EN

Ruben Amorim: “MY-nin baş məşqçisi olduğum üçün qürurluyam”

“Mançester Yunayted”in yeni baş məşqçisi Ruben Amorim vəzifəsinin icrasına başladıqdan sonra doğan duyğuları haqda təəssüratını paylaşıb.

Arena.az jurnalist Ben Jeykobsa istinadən, portuqal mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Mançester Yunayted”in baş məşqçisi olmaqdan çox qürur duyuram. Burada olmaq heyrətamizdir. Mən çox həyəcanlıyam və tamamilə rahatam. Olmalı olduğum yerdə olduğumu hiss edirəm. Bax, duyğum budur”, deyə 39 yaşlı mütəxəssis bildirib.

Vurğulayaq ki, Amorim Avropanın ən perspektivli çalışdırıcılarından biri hesab edilir. “Sportinq”də Amorim Portuqaliya nəhəngləri “Benfika” və “Portu”ya divan tutan rəqabətəqadir kollektiv təsis edə bilib. Məhz bu amil “Mançester Yunayted”in Ruben Amorimi “qırmızı şeytanlar”a yeni baş məşqçi seçməsində əsas olub.

Noyabrın 11-də portuqal mütəxəssis “qırmızı şeytanlar”ın sükanı arxasında rəsmən fəaliyyətinə başlayıb.

Ruben Amorim məşqçiliyə 2018/2019-cu illər mövsümündə “Kaza Piya” klubunda başlayıb. Bundan sonra gənc portuqal mütəxəssis “Braqa”nın “B” komandasını, ardınca isə əsas komandasını çalışdırıb. 2020-ci ilin mart ayında isə Amorim “Sportinq”in sükanı arxasına keçib. Portuqal mütəxəssisin Lissabon klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvə idi.

Amorim rəhbərliyi müddətində “şirlər”ə 2 dəfə Portuqaliya Premyer Liqasını (2020/2021, 2023/2024), 2 dəfə Portuqlaiya Liqa Kuboku (2020/2021, 2021/2022) və Portuqaliya Super Kubokunu (2021/2022) qazandırıb. Həmçinin Amorim “Braqa” ilə Portuqaliya Liqa Kubokunun (2019/2020) qalibi olub.

Qeyd edək ki, 11 turdan sonra “Mançester Yunayted” Premyer Liqanın yarış cədvəlində 15 xalla 13-cü pillədə qərarlaşıb.

Chosen
85
7
arena.az

10Sources