EN

"Azərbaycanı ittiham edən dövlətlərin neft hasilatı bizimkindən dəfələrlə çoxdur" - Deputat rəqəmləri AÇIQLADI

Prezident İlham Əliyev BMT-nin Bakıda keçirilən 29-cu sammitində (COP29) Azərbaycanı “neft dövləti” adlandırmağın “ədalətli olmadığını” bildirib və əlavə edib ki, 19-cu əsrdə ölkə dünya neft hasilatının yarıdan çoxunu istehsal etsəydi, bu, “məqbul” ola bilərdi. Azərbaycanı "petrostate" adlandıran və yaşıl iqtisadiyyatı siyasi təzyiq alətinə çevirməyə çalışan dairələrə cənab Prezident İlham Əliyev tutarlı cavab versə də, hələ də bir sıra xarici mətbu orqanlar özfəaliyyətlərini davam etdirirlər. 

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlamasında iqtisadçı deputat Vüqar Bayramov bildirib ki, ölkəmizi "petrostate" adlandıran mətbu orqanların nəşr olunduğu dövlətlərin, demək olar, hamısının neft hasilatı Azərbaycanla müqayisədə dəfələrlə çoxdur:

 

“Azərbaycan uzun müddət Avropa İttifaqının və eləcə də regionun enerji təhlükəsizliyinin formalaşmasına dəstək olub və töhfəsi hələ də davam etdirilir. Rusiya-Ukrayna müharibəsi başlanandan sonra soyuq qış günlərində Avropaya mavi qaz ixracatını artıran da məhz Azərbaycan idi. Neft hasilatının həcminə görə Azərbaycan dünyada sadəcə 25-ci ölkədir və bu siyahıda ilk yerdə ABŞ, daha sonra Rusiya, Səudiyyə Ərəbistanı, Kanada və İraq gəlir. Göründüyü kimi, Azərbaycan neft hasilatının həcminə görə nəinki ilk onluqda, hətta ilk iyirmilikdə belə yer almayıb. Gündəlik 5.0 milyon barel neft hasilatı olan Kanadanın istehsalı cəmi 0.6 milyon barel olan Azərbaycanı "petrostate" adlandırmasının özü də məhz ikili yanaşmanın təzahürüdür”.

 

Millət vəkili qeyd edib ki, mavi qaz hasilatının həcminə görə Azərbaycan dünyada ilk iyirmilikdə yer almır:

 

“Ölkəmizin 23-cü sırada qərarlaşdığı siyahıda yenə də ABŞ birincidir. Kanada isə yenə də ən çox qaz hasil edən dövlətlər arasında ilk beşlikdədir. İllik hasilatı 34 milyard m3 olan ölkəmiz ilə müqayisədə Kanada (188 milyard m3 ) 5.5 dəfə, ABŞ (1.029 tirlyon m3 ) 30 dəfə, Norveç (124 milyard m3 ) 3.7 dəfə çox qaz hasil edir”.

 

V.Bayramov vurğulayıb ki, hazırda Azərbaycanda yaşıl enerjinin ümumi istehlakda payı 17 faizdən çoxdur, 2030-cu ilədək bu göstərici 35 faizədək yüksələcək:

 

“Karbon emissiyası isə 40 faiz azladılacaq. Yeri gəlmişkən, qlobal karbon emissiyasının cəmi 0.1 faizi Azərbaycanın payına düşdüyü halda, bu rəqəm ABŞ-də 12.6 faiz, Hindistanda 7.6 faiz, Avropa İttifaqında 6.4 faiz, Kanadada 1.52 faizdir. Yəqin ki, əlavə rəqəmlərə ehtiyac yoxdur. Reallığa qərəzsiz və açıq gözlə baxmaq lazımdır”.

 

Firuzə Əliyeva
 

Chosen
110
47
sfera.az

10Sources