibdir. Görünür ki, bu məqsədə çatmaqda əsas amil nüvə energetikasının inkişafıdır”, - deyən nazir qeyd edib ki, bu gün dünyanın 31 ölkəsində ümumilikdə 415 atom elektrik stansiyası fəaliyyət göstərir.

A.Bayraktar, ümumi gücü 4,8 GVt olan Akkuyu AES-in bütün reaktorlarının 2028-ci ilin sonunadək işə salınacağını və bunun Türkiyənin elektrik enerjisinə olan tələbatının 10 faizinə qədərini ödəyəcəyini bildirib.

O, nümunə olaraq, COP29-da açıqlanan ABŞ-ın Nüvə Enerjisi Yol Xəritəsinə diqqət çəkib. “Birləşmiş Ştatlar nüvə enerjisi gücünü 200 GVt artırmağı planlaşdırır. Bu məqsədə çatmaq üçün amerikalılar kiçik modul nüvə reaktorlarına arxalanırlar”, - deyə türkiyəli nazir bildirib.

Chosen
84
50
yeniazerbaycan.com

10Sources