EN

Bakıda “Karbon qiymətqoyma" mövzusunda panel müzakirəsi keçirilib

Bakıda COP29 çərçivəsində “Karbon qiymətqoyma: mövcud problemlər və yeni strategiyalar” mövzusunda panel müzakirəsi keçirilib.

"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, qurumun təşkil etdiyi tədbirdə karbon emissiyaları ilə mübarizənin effektiv üsulları müzakirə edilib.

Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli panel müzakirəsinin təşkilinin bu sahədə ədalətli yanaşmalar üçün yolların araşdırılması və qlobal əməkdaşlığın təşviqi baxımından əhəmiyyətini qeyd edib, qlobal iqlim dəyişikliyi ilə mübarizənin ən təsirli alətlərindən biri kimi karbon qiymətqoymanın istixana qazı emissiyalarının azaldılması məqsədilə iqtisadi aktorları hərəkətə gətirən və dayanıqlı inkişafı təşviq edən mühüm bir vasitə olduğunu bildirib.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) baş katibinin müavini Fabrisiya Lapekorellanın moderatorluğu ilə paneldə qlobal istiləşməyə, iqlim dəyişikliyinə və karbon emissiyalarına səbəb olan ən fundamental amillər barədə müzakirələr aparılıb. Panel müzakirəsinin əsas mövzusu karbon qiymətləri sahəsində hazırda qlobal miqyasda mövcud olan alətləri nəzərdən keçirmək, cari çağırışları və problemləri müəyyən etmək və bununla da universal həll yollarını araşdırmağa yönəlmiş yeni strategiyalar yaratmaq olub. Bildirilib ki, yanacağa əsaslanan enerji mənbələrinin hasilatı, emalı və istifadəsinin iqlimə mənfi təsirlərini azaltmaq üçün qlobal miqyasda daha effektiv yanaşmalar və yeni texnoloji həllər hazırlanır. Zaman keçdikcə onlar iqtisadi strategiyaların hədəflərinə daxil edilir.

Müzakirələrdə OECD-nin Vergi siyasəti və statistika şöbəsinin rəhbəri Kurt Van Dender, Harvard Universitetinin təmsilçisi İlay Sandler, “Ernst & Young” şirkətinin təmsilçisi Kasia Klaçinska Lyuis, Beynəlxalq Valyuta Fondunun (BVF) İqlim siyasəti şöbəsinin rəhbəri Dora Benedek, Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva aktiv iştirak ediblər.

Əsas müzakirələr karbon qiymətləri alətlərinin icmalı, ölkələr daxilində və beynəlxalq səviyyədə bu cür siyasətlərin əsas təsirləri, Sərhəddə Karbon Tənzimlənməsi Mexanizmi (CBAM), effektiv karbon qiymətlərinin müəyyənləşdirilməsi üçün beynəlxalq əməkdaşlıq məsələlərini əhatə edib. Karbon qiymətlərinin müəyyən edilməsi mexanizmlərinin tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb, karbon vergisindən istifadə strategiyaları və bu vergi növünün innovasiyalara təsiri imkanları ilə bağlı interaktiv müzakirələr keçirilib.

Chosen
79
6
report.az

7Sources