EN

Özbəkistandan gələn nümayəndə heyəti DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin qonağı olub

Özbəkistanın “Beynəlxalq İnklüziv HUB”  (“International Inclusive HUB”) beynəlxalq əsaslı peşəkar inklüziv təhsil mərkəzinin direktoru Mədinə Bədəlova DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə tanış olub.
 
Moderator.az xəbər verir ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ölkəmizdə səfərdə olan qonaq Mərkəzin fəaliyyəti və xidmət istiqamətləri barədə məlumatlandırılıb. Mərkəzin direktor vəzifələrini icra edən Elnarə Ənsari bildirib ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi Cənubi Qafqazda ilk və ən böyük bu tipli müəssisə hesab edilir. Açılışı 22 oktyabr 2021-ci ildə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə baş tutan Mərkəzdə həssas əhali qruplarından olan şəxslərə müxtəlif yaradıcılıq istiqamətləri üzrə təlimlərlə yanaşı, sosial pedoqoji və psixoloji dəstək xidmətləri də göstərilir. Tanışlıq zamanı Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan bu inklüziv məkanda həssas kateqoriyalardan olan şəxslərin cəmiyyətə inteqrasiyası məqsədi ilə həyata keçirilən layihələrdən söhbət açılıb.
 
Qonaqlar yaradıcılıq studiyalarında təlim prosesini izləyib, Mərkəz və “DOST Evi” filialında hazırlanan əl işləri, o cümlədən ətraf mühitin mühafizəsi, eləcə də “Yaşıl dünya naminə həmrəylik ili” mövzusunda təlimçi və benefisiarların ərsəyə gətirdikləri sənət nümunələrindən ibarət sərgiyə baxıblar.
 
Mədinə Bədəlova rəhbəri olduğu “Beynəlxalq İnklüziv HUB” tərəfindən davamlı həyata keçirilən ekoloji təşəbbüslər barədə danışıb. HUB-ın eko-fəallarının COP29 tədbirlərində fəal iştirak etdiyini, iqlim dəyişmələri və onun xüsusi qayğıya ehtiyacı olan insanlara təsiri ilə bağlı vacib məqamlara diqqət çəkdiklərini vurğulayıb.
 
Layihə Özbəkistan Respublikasının Prezidenti yanında Milli Sosial Müdafiə Agentliyi, Məktəbəqədər və Ümumi  Təhsil Nazirliyi, Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyi, Məşğulluq və Yoxsulluğun Azaldılması Nazirliyi və “Zamin“ Beynəlxalq İctimai Fondu tərəfindən reallaşdırılır. Bu unikal platformanın gənclərə keyfiyyətli təhsil almaq, istedadlarını üzə çıxarmaq, reabilitasiya və sosial adaptasiya sahəsində bərabər imkanlar yaratmaq məqsədləri diqqətə çatdırılıb.
 
Səfər çərçivəsində sosial cəhətdən həssas əhali qruplarına aid şəxslərin cəmiyyətə adaptasiyası sahəsində görülə biləcək işlər, əməkdaşlıq perspektivləri müzakirə olunub.      
 
Sonda qonaq Mərkəzin xatirə kitabına ürək sözlərini yazıb.                                          
Chosen
43
2
moderator.az

3Sources