EN

“Dədə-babalarımız nə yeyibsə, onu yemək daha faydalıdır, nəinki...” — Vegeterianlar üçün restoran açılır?

Azərbaycanda veqan restoranlarının açılması təklif edilib. Beynəlxalq Veqan Assosiasiyasının rəsmisi Elena Qramm bildirib ki, Azərbaycanda sağlam həyat tərzinin təbliğ edilməsi, insanların daha çox bitki əsaslı qida məhsullarına üstünlük verməsi üçün ölkədə yeni veqan restoranları fəaliyyət göstərməlidir. O, “Report”a açıqlamasında deyib ki, veqan qidalanma təkcə heyvanların qorunması üçün deyil, həm də insanların sağlamlığı üçün faydalıdır: “Azərbaycanda veqan restoranlarının fəaliyyətə başlaması həm turizm sektoruna, həm də sağlam qidalanma mədəniyyətinin yayılmasına mühüm töhfə verəcək. Bitki əsaslı qidalar yüksək miqdarda vitamin, mineral və antioksidantlarla zəngindir. Bu da ürək xəstəliklərinin qarşısını almağa, qan təzyiqini normallaşdırmağa kömək edir”, - deyə təşkilatın rəsmisi əlavə edib.
 
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov təklifi Demokrat.az-a açıqlamasında dəyərləndirib və söyləyib ki, Azərbaycanda çox az sayda vegeterian insan var: 

“Vegeterian olmaq istəyən insanların təxminən 50 faizi sonradan ənənəvi həyat tərzinə geri qayıdır. Düşünürəm ki, Azərbaycanda veqan restoranı açılsa da, elə də gəlirli olmayacaq. Azərbaycan istehlakçıları bu cür qidalanmaya hazır deyillər. Vegeterian insanların sağlamlıq vəziyyəti digər insanlardan heç də seçilmir, çox cüzi dəyişiklik baş verir. Vegeterian insanlarda fərqli olan məsələ dünyaya baxışlarıdır. Onların qidalanmağı, həyat tərzi Krişnaya əsaslanır. Onların əksəriyyətinin inancları da, dinləri də dəyişir. Krişna tərəfdarları yemək vasitəsilə öz dinlərini yaymaq istəyirlər. Dədə-babalarımız nə yeyibsə, onu yemək, o cür qidalanmaq daha faydalıdır, nəinki, başqa ölkələrdən gələn qidalanma növü. Mən belə hesab edirəm. Düşünürəm ki, belə restoranları da müəyyən dini sektalar maliyyələşdirə bilər ki, öz inanclarını yaysın. Ancaq 30 faiz insan dini baxışlarını dəyişmədən vegeterian olur, o cümlədən də Azərbaycanda”.

Törə Zeynallı
Demokrat.az
Chosen
51
demokrat.az

1Sources